Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasında iştirak edib VİDEO

Bakı, 4 may, AZƏRTAC 

Mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak ediblər.

Asiya İnkişaf Bankının 48-ci illik toplantısının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin may ayında Manilada bankın Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul edilib. Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı anlaşma memorandumu” imzalanıb. Elə həmin il mayın 22-də Prezident İlham Əliyev Baş nazirin birinci müavininin sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə müvafiq Sərəncam imzalayıb. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı kimi mühüm bir tədbir Cənubi Qafqaz regionunda ilk dəfə məhz respublikamızda keçirilir. Bu nüfuzlu toplantıya üzv ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər, ekspertlər, gənc mütəxəssislər, ümumilikdə 3000-dək nümayəndə qatılıb. Toplantı çərçivəsində keçirilən silsilə tədbirləri ölkəmizin kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın 200-dək media orqanı geniş işıqlandırır.

Tədbirdən əvvəl Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçıları xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao görüşüb söhbət etdilər.

X X X

Tədbirin aparıcısı dedi:

-Zati aliləri.

Xanımlar və cənablar.

Sizləri Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci toplantısında salamlayıram. Səxavətli ev sahiblərinə təşəkkürümüzü çatdırır və belə bir əzəmətli binada tədbirin keçirilməsinə şərait yaradıldığına görə minnətdarlığımızı bildiririk.

X X X

Dövlətimizin başçısı açılış sessiyasında nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli prezident Nakao.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə sizi Azərbaycanda salamlayıram. Bizim üçün böyük qürur və şərəfdir ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısına ev sahibliyi edirik. Bu toplantı yeni inşa edilmiş və açılışını bir həftə öncə etdiyimiz Bakı Konqres Mərkəzində baş tutur. Bu, Bakının ən iri tədbir yeridir və onun inşasına bir il öncə başlanılmışdır. Yəni, tikintinin sürəti Azərbaycanın inkişaf sürətinə bərabərdir. Əminəm ki, Asiya İnkişaf Bankının köməyi ilə bizim ölkə daha da böyük nailiyyətlər əldə edəcəkdir.

Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu ildə qoşulmuşdur. O vaxtdan bəri bizim çox səmərəli əməkdaşlığımız olmuşdur və biz Asiya İnkişaf Bankının iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış standartlarının yaxşılaşdırılmasında xalqımızın səylərinin davamlı dəstəklənməsinə görə Asiya İnkişaf Bankına təşəkkürümüzü bildiririk. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir, çünki Azərbaycanda hələ də islahatların aparılması, infrastrukturun təkmilləşdirilməsi və iqtisadiyyatımızın real sektorunda sərmayələrin qoyuluşu sahəsində görüləcək işlər çoxdur.

Bu günədək Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1.5 milyard dollar məbləğində vəsait ayrılmışdır və dediyim kimi, xalqımız bu layihələrdən bəhrələnmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət etmişdir.

Qonaqların əksəriyyəti ilk dəfədir ki, buraya səfər edirlər. Əminəm ki, bu, Azərbaycanı yaxından tanımaq üçün gözəl fürsət olacaqdır. Çünki Azərbaycan müstəqil ölkə kimi dünya xəritəsində 23 ildən bir az artıq müddətdir ki, mövcuddur. Azərbaycan öz qədim tarixi, mədəniyyəti və ənənələrinə görə məşhurdur və əminəm ki, qonaqlarımız tarixi yerlərimizi ziyarət edəcək, Azərbaycan, xalqımızın ənənələri, keçmişimiz və bu günümüz haqqında daha dolğun məlumat əldə edəcəklər.

Azərbaycanın coğrafi yerləşməsi birmənalı olaraq bizim bir ölkə kimi inkişafımıza təsir etmişdir. Şərq və Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olmuşdur. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olmuşdur. Biz tariximizlə, multikultural tariximizlə fəxr edirik. Biz Azərbaycanın müasir və tolerant ölkə kimi inkişafına qəti olaraq sadiqik ki, burada bütün millətlərin və dinlərin nümayəndələri sülh şəraitində və ləyaqətli şəkildə yaşasın.

Bir neçə il öncə yaradılmış Beynəlxalq Multikulturalizm Mərkəzi bizim daha da təhlükəsiz dünya, insanların özlərini daha qorunmuş hiss etdikləri, irqi ayrı-seçkilik, dini nifrət olmayan dünya naminə müsbət meyillərin inkişafına verilən töhfəmizdir.

Bizim səylərimiz nəticəsində Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Mədəni müxtəliflik bizim ölkənin ən böyük sərvətlərindəndir. Bu gün biz fəxr edirik ki, burada müxtəlif ölkələrdən olan çoxsaylı qonaqlar var. Əminəm ki, bizim qarşılıqlı etimad, hörmət və marağa əsaslanan əməkdaşlığımız uğurla davam edəcəkdir.

