RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNUN REKTORU, PROFESSOR ANATOLİ TORKUNOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Prezident sarayında Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, professor Anatoli Torkunovu qəbul etmişdir.
Dövlətimizin başçısı Moskva şəhərində yaşadığı illərin əksər hissəsinin MDBMİ ilə bağlı olduğunu vurğulayaraq bildirdi ki, vaxtilə təhsil aldığım və dərs dediyim ali təhsil ocağının rektorunu qəbul etmək mənim üçün çox xoşdur.
Prezident İlham Əliyev professor Anatoli Torkunovun ölkəmizə səfərinin Azərbaycanın və Rusiyanın xarici işlər nazirlikləri, tədris ocaqları və müxtəlif təşkilatları, respublikamızda yeni yaranmış Diplomatik Akademiya ilə MDBMİ arasında əməkdaşlığın genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.
Budəfəki səfəri zamanı Azərbaycanda çox böyük inkişafın əldə edildiyinin şahidi olduğunu bildirən Anatoli Torkunov insanların çöhrəsində sevinc, fərəh hisslərini görməkdən çox məmnun qaldığını söylədi. Prezident İlham Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda daim xatırladıqlarını bildirən qonaq dedi ki, institutda 19 nəfərdən ibarət Fəxri doktorlar klubu yaradılmışdır. İnstitut fəxr edir ki, həmin 19 nəfərdən biri də siyasi xadim və dövlət xadimi kimi dünyada məşhur olan Prezident İlham Əliyevdir. Fəxri doktorlar klubunun üzvlərindən yalnız Prezident İlham Əliyev MDBMİ-nin məzunudur.
Anatoli Torkunov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının təsis etdiyi mükafatı - bu ali məktəbin inkişafındakı xidmətlərinə və diplomatik kadrların hazırlanmasına töhfələrə görə medalı, habelə MDBMİ-nin Məzunlar Assosiasiyasının idarə heyətinin mükafatını - elmi-siyasi və biznes fəaliyyətində yüksək nəticələr əldə etmiş insanlar üçün Qızıl nişanı Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı mükafatlara görə minnətdarlığını bildirdi.