REGİONLAR
Azərbaycan Ombudsmanı İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti ilə birgə Ağdamda faktaraşdırıcı missiya həyata keçirib FOTO
Ağdam, 17 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərimizə səfər edib, faktaraşdırıcı missiya həyata keçirib. Faktaraşdırıcı missiya Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları ilə birgə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faktaraşdırıcı səfərin əsas məqsədi işğaldan azad edilən Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.
Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirilib. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda, şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərlə bağlı yerində araşdırma aparılıb.
Müvəkkil və İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Ağdamda minalanmış əraziyə də baxış keçiriblər. Qonaqlara mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlığına yaratdığı ciddi təhlükə, eyni zamanda, mina qurbanları ilə bağlı məlumat verilib.