Müstəqil ölkə olaraq Azərbaycan Sovet İttifaqının süqutu nəticəsində yaranmışdır. Ancaq XX əsrin əvvəlində Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan 2 il müstəqil olmuş və müsəlman dünyasının ilk demokratik respublikası məhz 1918-ci ildə Azərbaycanda yaranmışdır. Lakin müstəqillik işğal nəticəsində əlimizdən alındı və biz 70 il ərzində müstəqillikdən məhrum edildik. Yalnız 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi.

O, həm çətin, həm də böyük gözləntilərin olduğu illər idi. Çünki biz ölkəmizin güclü iqtisadiyyatını yaratmalı idik. Təəssüflər olsun ki, o zaman Azərbaycan çətin vəziyyətdə idi. Daxili gərginlik, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və iqtisadi çətinliklər bizim üçün ən böyük çağırışlar idi. Iqtisadiyyatımız yalnız durğunluq deyil, tənəzzül içərisində idi, inflyasiya 1000 faizdən artıq idi, siyasi və iqtisadi inkişaf perspektivləri o qədər də aydın deyildi.

1990-cı illərin ortalarında başlanmış siyasi və iqtisadi islahatlar o çətinliklərin öhdəsindən gəlmək imkanı yaratdı, bugünkü Azərbaycanı müasir, demokratik və çox yaxşı perspektivlərə malik olan dövlət kimi inkişaf etdirməyə imkan verdi.

Biz siyasi və iqtisadi islahatların reallaşdırılmasına başladıq və eyni zamanda, iki mühüm məsələ qarşısında qaldıq. Birincisi, dövlət quruculuğu idi. Çünki bizim ondan əvvəl dövlətimiz yox idi. İkincisi isə siyasi və iqtisadi sistemin transformasiyası idi. Siyasi sistem Sovet İttifaqından mövcud olan sistem idi, iqtisadiyyat isə planlı iqtisadiyyat prinsiplərinə əsaslanırdı.

O zaman bazar iqtisadiyyatı mövcud deyildi. Yəni, qarşımızda olan çağırışlar bunlar idi - dövlət quruculuğu prosesi, siyasi sistemin və iqtisadiyyatın transformasiyası. Mən düşünürəm ki, olduqca qısa zamanda, - 23 ildən bir qədər artıq müddət ərzində, - 1990-ci illərin ortalarından bu günədək biz mühüm irəliləyişə nail olmuşuq.

Azərbaycan özünün demokratik inkişafına sadiqdir. Azərbaycanda bütün azadlıqlar tam təmin edilir - siyasi fəaliyyət azadlığı, media azadlığı, toplaşma azadlığı, dini azadlıqlar. Bizdə azad internet var. İnternet istifadəçilərinin sayı gündən-günə artır və bu gün bu rəqəm 70 faizə çatır. Hökumətimiz fəal şəkildə müasir texnologiyalar, İKT sahəsinə sərmayə qoyur. Biz bu gün genişzolaqlı interneti Azərbaycanın hər bir kəndinə çəkirik.

Bu, bizim niyyətlərimizin göstəricisidir. Biz aydın şəkildə dərk etdik ki, siyasi transformasiya, müasir idarəçilik sistemi olmasa uğura nail ola bilmərik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılmışdır. Biz xarici sərmayələrin cəlb edilməsi siyasətinə başladıq. Çünki bizim maliyyə resurslarımız yox idi və beləliklə XX əsrin sonunda Azərbaycan bir daha neft və qaza görə məşhur olan ölkəyə çevrildi.

Qeyd etmək istərdim ki, dünyada ilk neft XIX əsrin ikinci yarısında Azərbaycanda - Bakıda hasil edilib. Dənizdəki yataqlardan da ilk neft Xəzər dənizinin Azərbaycan sektorunda XX əsrin ortalarında hasil olunub. Beləliklə, neft sənayesi, ən iri neft və qaz şirkətlərinin sərmayələrinin cəlb edilməsi bizim inkişafımızın təmin edilməsi yolu olmuşdur. Lakin biz hər zaman deyirik ki, bu, bizim yekun hədəfimiz deyil, inkişafımız üçün vasitədir. Biz ehtiyatlarımızdan istifadə yolu ilə ölkəmizi transformasiya edərək müasirləşdirməli, xalqımız üçün daha yaxşı şərait yaratmalıyıq.

Bu islahatların həyata keçirilməsi qonşu Ermənistanın bizə hücum etdiyi vaxta təsadüf edirdi. Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Həmin təcavüz nəticəsində Azərbaycanın ərazisinin 20 faizə yaxın hissəsi işğal altındadır. Bir milyon qaçqın və məcburi köçkün Ermənistanın təcavüzündən əziyyət çəkir. Əhaliyə qarşı etnik təmizləmə siyasəti aparılmış, Ermənistan ordusu və separatçı qüvvələr Azərbaycanda etnik təmizləmə və soyqırımı törətmişlər. Təəssüflər olsun ki, 20 ildir danışıqlar aparılır, lakin heç bir nəticə yoxdur. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu, XXI əsrdə qətiyyən qəbuledilməzdir ki, bir dövlət digərinin ayrılmaz və qanuni hissəsini işğal edir və buna görə cəzalandırılmır.

Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil. Məsələn, bizim halda dünyanın ən mötəbər beynəlxalq təsisatı olan BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılmasını tələb edir. Lakin bu qətnamələr 20 ildən artıqdır ki, tətbiq olunmur.

Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüququn pozulmasıdır. Bu, bir daha nümayiş etdirir ki, beynəlxalq hüquq siyasi preferensiyalara malik olan və dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən selektiv şəkildə tətbiq olunur. Biz, eyni zamanda, humanitar fəlakətlə üzləşmişdik. Dünyada adambaşına düşən ən çox sayda qaçqın məhz Azərbaycanda idi - 9,6 milyon əhalinin bir milyonu.

Biz bu insanların qayğısına qalmalı, iqtisadiyyatımızı inkişaf etdirməli və sərmayə cəlb etməli idik. Lakin bizim sabitliyə və sülhə ehtiyacımız var idi.

Hazırda biz Ermənistanla atəşkəs şəraitindəyik. Biz münaqişənin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə çalışırıq. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. O, zorla, istənilən dövlətin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz.

Bu səbəbdən dünyada bütün münaqişələr eyni prinsiplə istisnasız olaraq - beynəlxalq hüquq və ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz bu vəziyyətdə inkişaf etməli idik. Biz anladıq ki, yalnız güclü olduğumuz təqdirdə məqsədlərimizə nail ola bilərik.

Siyasi və iqtisadi inkişaf, sərmayə bütün məsələlərdə bizə planlarımıza nail olmağa imkan verdi. Azərbaycanın xarici siyasətinə gəldikdə, o, çox fəaldır. Siyasətimiz daha çox dostların əldə edilməsinə yönəlib. O, açıq siyasətdir. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvüdür. Müxtəlif beynəlxalq təsisatların üzvüdür. Məsələn, biz Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Bir neçə il öncə biz Qoşulmama Hərəkatının üzvü olduq.

Bizim dünyada olduqca müsbət imicimiz var. Bir neçə il öncə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etimad göstərir və bizim lehimizə səs verir. Bu, bizim ən böyük siyasi və diplomatik nailiyyətimiz idi.

Biz bununla fəxr edirik. Təhlükəsizlik Şurasında biz bəyan etdiyimiz kimi, ədalət və beynəlxalq hüququ müdafiə etdik. Biz dərk etdik ki, taleyimiz və gələcəyimiz öz əlimizdədir. Beləliklə, bizim hədəfimiz özünü təmin edən iqtisadiyyat, dayanıqlı iqtisadiyyat yaratmaq idi. Biz buna nail olunmasının yollarını axtarırdıq və əlbəttə, enerji amili ən açıq-aydın olan idi və investorların diqqətini ən cəlb edən sahə oldu.

Bununla da, 1994-cü ildə Azərbaycan enerji strategiyasını başladı və nəticədə hökumətimiz, xarici şirkətlər və qonşularımız arasında çox fəal və geniş əməkdaşlıq yarandı. Bizim nəhəng neft-qaz ehtiyatlarımız olsa da, sərmayəyə ehtiyacımız var idi və həmin sərvətlərin dünya bazarına nəqli üçün vasitə lazım idi. Biz dünya okeanlarına çıxışı olmayan qapalı ölkəyik və bu səbəbdən boru kəmərləri inşa etməli idik. Bu gün enerji strategiyamıza və sadiqliyimizə əsasən, biz tarixdə ilk dəfə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə xam neft kəmərləri vasitəsilə birləşdirdik. Bu, regionun enerji xəritəsinin dəyişdirilməsində ilk addım idi.

Neft və qaz sahəsinə sərmayələrin cəlb edilməsi yerli şirkətlərimizə təmaslar qurmaq və təcrübə əldə etmək imkanı verdi. Bu, bizə gənc nəslə təlim keçmək və yeni nəsil azərbaycanlılar hazırlamağa imkan verdi ki, onlar iri beynəlxalq enerji şirkətlərində çalışmaq təcrübəsinə malik olsunlar.

