RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.
Çarls Hendri bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.