İQTİSADİYYAT
Azərbaycan-Polşa biznes forumu hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığı üçün əlverişli imkanlar açır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 5-dən 12-dək Azərbaycanın hökumət qurumları və özəl şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Polşada səfərdə olmuşdur.
Ölkəmizin Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı İqtisadiyyat Nazirliyi, İnformasiya və Xarici İnvestisiyalar Agentliyində bir sıra görüşlər keçirmiş, Azərbaycan-Polşa biznes forumunda iştirak etmişdir.
Səfir Həsən Həsənov hər iki tərəfdən çoxsaylı iş adamının qatıldığı biznes-forumda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi siyasət nəticəsində respublikamızın gündən-günə inkişaf etdiyini bildirmiş və yaradılan əlverişli investisiya mühiti barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, biznes forum hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığı üçün əlverişli imkanlar açır.
Azərbaycan şirkətlərinin təqdimatlarından sonra iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.
Nümayəndə heyətinin Polşaya səfəri çərçivəsində, həmçinin müvafiq strukturlar arasında görüşlər keçirilmiş, gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılmışdır.