İQTİSADİYYAT
Azərbaycan Ordusunun ərazilərimizi erməni işğalından azad etməsi iqtisadi inkişaf üçün yeni perspektivlər açır
Azərbaycan Ordusunun ərazilərimizi erməni işğalından azad etməsi iqtisadi inkişaf üçün yeni perspektivlər açır.
Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması İran ilə sərhədimizdə normal gömrük-keçid məntəqəsinin qurulmasına şərait yaradıb.
Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək dövlətlər arasındakı münasibətlərin inkişafına nail olublar. Məhz bu iradənin nəticəsidir ki, regionda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi əhəmiyyətli iqtisadi layihə həyata keçirilir. Bu layihəyə əsasən körfəz və Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə yüklər Azərbaycan ərazisindən keçməklə daşınacaq. Bu layihə İran ilə Azərbaycanın regionlarının da inkişafına təkan verəcək.
Zəngilan rayonu ilə İranın sərhədyanı bölgələri yalnız ticarət yox, mədəni əlaqələr də qura bilərlər. Azərbaycan ilə İranın sərhədyanı rayonlarının əlaqələr quraraq ikitərəfli faydalı əməkdaşlıq təcrübəsi var. İran ilə sərhəddə 4 keçid məntəqəsi var. Bu məntəqələrin ətrafındakı rayonların qarşılıqlı ticarət əlaqələri mövcuddur ki, bu da həmin regionda yaşayanların sosial vəziyyətinin yüksəlməsinə səbəb olub.
Artıq İran tərəfindən sərhəd rayonumuzun işğaldan azad edilməsinə ilk rəsmi münasibət bildirilib. Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi Azərbaycanın İran ilə sərhəd rayonlarının işğaldan azad olunduğu gün sosial şəbəkə vasitəsilə bəyan edib ki, İran ilə Azərbaycanın sərhədi dostluq, qardaşlıq və təhlükəsizlik sərhədi olaraq qalacaq.
İranda sosial şəbəkələrdə aparılan müzakirələr və yazılan şərhlər onu deməyə əsas verir ki, Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə fəaliyyət göstərən iş adamları da azad olunan rayonlar ilə normal sərhəd-keçid məntəqəsinin olmasını arzulayırlar ki, ticarət əlaqələri qura bilsinlər. Astara, Biləsuvar, Culfa rayonlarında olduğu kimi, Zəngilan və Cəbrayıl rayonları ilə də əlaqələr yaratsınlar.
Azərbaycan ilə İranın sərhəd rayonları arasında ticarət əlaqələrinin qurulması təcrübəsi mövcuddur. Hələ 1992-ci ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri oldu vaxtda Azərbaycanın Şahtaxtı və İranın Qaraziyəddin kəndləri arasında müştərək bazar yaradılmışdır. İran rəsmiləri ilə Naxçıvanda keçirilən görüşdə Heydər Əliyev bu məsələni qaldırdı və böyük məmnuniyyətlə qarşılandı. Az keçməmiş bazar yaradıldı və hər iki tərəfin əhalisi bu bazardan faydalandı. O dövrdən başlayaraq iki qonşu ölkə arasında ticarət əlaqələri inkişaf edərək bu günkü yüksək səviyyəsinə çatdı.
30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan ermənilər burada nəinki daşı üstünə daş qoymayıblar, əksinə, qoyulan daşları da dağıdıblar. Artıq İran ilə sərhəd rayonlarımız azad edilib. Şübhəsiz ki, Cəbrayıl və Zəngilan rayonları abadlaşacaq, tikilib, qurulacaq və iranlılar da abad regionla qonşu olacaqlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran