RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNANISTANIN İNKİŞAF NAZİRİ DİMİTRİS SİUFASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Prezident sarayında Yunanıstanın inkişaf naziri Dimitris Siufasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinin siyasi və iqtisadi sahələrdə genişləndirilməsinin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı Yunanıstanın inkişaf nazirinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Dimitris Siufas Azərbaycan Prezidentinə Yunanıstanın dövlət başçısı Karolos Papulyasın və Baş nazir Konstantinos Karamanlisin salamlarını çatdırdı. Yunanıstanın inkişaf naziri Dimitris Siufas Bakıya səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində çox mühüm, tarixi razılaşmanın imzalandığını bildirərək qeyd etdi ki, bu saziş Azərbaycan-Yunanıstan münasibətlərində yeni imkanlar açacaqdır.
Prezident İlham Əliyev Yunanıstan Prezidenti Karolos Papulyasın və Baş nazir Konstantinos Karamanlisin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Yunanıstanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.