RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN KEMBRİC ENERJİ TƏDQİQAT ASSOSİASİYASININ SƏDRİ DENİEL YERGİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Prezident sarayında ABŞ-ın Kembric Enerji Tədqiqat Assosiasiyasının sədri Deniel Yerginin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Deniel Yergin ilə bu ilin əvvəlində Davosda keçirdiyi görüşü xatırladı. Son illər ərzində Azərbaycanda siyasi, iqtisadi və digər sahələrdə böyük inkişafın olduğunu qeyd edən Prezident İlham Əliyev bu səfərin ölkəmizlə daha yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini söylədi.
Deniel Yergin Azərbaycana ilk dəfə səfər etdiyini və bundan dərin məmnunluq hissi keçirdiyini dedi. O, Azərbaycanın rolunun dünyada getdikcə artdığını vurğuladı. Səfəri çərçivəsində dünyanın ən nəhəng neft terminallarından olan Səngəçal terminalına baş çəkdiyini deyən qonaq Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsinin başlanğıc məntəqəsini görməyin dərin təəssürat doğurduğunu bildirdi.