Biz 1990-cı illərin sonunda nəhəng qaz ehtiyatlarını kəşf etdikdə, bu, o zaman bizim üçün böyük çağırış, həm də böyük fürsət idi. Bu gün biz bilirik ki, enerji təhlükəsizliyi təbii qaz ehtiyatları ilə bağlıdır. Bu baxımdan Azərbaycanın regionda rolu çox vacibdir. Çünki biz bu prosesdə aparıcı ölkə idik. Biz “Cənub” qaz dəhlizinin tikintisinin təşəbbüskarı olduq. Bu gün o, regionun və Avropanın 10 dövlətini birləşdirir, inşaat işləri artıq başlamışdır.

Bu, hazırda Avropada reallaşdırılan ən iri infrastruktur layihəsidir. “Cənub” qaz dəhlizinin inşası və bizim qaz yataqlarımızın istismarını nəzərdə tutan bu layihənin dəyəri 45 milyard dollara bərabərdir. Azərbaycan bu prosesdə aparıcı qüvvədir. Bu gün dünyanın müxtəlif yerlərində istehlakçıların Azərbaycan qazına ehtiyacı var. Yəni, bu gün, əlbəttə, enerji siyasəti ölkəmizin geosiyasi əhəmiyyətini və imkanlarını artırır. Biz neft ixracından mənfəət əldə etməyə başlamışıq. Üç-dörd ildən sonra “Cənub” qaz dəhlizi layihəsi başa çatanda Azərbaycan bir neçə onillik, mən deyərdim, yüz il ərzində region və Avropa istehlakçıları üçün ən mühüm təbii qaz təminatçısından biri olacaq. Əlbəttə, bizim geosiyasi əhəmiyyətimiz və nüfuzumuz artacaq. Təbii ki, hər bir ölkə kimi, biz də regional məsələlərdə daha çox imkanlar əldə etmək istəyirik.

Bizim bütün siyasətlərimiz regional əməkdaşlığa yönəlir. Biz hər zaman qarşılıqlı faydalı vəziyyət yaratmağa çalışırıq. Məsələn, enerji sahəsində istehsalçı, tranzit və istehlakçı dövlətlər arasında, yalnız belə olan halda layihələr uğurlu ola bilər. Eyni zamanda, biz heç vaxt enerji resurslarımızı təzyiq aləti və ya əsaslandırılmamış üstünlük, yaxud mənfəət əldə edilməsi üçün istifadə etməmişik. Əksinə, biz hər zaman tərəfdaşlarımızı, tranzit və istehlakçı ölkələri dəstəkləyirik. Bununla da vahid məqsəd ətrafında ölkələr ailəsi yaranır ki, bu məqsəd hər birimiz üçün faydalı olan layihənin reallaşdırılmasıdır.

Hazırda Azərbaycanın enerji siyasəti regionumuzda getdikcə daha vacib rol oynayır. Həyata keçirməkdə olduğumuz layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Resursların və mənbələrin şaxələndirilməsi Azərbaycanın bu layihələri nə dərəcədə uğurlu həyata keçirəcəyindən asılıdır. Biz hər zaman demişik ki, iqtisadiyyatımız üçün ən vacib məqam davamlı inkişafdır. Biz həmişə neft və qazdan asılılığımızı azaltmağa çalışırıq və uzun illərdir həyata keçirdiyimiz şaxələndirmə siyasəti gələcək inkişaf üçün yaxşı fürsətlər yaradır.

Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsaq görərik ki, onun 70 faizi qeyri-neft sektorundan ibarətdir. Lakin ixracımıza baxdıqda onun mütləq əksəriyyətinin neft və qazla əlaqəli olduğu bəlli olur. Bu, təbii haldır. Çünki söhbət nəhəng həcmlərdən gedir və bu həcmlər artacaqdır. Çünki bir neçə ildən sonra ixrac edəcəyimiz təbii qaz bizim enerji ixracında bu nisbəti daha da artıracaqdır.

Bu səbəbdən biz sərmayə cəlb etməyə və sərmayə yatırmağa çalışırıq ki, yerli və xarici investorlar üçün qeyri-neft sektorunda yaxşı imkanlar yaransın. Fəxr edirik ki, bizim qeyri-neft sektorumuzun artımı ümumi iqtisadi artımı üstələyir. Bu ilin ilk üç ayında ümumi daxili məhsul 5,3 faiz artdığı halda, qeyri-neft sektorunda 7 faiz artım qeydə alınmışdır.

Təbii ki, neft və qaz istehsal edən ölkə kimi, neftin qiymətinin kəskin dəyişməsi bizdə narahatlıq doğurur. Lakin onu da qeyd etmək istərdim ki, bu, bizim üçün bir növ çağırışdır - daha da səmərəli olaq, büdcəni daha da möhkəmləndirək, zəruri olmayan xərcləri azaldaq və diqqətimizi yaxşı idarəçilik və menecmentə yönəldək.

Qara qızıl adlandırdığımız neftin insan kapitalına çevrilməsi dövlət siyasətimiz olmuşdur və heç zaman bizim iqtisadiyyatımız bugünkü qədər şaxələndirilmiş olmamışdır. Bizim hədəfimiz elə bir dayanıqlı iqtisadiyyat yaratmaqdır ki, burada neft amili başlıca rol oynamasın. O, yalnız maliyyə ehtiyatlarının artırılmasına xidmət etməlidir ki, bizim üçün bu, siyasi və iqtisadi təhlükəsizlik məsələsidir. Bu da öz növbəsində maliyyə bazarlarında hər hansı gözlənilməz hadisədən sığortalanmaq deməkdir.

Ancaq əsas diqqət iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilib. Bilirəm ki, bu günlərdə keçirilən görüş və ya seminarlarda nümayəndələrimiz Azərbaycanın iqtisadi nailiyyətləri haqqında məlumat vermişlər. Bununla belə, sürətli inkişaf illəri olan son 10 il ərzində görülmüş işlərlə bağlı bir neçə rəqəmi xatırlatmaq istərdim. Ümumi daxili məhsul 3 dəfə artmışdır, xarici borcumuz olduqca aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 10 faizini təşkil edir. Biz milyardlarla xarici sərmayə cəlb edə bilmişik, müstəqillik illərində bu rəqəm 200 milyard dollara bərabər olmuşdur. Ötən il ərzində bu rəqəm 27 milyard dollar təşkil etmişdir. Biz görürük ki, bu rəqəm artmaqdadır və ən vacib məsələ ondan ibarətdir ki, bu vəsaitin 70 faizi yerli sərmayədir. Bununla belə, Azərbaycan xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır. Biz 9 milyondan artıq əhaliyə malik olduğumuz ölkədə 1 milyondan artıq iş yeri yaratmağa müvəffəq olmuşuq. Bunun nəticəsində işsizlik çox aşağı səviyyəyə, təqribən 5 faizə enmişdir. Bizim ən böyük nailiyyətimiz isə düşünürəm ki, yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. On-on beş il öncə bu göstərici 50 faizə bərabər idisə, bu gün həmin rəqəm 5 faizdir. Bu, onu nümayiş etdirir ki, Holland sindromuna, iqtisadiyyatın birtərəfli inkişafına düçar olmadıq. Biz qara qızılı insan kapitalına çevirə bildik. Məlumdur ki, enerji sektorunda çoxsaylı iş yerləri yaranmır və heç də hər bir halda o, firavanlığa səbəb olmur, bəzi hallarda cəmiyyətdə təcrid olunma və parçalanmaya səbəb olur. Zənginlər daha da zəngin, yoxsullar isə daha da yoxsul olur. Bu isə sosial problemlər və ədalətsizliklə nəticələnir. Bu səbəbdən bizim əsas hədəfimiz hər bir Azərbaycan vətəndaşının bu inkişafdan faydalanması olmuşdur. Hər bir vətəndaş ümumi inkişafda bunları görür - infrastrukturun yaradılması, yeni məktəblər və xəstəxanaların inşası, yaşayış səviyyəsinin yaxşılaşması, yeni iş yerlərinin açılması.

Beləliklə, işsizliyin və yoxsulluğun azaldılması əsas hədəflərimizdən olmuşdur. Bununla yanaşı, Azərbaycanın regionlarının inkişafı vacib məsələ olmuşdur. Biz regionların inkişafını arzulayırdıq. Bunun üçün 3 dövlət proqramı qəbul edilmişdir ki, onların sayəsində yalnız Bakı sakinləri üçün deyil, regionlarda yaşayan əhali üçün yeni imkanlar yaransın. İnfrastruktura qoyulan sərmayələr məsələsi olduqca vacibdir. Vaxt var idi ki, biz elektrik enerjisini idxal edirdik, bu gün ixrac edirik. Vaxt var idi ki, biz təbii qazı idxal edirdik, indi ixrac edirik.

Asiya İnkişaf Bankının və digər beynəlxalq qurumların köməyi ilə və hazırda dövlət vəsaiti hesabına biz sosial infrastruktura sərmayə yatırırıq. Son 10 ildə 500-dən artıq xəstəxana və tibb ocağı, 3 mindən çox məktəb inşa edilmişdir ki, bu, Azərbaycanın sosial infrastrukturunu tamamilə dəyişmişdir.

