ELM VƏ TƏHSİL
Azərbaycan nümayəndə heyəti Rusiya (sovet) ali məktəblərinin xarici məzunlarının III Ümumdünya forumunun işində iştirak edir
Moskva, 28 noyabr (AZƏRTAC). İttifaqlar evinin Sütunlu salonunda Rusiya (sovet) ali məktəblərinin xarici məzunlarının III Ümumdünya forumu açılmışdır. Forum Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin dəstəyi ilə Rusiyanın Təhsil və Elm Nazirliyi tərəfindən təşkil olunmuşdur. Foruma müxtəlif ölkələrdən Rusiya və sovet ali məktəbləri məzunlarının milli assosiasiyalarının və birliklərinin 800 nəfərdən çox nümayəndəsi toplaşmışdır. Azərbaycan Respublikasından forumun işində Rusiyanın müxtəlif ali məktəblərinin məzunlarından ibarət nümayəndə heyəti iştirak edir. Rusiya (sovet) ali məktəb məzunları assosiasiyasının sədri Üzeyir Əliyev başçılıq etdiyi nümayəndə heyətinə ali məktəblərin məzunları Faina Axundova, Nailə Əliyeva, Bəxtiyar Həsənov, Vüqar İsgəndərov, Səbuhi Quliyev daxildirlər.
Forumun açılışında Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov, Rusiya Prezidentinin köməkçisi Andrey Fursenko çıxış edərək bu tədbirin böyük əhəmiyyətindən danışmışlar.
Forumun keçirilməsindən məqsəd xarici məzunların milli birlikləri ilə əməkdaşlığı istər dövlət, istərsə də qeyri-hökumət səviyyələrində xarici siyasət üzrə fəaliyyətin prioritet istiqamətləri dairəsinə daxil etmək üçün lazımi şəraitin yaradılması, Rusiyanın maarifləndirici dövlət imicinin qorunub saxlanması, xarici tələbələrin Rusiya ali məktəblərinə cəlb edilməsi, Rusiya və sovet ali məktəblərini bitirmiş məzunlar arasında əlaqələrin möhkəmləndirilməsi, Rusiya ilə əlaqə saxlanmasında məzunlara kömək göstərilməsi, elmi-texniki və işgüzar əməkdaşlıq tədbirlərində onların iştirakının genişləndirilməsi və rus dilinin inkişaf etdirilməsi sahəsində onların fəaliyyətinə kömək göstərilməsidir.
Qeyd etmək lazımdır ki, xarici məzunların I Ümumdünya forumu 2003-cü ildə keçirilmişdir. 2007-ci ildə keçirilmiş ikinci forumda isə 110-dan çox ölkənin nümayəndələri iştirak etmişlər.
Forumun işində Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova iştirak edir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva