RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB İCRAİYYƏ KOMİTƏSİNİN SƏDRİ-İCRAÇI KATİBİ SERGEY LEBEDEVİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevi qəbul etmişdir.
Sergey Lebedev seçkilərdə qələbə qazanması münasibətilə dövlətimizin başçısına rəhbərlik etdiyi qurumun və şəxsən özünün səmimi təbriklərini çatdırdı. Bir çox seçki məntəqələrində olduqlarını və seçicilərlə fərdi söhbətlər etdiklərini bildirən qonaq vətəndaşların ölkədəki iqtisadi yüksəlişdən və əhalinin sosial rifahın yaxşılaşdırılmasından böyük razılıq etdiklərini dedi. Sergey Lebedev oktyabrın 15-də seçicilərin məntəqələrə bayram əhval-ruhiyyəsi ilə gəldiklərinin şahidi olduqlarını vurğuladı.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi. Azərbaycanda seçkilərin normal şəraitdə keçməsini siyasi münasibətlərin nümunəsi kimi qiymətləndirən Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən siyasi qüvvələr arasında münasibətlərin yeni, beynəlxalq standartlara cavab verən bir mərhələyə qədəm qoyduğunu dedi. Dövlətimizin başçısı prezident seçkilərinin gedişini ölkədəki inkişaf reallıqlarının və siyasi sabitliyin göstəricisi kimi dəyərləndirdi.
######