SİYASƏT
AZƏRBAYCAN MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ 90 İLLİK YUBİLEY MEDALI TƏSİS EDİLƏCƏK
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov iclasın gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
Əvvəlcə, deputatlar “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” Milli Məclisin qərar layihəsinə baxmışlar. Bildirilmişdir ki, 2003-cü ildə Milli Məclisin qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinin kontingentinə İraqda sülhyaratma əməliyyatlarında iştiraka icazə verilmişdir. İraqda olan Azərbaycan hərbi kontingentinin 5 illik mandat müddəti başa çatdığına görə geri çağırılır.
Sonra iclasda “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Z.Əsgərov 2005-ci il sentyabrın 5-də Nyu-Yorkda imzalanmış Konvensiyanın əhəmiyyətindən danışmış, uzun illər erməni terrorizmindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan üçün konvensiyanın faydalı olacağını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan bu Konvensiyaya xüsusi qeyd-şərtlə qoşulur.
İclasda “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” qanun layihəsi də müzakirə olunmuşdur.
Sonda hər üç sənədin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.