SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Tehran, 15 dekabr (AZƏRTAC). Dekabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana bir günlük səfəri başa çatmışdır. Səfər İranın xarici işlər naziri Mənuçehr Möttəkinin dəvəti ilə həyata keçirilmişdir.
Prezident Mahmud Əhmədinejad, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri Mənuçehr Möttəki və İranın Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Səid Cəlili ilə keçirilən görüşlərdə Azərbaycanla İran arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.
Səfərin yekunu ilə bağlı nazirlər yerli və xarici jurnalistlər üçün keçirdikləri mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.
Qarşılıqlı səfərlərin İran-Azərbaycan münasibətlərinin inkişafında mühüm amil olduğunu vurğulayan Mənuçehr Möttəki bildirmişdir ki, ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir. Tərəflər ölkələrimiz üçün əhəmiyyətli olan bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışlar. Ticarət döriyyəsinin artırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə dəmir yolu şəbəkələrinin birləşdirilməsi, Azərbaycandan qaz alınması və digər məsələlər müzakirə mövzusu olmuşdur.
Dəvətə, səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Elmar Məmmədyarov demişdir ki, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Enerji daşıyıcılarının dünya bazarına çatdırılması sahəsində çoxşaxəliliyin təmin edilməsi, Tehranda və İranın digər şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran