AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN OĞUZ RAYONUNA SƏFƏRİ
OĞUZ-QƏBƏLƏ-BAKI SU KƏMƏRİNİN TƏMƏLİ QOYULMUŞDUR
![]() |
![]() |
![]() |
![]() |
Dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Buraya toplaşan və əllərində Azərbaycanın dövlət bayraqları, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri, xalqımızın ümummilli liderinin müdrik kəlamları yazılmış transparantlar olan minlərlə sakin dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladı.
Prezident əvvəlcə Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi ilə tanış oldu.
“Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev, Türkiyənin “Tekser İnşaat, Sənaye və Ticarət” Anonim Şirkətinin prezidenti Mete Yalçın, “Gəncə Körpü-Tikinti-2” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Aqibət Məmmədov Prezident İlham Əliyevə məlumat verərək bildirdilər ki, Almaniyanın “CES Consulting Engineers” şirkəti texniki-iqtisadi əsaslandırmanı və layihə sənədlərini hazırlamışdır. Podratçı şirkət isə Türkiyənin “Hazinadaroğlu”, “Tekser” və Gəncə “Körpü Hüquqi Şəxslər Birliyi”dir. Tikinti 420 günə başa çatdırılacaqdır. Təkcə layihənin özünə ayrılan xərclər təqribən 142,1 milyon ABŞ dolları olacaqdır. Layihənin ümumi dəyəri isə 3 müqavilə ilə birlikdə, bütün vergilər daxil olmaqla, 480 milyon manatdır. Kəmərin çəkilməsində Sumqayıtdakı “Azkompozit” zavodunda istehsal olunan borulardan istifadə ediləcəkdir. 500 nəfərdən çox adamın çalışacağı tikintidə işçilərin 90-95 faizi Azərbaycan vətəndaşları olacaqdır. Su kəmərinin ümumi uzunluğu 267 kilometr, diametri 2 metr, məhsuldarlığı isə saniyədə 5 kubmetr olacaqdır.
Dövlətimizin başçısı suötürücü qovşağın və su kəmərinin qurğuları layihəsi, qazılacaq istismar quyularının konstruksiyası, su kəmərinin şərti sxemi, təzyiqnizamlayıcı qurğular, Oğuz suqəbuledici qurğular kompleksinin baş planı, eləcə də Abşeron qurğular kompleksinin baş planı və su kəmərinin marşrutunun profili ilə tanış oldu. Bildirildi ki, Bakı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün çəkiləcək bu kəmərin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Suyun mənbəyində, yəni başlanğıc nöqtəsində hündürlük dəniz səviyyəsindən 410 metr, Bakıda son nöqtədə - Yeni Yasamal ərazisində isə 110 metrdir. Ona görə də su öz təzyiqi ilə nəql olunacaqdır. Yolboyu təzyiqnizamlayıcı qurğular quraşdırılacaq, tutumu 10 min kubmetr olan iki su anbarı tikiləcəkdir. Hansısa fövqəladə hal baş verərsə, Müşfiqabad qəsəbəsində yerləşəcək yolüstü su anbarından suyu subölüşdürücü qurğular vasitəsilə Ceyranbatan su anbarına yönəltmək mümkün olacaqdır. Bu məqsədlə əlavə boru xətti çəkiləcəkdir. Su kəmərinin marşrutu 12 çaydan keçir, 8 yerdə avtomobil və 2 dəmir yolu ilə kəsişir. Kəmərdə SCADA tipli nəzarət sistemi yaradılacaq, suyun nəqlində elektrik enerjisindən istifadə olunmayacaqdır.
Prezident İlham Əliyev layihə ilə tanışlıqdan sonra gilizi təmələ qoydu və beton qarışığını tökdü.
Sonra bu münasibətlə təntənəli mərasim keçirildi.
Mərasimi rayon icra hakimiyyətinin başçısı Kamil Rəhimov açdı.