RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İRAN İSLAM RESPUBLİKASININ SƏNAYE VƏ MƏDƏN NAZİRİ DOKTOR ƏLİRZA TƏHMASEBİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Prezident sarayında İran İslam Respublikasının sənaye və mədən naziri doktor Əlirza Təhmasebinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd etdi. İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşlərini xatırlayan Prezident İlham Əliyev bu görüşlərin əlaqələrimizin genişlənməsində rolunu vurğuladı. Dövlətimizin başçısı İran nazirinin bu səfərinin də ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına ümidvar olduğunu bildirdi.
Doktor Əlirza Təhmasebi İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını Azərbaycanın dövlət başçısına çatdırdı. Qonaq 28 May Respublika günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etdi. O, Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdiyini və İranın daim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev İran Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.