RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ DÜNYADA ÇOX BÖYÜK NÜFUZA MALİK MİXAEL ZUKKOV FONDUNUN ALİ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Azərbaycanda təbiəti mühafizə sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Prezident İlham Əliyevə Almaniyanın dünyada çox böyük nüfuza malik Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunmuşdur.
Bu münasibətlə noyabrın 15-də “Hyatt-Regensy” hotelinin “Quba” zalında keçirilən təqdimat mərasimində fondun idarə heyətinin üzvü Martin Oppenbrinq çıxış edərək təşkilatın fəaliyyəti, onun yaradıcısı və sədri Mixael Zukkov barədə məlumat verdi. O dedi ki, Mixael Zukkov 35 ildir həyatını və ömrünü təbiətə, insanlara həsr edir. 1997-ci ildə xidmətlərinə görə İsveç parlamenti onu alternativ Nobel mükafatına layiq görmüşdür. Qonaq bildirdi ki, Azərbaycan biomüxtəlifliyə görə dünyanın ən nadir bölgələrindən biridir və bu fondun maraq göstərdiyi ölkələrdəndir.
Mərasimdə çıxış edən fondun sədri Mixael Zukkov ilk dəfə 30 il bundan əvvəl Azərbaycana gəldiyini söylədi, Qobustan qayaları ilə tanışlıq zamanı respublikamızı qədim insan məskəni və əsrarəngiz təbiəti olan bir diyar kimi tanıdığını bildirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra 1990-cı illərin ortalarında ölkəmizə yenidən gəldiyini vurğulayan Zukkov ümummilli lider ilə görüşdüyünü və Prezident Heydər Əliyevdə ətraf mühitin mühafizəsi ilə bağlı son dərəcə maraqlı fikirlərin olduğunu diqqətə çatdırdı. O, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını Azərbaycanda bu sahədə atılan ən mühüm addım kimi dəyərləndirdi və dedi ki, məhz Heydər Əliyevin müdrik və düzgün siyasəti nəticəsində Azərbaycanda milli parkların və qoruqların yaradılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Keçid dövrü yaşayan ölkələrin heç birində Azərbaycandakı qədər uğurlar qazanılmadığını xatırladan natiq dedi: demək olar ki, bu sahədə Azərbaycan liderdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə toxunan Mixael Zukkov son üç ildə qəbul olunan proqramların ekologiya və ətraf mühit üçün son dərəcə əhəmiyyətli olduğunu söylədi. O dedi ki, əgər 2003-cü ilə qədər xüsusi mühafizə olunan ərazilər 5 faiz təşkil edirdisə, Prezident İlham Əliyevin qətiyyətli səyləri nəticəsində Azərbaycanda xüsusi mühafizə olunan obyektlərin sahəsi ölkə ərazisinin 8 faizinə çatmışdır. Ölkənin müxtəlif regionlarında 6 milli park yaradılmışdır. Yaxın gələcəkdə yaradılacaq yeni milli parkları nəzərə alsaq, onda Azərbaycan ərazisinin 12 faizi təbii irs kimi qorunub saxlanacaqdır. Bu, çox böyük göstəricidir.
Sonra “Azərbaycanın mühafizə olunan təbiəti” adlı film nümayiş etdirildi.
Fondun prezidenti Mixael Zukkov ətraf mühitin mühafizəsi ilə bağlı göstərdiyi xidmətlərə görə fondun ali mükafatını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.