ELM VƏ TƏHSİL
Azərbaycan Müəllimlər İnstitutunda təhsildə fəlakət riskinin azaldılması üzrə ixtisasartırma təlimlərinə başlanıb
Bakı, 9 iyun, AZƏRTAC
Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in “Azərbaycan Respublikasının təhsil müəssisələrinin və icmaların fəlakət riskinə davamlılığının artırılması” layihəsi üzrə 2015-ci il üçün fəaliyyət planına əsasən Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) ixtisasartırma təlimlərinə başlanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbdə təlimlərin səmərəli keçirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Təlimlər institutun əməkdaşı Nazir Məmmədov tərəfindən aparılır.
Təlimlər zamanı mühazirələrlə yanaşı, bəzi praktik məşğələlərin keçirilməsi və müdavimlərə fərdi mühafizə vasitələrindən, o cümlədən əleyhqaz və respirator, bədəni mühafizə etmək üçün kostyum və kombinezonlardan istifadə qaydalarını öyrətmək nəzərdə tutulub. Həmçinin təlimlər institutun Şəki və Ağcabədi filiallarında keçirilib.
İnstitutda və təlim keçirilən filiallarda mülki müdafiə mərkəzləri yaradılıb, mərkəzlər təlim prosesi üçün gərəkli olan avadanlıqlarla, mülki müdafiəyə dair plakat və əyani vəsait, kompyuter, proyektor, dərs vəsaitləri və digər materiallarla təchiz edilib.