RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN BEYNƏLXALQ TİCARƏT NAZİRİNİN MÜAVİNİ, SENATOR MİLOS BUDİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Prezident sarayında İtaliyanın beynəlxalq ticarət nazirinin müavini, senator Milos Budinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, ölkəmizin iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir. Azərbaycanın maliyyə imkanları getdikcə artır, ölkədə geniş investisiya layihələri həyata keçirilir. Azərbaycan uzun müddətdir ki, İtaliya şirkətləri ilə uğurlu əməkdaşlıq edir, indiki mövcud iqtisadi və maliyyə durumu isə əməkdaşlıq üçün daha böyük imkanlar açır.
Senator Milos Budi İtaliya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafda olduğunu bildirdi. O, Azərbaycanın regional və beynəlxalq siyasətdə rolunun getdikcə artdığını xatırladaraq dedi ki, bu, İtaliya şirkətlərinin Azərbaycana olan marağını daha da gücləndirir. Qonaq əmin olduğunu bildirdi ki, İtaliya-Azərbaycan münasibətləri Avropada sabitlik və sülh prosesi çərçivəsində daha da möhkəmlənməkdədir.