RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT PARLAMENT ASSAMBLEYASININ SƏDRİ QORAN LENMARKERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarkerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı qonağı yeni vəzifəyə seçilməsi münasibətilə təbrik etdi, onunla keçirdiyi əvvəlki görüşlərini xatırlatdı. Hazırda regionda vəziyyətin sürətlə dəyişdiyini bildirən Azərbaycan Prezidenti hadisələrin müsbət istiqamətdə inkişaf etdiyini, irimiqyaslı layihələrin həyata keçirilməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı müsbət meyillərlə yanaşı, regionda mövcud olan münaqişələrin ümumi inkişaf prosesinə böyük əngəl törətdiyini də bildirdi.
Prezident İlham Əliyev yeni dəmir yolu layihəsinin icrasına başlanılması münasibətilə Gürcüstanda olduğunu və bu layihənin son dərəcə böyük əhəmiyyət daşıdığını vurğuladı. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu bildirən dövlətimizin başçısı maneələrə baxmayaraq, ölkəmizin iqtisadiyyatının dinamik şəkildə yüksəldiyini və Azərbaycanın artıq güclü enerji təminatçısına çevrildiyini bildirdi.
Qoran Lenmarker Azərbaycanda yüksək iqtisadi inkişafı və eyni zamanda, çox mühüm amil kimi, insanlarda nikbin əhval-ruhiyyəni müşahidə etdiklərini vurğuladı. O, Azərbaycanda təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də inkişafın müşahidə olunduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.