Hazırda biz ətraf mühitin qorunması məsələsinə diqqət yetirməliyik. Bakı hər zaman sənaye şəhəri olmuş və neftə görə Azərbaycanın mərkəzinə çevrilmişdir. Neftin kəşfinə qədər Bakı sadəcə, xəritəmizin üzərində olan coğrafi məkan idi. Biz XX əsrin əvvəlində istehsal olunan neftin yarısından çoxunu hasil edirdik.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan Sovet İttifaqının neftinin 70 faizini istehsal edirdi və bu da faşizm üzərində Qələbədə həlledici rol oynamışdı. Ancaq müstəqilliyimizin ilk illərində biz nələrlə üzləşdik? İnflyasiya, durğunluq, neft sənayesinin dağılması və ekoloji fəlakət. Bu səbəbdən 10-15 il öncə Bakıya gəlmiş insanlar indi onu artıq tanıya bilmir. Çünki o zaman şəhər qaranlıq və çirkli idi. Hər yerdə köhnəlmiş sənaye əraziləri var idi. Bu gün artıq Bakı turizm şəhəri, mühüm tədbirlərin keçirildiyi məkandır. Biz ictimai yerlərin yaradılmasına və ətraf mühitlə bağlı məsələlərə böyük sərmayə qoymuşuq. Biz neft gölməçələrinin təmizlənməsinə, Bakı ətrafında və Abşeron yarımadasında çirkli torpaqların bərpa edilməsinə böyük vəsait yatırmalı olduq. Bu, yalnız müstəqil və azad olanda, öz sərvətinin sahibi olanda mümkündür. Azərbaycan müstəqilliyini 1991-ci ildə deyil, 1971-ci ildə bərpa etmiş olsaydı, biz bəlkə də dünyanın ən zəngin dövlətlərindən biri olardıq. Bu, bir reallıqdır, lakin qısa bir zamanda biz itirdiyimizi bərpa etməyə çalışdıq.

Biz aydın başa düşürdük ki, iqtisadi müstəqillik olmadan, siyasi müstəqilliyimiz tam həcmli olmayacaqdı. Enerji təhlükəsizliyi, iqtisadi müstəqillik və öz sərvətimizə güvənməyimiz inkişafımızın aparıcı qüvvəsi olmuşdur. Təbii ki, digər vasitələrdən də istifadə etməyə çalışırıq, xüsusilə də coğrafi mövqeyimizdən. Bu gün Azərbaycan nəqliyyat qovşağına çevrilir. Biz yaxşı coğrafi mövqeyə və infrastruktura malikik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Hazırda biz Xəzər dənizində ən iri dəniz limanı inşa edirik. Onun illik yük qəbuletmə qabiliyyəti 25 milyon tona bərabərdir. Biz 5-i beynəlxalq olmaqla, 7 hava limanı inşa etmişik. Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirəcək dəmir yolu xəttinin tikintisi başa çatmaq üzrədir. Bununla da Avropa və Asiya “Dəmir İpək Yolu” vasitəsilə birləşəcəkdir. Bu yol Azərbaycan ərazisindən keçəcək, nəqliyyat üçün ən qısa və rahat yol olacaqdır. Bu, Avropadan Asiyaya və əks istiqamətdə yüklərin daşınması marşrutu olacaqdır ki, bununla Azərbaycanın geosiyasi əhəmiyyəti artacaq. Bu da əlavə sərmayələrin cəlb edilməsi deməkdir. Bu isə daha yaxşı vəziyyətin yaranması ilə nəticələnəcək.

Bizim planlarımız nədən ibarətdir: müasirləşmə, dövlət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması. Biz “ASAN” adlı yenilik tətbiq etmişik ki, burada bir mərkəzdə bir neçə dəqiqə içərisində əhaliyə 30-dan artıq dövlət xidməti göstərilir. Biz şaxələndirmə siyasətimizi davam etdirəcəyik. İnformasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye Azərbaycanda uğurla inkişaf edir, kənd təsərrüfatı sahəsində böyük potensial var. Düşünürük ki, kənd təsərrüfatı və qeyri-neft sektorunun məhsulları iqtisadiyyatımızın aparıcı qüvvəsi olacaqdır. Biz yeni bazarlar axtarmalı və orada mövqelərimizi gücləndirməliyik. Çünki yaxın gələcəkdə biz əsas kənd təsərrüfatı məhsulları baxımından özümüzü 100 faiz təmin edəcəyik. Bu səbəbdən beynəlxalq bazarlara çıxış əsas məsələ olacaqdır. Nəzərə alsaq ki, əhalimizin 40 faizdən çoxu kənd yerlərində yaşayır, bunun böyük sosial təsiri olacaqdır.

