RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SƏUDİYYƏ ƏRƏBİSTANININ ALİ SOSİAL SIĞORTA TƏŞKİLATININ SƏDRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının Ali Sosial Sığorta Təşkilatının sədri Süleyman əl-Hümayydı qəbul etmişdir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər uğurla inkişaf edir. Ölkələrimizin müxtəlif qurumları arasında təcrübə mübadiləsi, mövcud əlaqələrin daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir və əminəm ki, əməkdaşlığımız bundan sonra da möhkəmlənəcəkdir.
Süleyman əl-Hümayyd Səudiyyə Ərəbistanının Kralı Abdulla ibn Əbdüləziz Al Səudun səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı. Qonaq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayaraq dedi ki, Səudiyyə Ərəbistanı əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsində maraqlıdır. O, bu səfəri müddətində Azərbaycanın müxtəlif bölgələrində olduğunu və ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu söylədi.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralının salamlarına görə minnətdarlığını bildirdi və özünün də salamlarını ona çatdırmağı xahiş etdi.