RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT TƏŞKİLATININ BAŞ DİREKTORUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Prezident sarayında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Əbdüləziz əl-Tuveyjrini qəbul etmişdir.
Əbdüləziz əl-Tuveyjri Azərbaycanda keçirilən İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının böyük əhəmiyyəti olduğunu söylədi, təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verdi. O, Azərbaycanın müvafiq nazirlikləri və strukturları ilə sıx əlaqə saxladıqlarını, bu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə keçirilən mötəbər tədbirin əhəmiyyətini vurğulayaraq dedi ki, bu, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Bakıya gələn xeyli sayda rəsmi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olması üçün yaxşı şərait yaradır.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, ölkəmizin müvafiq strukturları ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcəkdir.