RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ, ABŞ-AZƏRBAYCAN BİRGƏ İQTİSADİ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ HƏMSƏDRİ DƏNİYEL SULLİVANIN RƏHBƏRLİK ETDİYI NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Prezident sarayında ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə müavini, ABŞ-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Dəniyel Sullivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dəniyel Sullivan ölkəmizə səfərin əsas məqsədinin ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun Birgə İqtisadi Əməkdaşlıq Komissiyasına çevrilməsi barədə hökumətlərarası sazişin imzalanması olduğunu vurğuladı. O, son illərdə, xüsusilə Prezident İlham Əliyevin ABŞ-a səfərindən ötən müddətdə iqtisadi əlaqələrin sürətlə inkişaf etməsinin belə bir Komissiyanın yaradılmasını zəruri etdiyini bildirdi. Qonaq iqtisadi əlaqələrin tez bir zamanda belə səviyyəyə çatdırılmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı bu səfərin Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi. Ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini qaldırmaq üçün hər iki tərəfin maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da uğurla inkişaf etməsinin önəmli olduğunu vurğuladı. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı ABŞ şirkətlərinin ölkəmizlə əməkdaşlığından məmnunluğunu söylədi.
Dəniyel Sullivan ölkəsinin Azərbaycan ilə qeyri-neft sektorunda da fəal əməkdaşlıq etməkdə maraqlı olduğunu və rəhbərlik etdiyi nümayəndə heyətinin əsasən ABŞ-ın qeyri-energetika sahəsini təmsil etmələrini bu marağın bariz nümunəsi olduğunu bildirdi. Qonaq dedi ki, nümayəndə heyətinə ABŞ-ın mühüm dövlət orqanları və nazirliklərinin nümayəndələrinin daxil olması ABŞ-ın Azərbaycan ilə iqtisadi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə önəm verməsinin göstəricisidir.