ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda “SABAH” qruplarının təqdimatı olmuşdur
Bakı 6 iyun (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “SABAH” qruplarının təqdimatı olmuşdur.
AMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Təhsil Nazirliyinin elm və ali təhsil şöbəsinin tələbələrə dəstək və mübadilə proqramları sektorunun böyük məsləhətçisi Nərgiz Qaraxanova “SABAH” qrupları haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, “SABAH” qruplarına tələbələrin qəbulu Qaydaları” “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq hazırlanmışdır. Bu qaydalar “SABAH” qruplarına tələbələrin seçilməsi ilə bağlı müsabiqənin keçirilməsini tənzimləyir.
Qeyd olunmuşdur ki, “SABAH” qrupları sürətlə inkişaf edən iqtisadiyyat və yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyac, ali təhsil sahəsində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi, mövcud proqramların təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması, Azərbaycan gəncləri üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək məqsədilə nəzərdə tutulmuşdur.
N.Qaraxanova “SABAH” qruplarının Azərbaycanda 33 ali təhsil müəssisəsini, səkkiz ixtisas qrupundan beşini, 148 ixtisasdan 52-sini və ümumilikdə, birinci kursda təhsil alan 20 minədək tələbəni əhatə etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, 33 ali təhsil müəssisəsinin hər hansı birində müvafiq ixtisaslar üzrə təhsil alan və “SABAH” qrupuna qəbul olan birinci kurs tələbələri növbəti tədris ilindən təhsilini müvafiq olaraq seçdikləri ali təhsil müəssisələrində davam etdirə biləcəklər.
Tədris prosesinə yerli və əcnəbi müəllimlərin, eyni zamanda, mütəmadi olaraq qonaq qismində mühazirəçilərin cəlb olunacağı, beynəlxalq layihələr, konfranslar, tədqiqatlar üçün imkanlar yaradılacağı, tələbə klublarının fəaliyyət göstərəcəyi və əmək bazarı ilə daimi əlaqənin olacağı vurğulanmışdır. Bu qrupda oxuyan tələbələrin hamısı “SABAH” təqaüdü alacaq, aztəminatlı tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.
Qeyd olunmuşdur ki, müəyyən edilmiş ixtisasların birinci kursunu müvəffəqiyyətlə bitirmək və birinci kurs müddətində tələbənin aldığı qiymətlərin orta göstəricisinin 61-dən aşağı olmaması namizədlərin qarşısında minimal tələblər kimi irəli sürülür. Göstərilən şərtlərə uyğun gələn və elektron qeydiyyatdan keçən tələbələr məntiq, xarici dil imtahanına və daha sonra müsahibəyə dəvət olunacaqlar. Ən yüksək nəticə göstərən namizədlər “SABAH” qruplarına qəbul ediləcəklər. Bu qruplara qəbul olunmaq üçün iyunun 12-dək www.sabah.edu.az saytında qeydiyyatdan keçmək lazımdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.