RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ MÜDAFİƏ NAZİRİNİN BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ ÜZRƏ MÜAVİNİ PİTER RODMANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Prezident sarayında ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Piter Rodman bildirdi ki, Bakıya səfərin məqsədi ölkələrimiz arasında təhlükəsizlik məsələlərinə dair diaoluqu, tərəfdaşlığı daha da genişləndirməkdir. O dedi: “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü Birləşmiş Ştatların strateji maraq dairəsindədir, biz sizinlə mövcud olan tərəfdaşlığı yüksək qiymətləndiririk və Azərbaycanla etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq”.
Dövlətimizin başçısı ölkələrimiz arasında təhlükəsizlik, antiterror əməliyyatları və digər sahələrdə uğurla inkişaf edən tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirdi. O, Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin çox yaxşı tarixi olduğunu xatırladaraq, bunun gələcəkdə də inkişaf etdiriləcəyinə ümidvar olduğunu söylədi. Prezident İlham Əliyev dedi: “Biz enerji təhlükəsizliyinin müxtəlif aspektləri, regional əməkdaşlıq məsələləri üzərində işləyirik. Bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir”.