AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Görüş çox konstruktiv şəraitdə keçdi. Bir neçə saat ərzində münaqişə ilə bağlı müxtəlif məsələlər və onun aradan qaldırılması yolları müzakirə olundu. Minsk qrupu həmsədrlərinin iştirakı ilə xarici işlər nazirlərinin görüşlərinin müntəzəm formatda keçirilməsi faktını mən də müsbət qiymətləndirirəm. Bu, müsbət cəhətdir. Xüsusən ona görə ki, bu görüşlərdə çox fəal fikir mübadiləsi aparılır və münaqişənin həlli yolları axtarılır. Astanada prezidentlər səviyyəsində görüşümüz əvvəlcədən planlaşdırılmışdı. Nazirlər səviyyəsində danışıqlara müəyyən yekun vuruldu, habelə münaqişənin həlli ilə bağlı məsələlərin geniş spektri müzakirə edildi. Jurnalistlər həmişə böyük maraq göstərirlər, biz isə çox yayğın ifadələrlə kifayətlənməyə məcburuq. Bugünkü gün də istisna deyildir. Hesab edirəm ki, siz bizi başa düşürsünüz. Məsələ son dərəcə mühüm olduğuna görə, indi onun haqqında daha geniş danışmaq tezdir. Mən hesab edirəm ki, vəziyyətin sonrakı inkişafı məsələnin həlli yolu ilə irəliləməyə kömək edə bilər. Sağ olun.
ROBERT KOÇARYAN: Mən, sadəcə, əlavə edərdim ki, zənnimcə, Rusiya Prezidenti ilə görüş maraqlı keçdi. Fikir mübadiləsi maraqlı oldu.
İLHAM ƏLİYEV: Bəli, həmin görüşdə iştirak etməyə vaxt tapdığı üçün biz Rusiya Prezidentinə minnətdarlığımızı bildirdik. Əlbəttə, belə görüşlər faydalıdır. Sağ olun.