RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İTALİYANIN İQTİSADİ İNKİŞAF NAZİRİ PYERLUİCİ BERSANİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Prezident sarayında İtaliyanın iqtisadi inkişaf naziri Pyerluici Bersaninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın da inkişaf etdirilərək, siyasi əlaqələrin səviyyəsinə çatdırılacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı İtaliya şirkətlərinin Azərbaycanda bundan sonra da müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün əlverişli şəraitin olduğunu vurğuladı.
Pyerluici Bersani bütün Azərbaycan xalqı üçün hüznlü gündə İtaliya nümayəndə heyətini qəbul etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, Azərbaycan Prezidentinin 2005-ci ildə İtaliyaya rəsmi səfərini məmnuniyyətlə xatırladı və İtaliya Nazirlər Şurasının sədri Romano Prodinin yenidən bu ölkəyə səfər etməklə bağlı dəvətini dövlətimizin başçısına çatdırdı. Bakıya səfərinin məqsədinin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə kömək etmək olduğunu deyən Pyerluici Bersani İtaliyanın Azərbaycanın Avropaya inteqrasiyasına öz töhfəsini verə biləcəyini vurğuladı.