Biz Azərbaycanda makroiqtisadi vəziyyəti yaxından izləyəcəyik. Biz bir neçə ay bundan öncə milli valyutamızı devalvasiya etməli olduq, çünki o, olduqca güclənmişdi. Biz maliyyə islahatını həyata keçirəndə bir manat 1 dollara bərabər idi. Lakin 10 il ərzində manat dollara nisbətdə çox gücləndi ki, bu da qeyri-təbii hal idi. Bütün qonşu dövlətlərdə milli valyuta artıq devalvasiya olunmuşdu və biz də milli valyutamızı 33-34 faiz devalvasiya etdik. Ancaq bütün gündəlik tələbat məhsulları ölkədə istehsal edildiyindən bunun istehlak qiymətlərinə böyük təsir olmadı. Beləliklə, makroiqtisadi sabitlik, aşağı səviyyəli inflyasiya nəzarət altında olacaq. Yəni, elə bir səviyyə ki, ixracatçılarımız sərbəst hərəkət edə bilsin.

Biz maliyyə vəsaitlərinin toplanmasını davam etdirəcəyik. Bu gün həmin vəsaitlər ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bu işlər davam edəcək, eyni zamanda, mühüm sahə olan infrastruktura sərmayə yatırılacaq. Biz özəl sektora aşağı faizli kreditlərin verilməsi nəticəsində bu sahənin stimullaşdırılmasını və iqtisadiyyatın real sektoruna sərmayələrin cəlb olunmasını davam etdirəcəyik.

İqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritet məsələdir və bu, diqqət mərkəzində olacaq. Biz xarici borcumuzu mümkün qədər aşağı səviyyədə saxlamağa çalışacağıq. Bu gün 9-11 faiz göstərici mükəmməl hesab oluna bilər, lakin nəzərə almaq lazımdır ki, buraya diqqət yetirilmədikdə bu rəqəm arta bilər və tədbir görmək üçün artıq gec ola bilər.

Bizim coğrafi və iqlim şəraitimizi nəzərə alsaq görərik ki, 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Gələcək illərdə turizm bizim iqtisadiyyatımızın mühüm sahəsi olacaq və bu cür toplantılar ölkəmiz haqqında real mənzərə və təsəvvür yaradır.

Biz müstəqil olaraq gənc ölkəyik, heç də hər kəs bizi tanımır. Lakin biz siyasi, iqtisadi müstəqillik, azadlıq və tərəqqi yolunun davam etdirilməsinə sadiqik. Mən əminəm ki, Asiya İnkişaf Bankı kimi gözəl tərəfdaşların sayəsində biz bütün məqsədlərimizə nail olacağıq. Çox sağ olun!

X X X

Sonra Asiya İnkişaf Bankının prezidenti Takehiko NAKAO çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident İlham Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar, sabahınız xeyir.

Mən çox şadam ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında sizi salamlayıram.

Xanımlar və cənablar,

Asiya İnkişaf Bankı ilə Azərbaycan artıq 15 ildir ki, tərəfdaşdır. Ötən 15 il ərzində Azərbaycan həqiqətən öz gəlirlərini 4 dəfə artıra və yoxsulluq səviyyəsini ciddi şəkildə azalda bilib. Bu, Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olmaq işinə töhfəsidir. Mən hamımızın adından bizi bu gözəl şəhərə dəvət etdiyinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm.

Asiya İnkişaf Bankının prezidenti rəhbərlik etdiyi qurumun 2014-cü ildə keçdiyi inkişaf yolunu ətraflı xarakterizə etdi. O bildirdi ki, Asiya İnkişaf Bankı ötən illərdə maliyyə imkanlarını xeyli artırıb və layihələrin icrasının keyfiyyəti yaxşılaşdırılıb. Yaxın illərdə Asiya və Sakit Okean regionunda iqtisadi inkişafın artım tempi Avrozona və Yaponiyanın müvafiq göstəricisini üstələyəcək. Takehiko Nakao qeyd etdi ki, Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması istiqamətində tədbirlərini daha da gücləndirir, infrastruktur layihələrinə diqqəti ilbəil artırır.

Bankın təhsil və səhiyyə sahələrinə dəstəyini 2 dəfə artırdığını vurğulayan Takehiko Nakao dedi:

- Azərbaycana baxdıqda biz məktəbləri gözdən keçirərək, millətin tərəqqisinə bələd ola bilərik. Bir çox ölkələr universitetlərə qəbul səviyyəsini təmin etməyə nail oldular. Onlar həmçinin təhsilin keyfiyyətini və səviyyəsini artırmağa müvəffəq oldular. Asiya İnkişaf Bankı keyfiyyətli təhsili təşviq edir. Həmçinin təlimlər vasitəsilə biz bu işin öhdəsindən gəlirik.

