AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən Rusiya Prezidentini ölkəmizdə yenidən salamlamağa şadam. Ölkələrimiz arasında çox yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyət, çox sıx əlaqələr mövcuddur. Münasibətlər yüksək dərəcədə dinamikliyi ilə xarakterizə edilir. Prezidentlər səviyyəsində müntəzəm görüşlər keçirilir ki, bu da münasibətlərimizin xarakterini əks etdirir və ölkələrimizi daha da yaxınlaşdırır.
Biz hamımız Prezident Medvedevin düz bir il əvvəl Azərbaycana rəsmi səfərini çox yaxşı xatırlayırıq. Yüksək qiymətləndiririk ki, bu, Prezident kimi Dmitri Anatolyeviçin ilk rəsmi səfərlərindən biri idi və həmin səfər çərçivəsində imzalanmış sənədlər bu gün yerinə yetirilir. Dostluq və strateji əməkdaşlıq haqqında müqavilə uğurla yerinə yetirilir və bu gün imzalanmış sənədlər son bir il müddətində əldə etdiklərimizin məntiqi davamıdır.
Bizim aramızda bir neçə görüş olmuşdur və onların hər biri çox mühüm idi. Biz həm bu gün və həm də gələcəkdə münasibətlərimizin xarakterini və regional prosesləri xeyli dərəcədə müəyyənləşdirən qərarlar qəbul etmişik.
İqtisadi planda müxtəlif layihələr də uğurla həyata keçirilir. Dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar əmtəə dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bunun dinamikliyi, strukturu deməyə imkan verir ki, bu müvəqqəti hal tezliklə aradan qaldırılacaqdır. Həm də, bu gün imzalanmış sənədləri nəzərə almaqla inanıram ki, növbəti ildə biz əmtəə dövriyyəsinin kəskin surətdə artacağını görəcəyik.
Biz humanitar sahədə əməkdaşlığın inkişaf etməsindən çox məmnunuq. Bu sahə ölkələrimiz üçün çox mühüm əhəmiyyətə malikdir. Biz öz tərəfimizdən hər şeyi etməyə çalışırıq ki, bu sahədə əməkdaşlıq ölkələrimiz arasında həm siyasi və həm də iqtisadi münasibətlərə həmişə uyğun gəlsin. Şadam ki, bu baş verir.
Bu gün biz qaz sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı zəmin yaratdıq. Bu gün “Qazprom” və ARDNŞ arasında münasibətlərimizdə yeni səhifə açan müqavilə imzalamışıq. Hesab edirəm ki, bu əməkdaşlıq çox uğurlu, qarşılıqlı faydalı olacaq, Rusiya və Azərbaycanın maraqlarını tam təmin edəcəkdir. Təməli qoyulan bu işlərin, bu təşəbbüslərin uğurla həyata keçirilməsi, təbii ki, ölkələrimiz arasında energetika sahəsində genişmiqyaslı əməkdaşlıqdan çox asılı olacaqdır. Bu, neft, qaz və həm də elektroenergetikadır və bütün bu istiqamətlərdə yaxşı nəticələr vardır.
Bu gün imzalanmış müqavilə energetika üzrə münasibətlərimizin yeni istiqamətidir. Qaz amilinin regionda və dünyada vacibliyini nəzərə alaraq, hesab edirəm ki, imzalanmış müqavilənin mühümlüyü xüsusi şərh tələb etmir.
Bu gün ölkələrimiz arasında sərhədin yekun delimitasiyası işində də mühüm addım atdıq. Bundan sonra bu istiqamətdə irəliləyəcəyimiz və müqavilələrin imzalanmasına imkan verən prinsiplər razılaşdırılmışdır. Ümumiyyətlə mən münasibətlərimizin inkişafından çox razıyam.
Rusiya və Azərbaycan arasında münasibətlər barədə çox danışmaq olar. Bu gün geniş formatın yalnız bir hissəsi müzakirə edildi və biz mühüm razılaşmaya nail olduq.
Təbii, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə etdik. Biz Rusiyaya və şəxsən onun Prezidentinə münaqişənin nizama salınması prosesində fəal iştiraka görə çox minnətdarıq. Bu ayın əvvəllərində Peterburqda Rusiya Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüş əminəm ki, danışıqların davam etdirilməsi üçün yaxşı mühit yaratmışdır. Biz vasitəçi kimi, Azərbaycanın qonşusu kimi bu mürəkkəb məsələnin nizama salınmasında Rusiyanın gələcəkdə də fəal iştirakına ümid bəsləyirik.
Bir daha bu gün keçirilmiş görüşlər və imzalanmış sənədlərə, həm də bütövlükdə ölkələrimiz arasında münasibətlərə görə məmnunluğumu ifadə etmək istəyirəm.
Əminəm ki, gələcəkdə onlar uğurla inkişaf edəcəkdir.
Sağ olun.
######
