RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV POLŞA PREZİDENTİ DƏFTƏRXANASININ RƏHBƏRİ VƏZİFƏSİNİ İCRA EDƏN, DÖVLƏT KATİBİ ROBERT DRABANI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Prezident sarayında Polşa Prezidenti Dəftərxanasının rəhbəri vəzifəsini icra edən, dövlət katibi Robert Drabanı qəbul etmişdir.
Robert Draba səmimi qəbula görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi: “Polşa Prezidenti hesab edir ki, Azərbaycan ilə əlaqələrimiz çox yaxşı səviyyədədir və biz münasibətlərimizin daha da inkişaf etdirilməsini istəyirik”. Qonaq Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu vurğuladı. Azərbaycanın dövlət başçısını Polşa Prezidentinin adından öz ölkəsinə rəsmi səfərə dəvət edən Robert Draba bu səfərin ikitərəfli əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq üçün növbəti addım olacağını bildirdi. Sonra Robert Draba Polşa Prezidenti Lex Kaçinskinin məktubunu Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı məktuba və Polşaya rəsmi səfərə dəvətə görə Prezident Lex Kaçinskiyə təşəkkürünü çatdırmağı xahiş etdi. O, Polşa Prezidenti ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, qarşılıqlı səfər və görüşlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, eyni zamanda, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin daha da genişləndirilməsi üçün əhəmiyyətli olduğunu bildirdi.