Takehiko Nakao bildirdi ki, bank səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və universal səhiyyə sisteminin formalaşdırılması istiqamətində böyük işlər görür. O, Asiya İnkişaf Bankının bərpa olunan enerji mənbələri məsələlərini də xüsusi diqqətdə saxladığını vurğulayaraq bildirdi:

- Biz enerji effektivliyini, bərpa olunan enerji mənbələrinin gücləndirilməsini, davamlı nəqliyyatın və davamlı inkişaf edən komponentləri müəyyənləşdirmişik. Biz ehtiyatlarımızı günəş və digər bərpa olunan enerji mənbələri ilə əlaqədar məsələlərə yönəldəcəyik. Keçən il biz 4 milyard dolları iqlim dəyişikliyinin yumşaldıcı və uyğunlaşdırıcı tədbirlər sahəsində əməliyyatlara yönəltdik. Bir çox əməliyyatlar sahəsində biz yeni investisiya fondu yaratmağa müvəffəq olduq.

Takehiko Nakao bankın ətraf mühit və yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət yetirdiyini qeyd etdi:

- Bakıda biz yaşıl avtobuslar sistemini təşkil etməyə başlamışıq ki, şəhərlərdə artım davamlı olsun və bizim layihə risklərimiz azalsın. Biz əsas investorları bu investisiyalara cəlb etməyə müvəffəq olduq. Bununla da azməsrəfli fəaliyyətlər sayəsində müxtəlif insanları qorumağa müvəffəq olduq. Bir çox maliyyə alətlərini kiçik ada ölkələri və meqaşəhərlər üçün nəzərdə tutmuşuq. Bizim əsas diqqətimiz məhz bu üç sahəyə yönəlmişdir. Gələcəkdə bu, ortamüddətli nəzarət hesabatında öz əksini tapacaq.

Asiya İnkişaf Bankının prezidenti bir sıra yeni qlobal təşəbbüsləri də dəstəklədiklərini diqqətə çatdırdı:

- Biz yeni qlobal təşəbbüslərə imza atmaq istəyirik. Mən istəyirəm ki, Asiya İnkişaf Bankı daha güclü, daha çevik hərəkət edən, daha səmərəli fəaliyyət göstərən qurum olsun. Biz öz imkanlarımızı nəzərə alaraq daha da güclənməliyik. Biz Asiya İnkişaf Bankının əməliyyatlarını 20 milyard dollara çatdırmalıyıq. Bizim yoxsul dövlətlərə dəstəyimiz artıq 70 faizə çatdırılıb. Bu istiqamətdə özəl şirkətlərin əməliyyatları üçün imkanlar var. Həmmaliyyələşməyə gəldikdə isə, bizim sərmayələrimiz 40 milyard dollara çatdırılmalıdır və digər imkanlardan da yararlanmalıyıq. Lakin biz bundan hansı şəkildə yararlanmağı bilməliyik. Biz bir neçə ölkə ilə fəal şəkildə çalışırıq ki, maliyyələşmə sxemlərimizin yaradılması üçün alətləri icad edək. Biz, həmçinin həmmaliyyələşmə imkanlarının artırılmasına çalışırıq. Biz Asiya İnfrastruktur İnvestisiya Bankı ilə sıx əməkdaşlıq edirik. Regionda bu bankın maliyyə ehtiyatlarına ehtiyac vardır. Biz bu imkanları artırmağa çalışırıq. Biz, həmçinin sizin dəstəyinizə arxalana bilərik ki, gələcəkdə maliyyə və kapital ehtiyatlarımızı artıraq. Biz, həmçinin öz ekspertiza xidmətlərimizi gücləndirməliyik. Biz ən sınanmış alətlərdən və uzunmüddətli kredit sxemlərindən bəhrələnməliyik.

Gələcəkdə bankın fəaliyyətinin daha da genişləndirilməsi perspektivlərini ətraflı xarakterizə edən Takehiko Nakao Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladı.

X X X

Sonra ölkəmizin tarixini, mədəniyyətini, malik olduğumuz zəngin dəyərləri özündə ək etdirən maraqlı kompozisiya təqdim olundu. Azərbaycan musiqisinin müşayiəti ilə təqdim olunan kompozisiyada insanlığın yaranışından müasir günümüzə qədər ölkəmizin keçdiyi tarixi mərhələlərə nəzər salındı, Azərbaycanın dünya tarixindəki strateji yeri və qlobal proseslərə təsir imkanları barədə qonaqlara geniş məlumat verildi. Son 10 ildə ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, iqtisadi strategiya barədə məlumatların yer aldığı təqdimatda iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar informasiyaya da geniş yer verildi.

X X X

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının iştirakçılarının şərəfinə ziyafət verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasında iştirak edib VİDEO

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb