RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYA PARLAMENTİ DEPUTATLAR PALATASININ XARİCİ İŞLƏR DAİMİ KOMİSSİYASININ SƏDRİ UMBERTO RANİERİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident sarayında İtaliya Respublikası Parlamenti Deputatlar Palatasının Xarici İşlər daimi komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını müsbət hal kimi dəyərləndirdi. İkitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, İtaliya nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəkdir.
Cənab Umberto Ranieri Azərbaycan-İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq dedi: “İtaliya ticarət sahəsində Azərbaycanın bir nömrəli tərəfdaşıdır, strateji əhəmiyyət daşıyan energetika sahəsində olduğu kimi, əməkdaşlığımızın iqtisadi, mədəni və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Biz eyni zamanda, bir dövlət başçısı kimi Sizin ölkənizdə davamlı demokratik inkişaf, o cümlədən iqtisadi artım, çox gözəçarpan iqtisadi göstəricilər ilə bağlı səylərinizi yüksək qiymətləndiririk”.