Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ

Martın 23-də, dövlət başçılarının təkbətək görüşü başa çatdıqdan sonra “Durmen” iqamətgahının konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov arasında geniş tərkibdə görüş olmuşdur.

Prezident İlham Əliyevi Özbəkistan torpağında salamlamaqdan, səmimi hörmət və ehtiramını ifadə etməkdən böyük məmnunluq duyduğunu bildirən Özbəkistan Prezidenti İSLAM KƏRİMOV dedi:

-Biz Azərbaycanın yeni Prezidentinin Özbəkistana dövlət səfərini ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında və dərinləşməsində mühüm mərhələ kimi qiymətləndiririk. Zənnimcə, xalqlarımız arasında qarşılıqlı münasibətlərin, yaxınlığın, əsrlərin dərinliklərinə gedib çıxan köklərindən, hətta milli adət və ənənələrimizin, dil və mədəniyyətimizin ümumiliyindən danışmağa lüzum yoxdur. Bu gün sübuta ehtiyac yoxdur ki, ölkələrimiz arasındakı belə yaxınlıq və hörmət münasibətlərimizi qarşılıqlı etimad və qarşılıqlı yardım əsasında qurmaq üçün əlverişli, nadir imkan yaradır.

Bu imkandan istifadə edərək, təkcə öz adımdan deyil, həm də bütün ictimaiyyətimiz və xalqımız adından atanız Heydər Əlirza oğlu Əliyevə çox dərin hörmət hissləri bəslədiyimizi bildirmək istərdim. Onu Özbəkistanda görkəmli şəxsiyyət kimi, bütün ömrünü, tükənməz enerjisini və təkrarolunmaz istedadını öz vətəninə, öz xalqına həsr etmiş insan kimi tanıyırlar. Heydər Əliyev Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin inkişafı və möhkəmlənməsi üçün çox işlər görmüşdür. Onu mübaliğəsiz olaraq müasir Azərbaycanın memarı adlandırmaq olar. O, öz ölkəsini, xalqını dirçəltdi, çox ağır sınaqlardan çıxartdı, Azərbaycanı dünya meydanına çıxarmaq üçün lazımi baza yaratdı.

İlham Heydəroviç, zənnimcə, Heydər Əliyeviçin apardığı siyasətin prinsiplərinə Sizin sadiqliyiniz Özbəkistanda bizə, ictimaiyyətimizə, xalqımıza belə bir böyük inam təlqin edir ki, Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin gözəl perspektivləri var və biz bu yolla cəsarətlə gedə bilərik.

Hörmətli dostlar, Özbəkistan Azərbaycanı regionda və müasir dünyada özünün mühüm tərəfdaşı hesab edir. Azərbaycanın coğrafi-siyasi və iqtisadi əhəmiyyəti getdikcə artır. Hesab edirik ki, Özbəkistan-Azərbaycan münasibətlərinin böyük potensialı var. Biz sizin ölkənizlə münasibətləri hərtərəfli şəkildə inkişaf etdirmək niyyətindəyik. İlham Heydəroviçlə yenicə başa çatan təkbətək danışıqlarda biz Özbəkistan-Azərbaycan münasibətlərinin vəziyyətini ətraflı müzakirə etdik, Mərkəzi Asiyada, Cənubi Qafqazda vəziyyət barədə fikir mübadiləsi apardıq, iri regional layihələrin həyata keçirilməsinin perspektivlərini, o cümlədən nəqliyyat və energetika məsələlərini nəzərdən keçirdik. Biz müzakirə edilən bütün əsas məsələlər barədə razılığa gələ və beynəlxalq meydanda prinsipial mövqelərimizi və qarşılıqlı fəaliyyətimizi razılaşdıra bildik. Biz belə bir ümumi rəyə gəldik ki, postsovet məkanında və bütün dünyada baş verən mürəkkəb və birmənalı olmayan proseslər şəraitində ölkələrimizin xarici siyasət xətlərini əlaqələndirməyin xüsusi əhəmiyyəti var. Biz razılığa gəldik ki, yüksək səviyyədə müntəzəm siyasi məsləhətləşmələr praktikasını davam etdirəcəyik. Ölkələrimiz beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və dini ekstremizm ilə qətiyyətli mübarizə aparılması məsələsində prinsipial mövqe tuturlar. Daşkənd və Bakı bu transmilli təhdidlərə qarşı durmaq üçün istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsindən ötrü xeyli siyasi ehtiyatlara malikdir.

Beynəlxalq terrorizmlə mübarizənin indiki şəraitində radikalizm və ekstremizm ideologiyası ilə mübarizə, mütərəqqi, tolerant İslamın dəyərlərinin dəstəklənməsi məsələləri xüsusilə aktualdır. Bütün dünyada hamılıqla tanınmış böyük mədəni potensiala malik olan Özbəkistan və Azərbaycan bu vəzifələrin həyata keçirilməsində güclü rol oynaya bilərlər. Qlobal antiterror tədbirlərinin fəal iştirakçıları olan Daşkənd və Bakı Əfqanıstanda vəziyyətin tezliklə sabitləşdirilməsinə və onun iqtisadiyyatının dirçəldilməsinə tərəfdardırlar. Məlum olduğu kimi, Özbəkistan bu ölkənin sosial-iqtisadi bərpasında yaxından iştirak edir, Kabilin beynəlxalq layihələrə cəlb olunmasına çalışır. Biz Azərbaycanla bu istiqamətdə əməkdaşlığa ümid bəsləyirik.

Transəfqanıstan beynəlxalq dəhlizinin gerçəkləşməsi bütün regionun, o cümlədən Cənubi Qafqaz ölkələrinin gələcəyi üçün həm mühüm iqtisadi, həm də strateji əhəmiyyətə malik olacaqdır.

Prezident İlham Əliyevlə hər iki tərəfi narahat edən məsələləri, ilk növbədə, iqtisadi əməkdaşlığın vəziyyətini, həcmini, - ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsinin qeyri-qənaətbəxş olmasını nəzərdə tuturam, - müzakirə edərkən biz belə bir yekdil fikrə gəldik ki, bu məsələdə kommunikasiyalarla bağlı ciddi problemlər vardır. Kommunikasiyalar məsələsi həll edilməmişsə, necə tiracət əlaqəsi saxlamaq, əmtəə dövriyyəsinin həcmini artırmaq olar. Bu, ilk növbədə, Türkmənistan ərazisi, tranzit məsələsi ilə, gömrük rüsumlarına dair həll olunmamış məsələlərlə, həm Özbəkistanda, həm də Azərbaycanda bəzi məmurların xudbin mülahizələri ilə bağlıdır. Həmin məmurlar bəzən ölkələrimizin milli mənafelərinə zidd mövqe tuturlar. Mən bunu deməyə başqa söz tapa bilmirəm.

Bu baxımdan kommunikasiya məsələlərinin, ilk növbədə, Türkmənistan ərazisindən keçən kommunikasiyalar məsələsinin həlli bizim üçün çox çətin olmuşdur. Lakin hamıya aydındır ki, bu problemləri həll etmək, Türkmənistanla razılığa gəlmək lazımdır ki, biz bir-birimizə daha da yaxın olaq, Azərbaycanla Özbəkistanın bir-birinə daha yaxın olması bizim üçün vacibdir.

Dağlıq Qarabağ məsələsinin Azərbaycan tərəfi üçün nə kimi əhəmiyyəti olduğunu biz başa düşürük. Xüsusi vurğulamaq istəyirəm ki, Özbəkistan Respublikası həmişə bu münaqişənin sülh yolu ilə, siyasi həllinin tərəfdarı kimi çıxış etmişdir və indi də çıxış edir. Birmənalı şəkildə demək istəyirəm ki, münaqişənin nizama salınmasının əsas şərti Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.

Hörmətli dostlar, tiracət-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərkən biz belə bir yekdil fikrə gəldik ki, əmtəə dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Özbəkistanı qane edir. Lakin müəyyən irəliləyişlər vardır və bunlar da elə bu ilin əvvəlindən dəstəklənməlidir. Təkcə yanvar-fevral aylarında Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Bu, 2003-cü ildəkindən çoxdur. Bu göstərici bizi sevindirir və istəyirik ki, bu meyllər daha da sürətlənsin. Bizim hökumət qurumlarımız iqtisadi əməkdaşlığı əlaqələndirməli, istifadə edilməmiş ehtiyatları üzə çıxarmalı və birgə mexanizmləri işə salmalıdırlar.

Biz bilirik ki, Özbəkistan-Azərbaycan hökumətlərarası komissiyası kifayət qədər uğurla fəaliyyət göstərir, lakin bununla belə mən hesab edirəm ki, ən yaxın vaxtlarda gücümüzü toplamalı və İlham Heydəroviçin Özbəkistana səfərindən sonra ticarət münasibətlərinin inkişafı üzrə istiqamətləri dəqiq müəyyənləşdirməliyik. Ötən il ölkələrimiz arasında əmtəə mübadiləsinin 12-13 milyon olması heç bir əndazəyə sığmır. Hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş görüşünün nəticələri bir daha təsdiq etdi ki, iqtisadi münasibətləri inkişaf etdirmək üçün imkanlarımız vardır. Biz ölkələrimizin müəssisələri ilə maliyyə qurumları arasında birbaşa əlaqələr qurmalı, Azərbaycanın bizə sata biləcəyi və bizdən ala biləcəyi məhsulların çeşidinə və nomenklaturasına yenidən baxmalıyıq.

Daşkənddəki Çkalov adına zavodun buraxdığı təyyarələrə Azərbaycanın aviasiya xidmətinin maraq göstərməsi bizi çox sevindirir. Azərbaycanın lizinq şərtləri ilə iki ədəd İL-76 təyyarəsi alması bu istiqamətdə ilk addımdır. Özbəkistanda istehsal edilən minik avtomobillərinin alınmasında da ilk addım atılmışdır. Müvafiq qurumlarımız bu məhsulların təqdimatına ciddi yanaşmalı və məhz Azərbaycan tərəfinin şərtlərini diqqətlə öyrənməlidirlər. Onlar həm bu avtomobilləri satan, həm də onlara xidmət göstərən müvafiq mərkəzlər yarada bilərlər. Azərbaycanın təyyarələrin bizim müəssisələrdə təmir olunmasına və aviatorlar arasında kadr mübadiləsinə maraq göstərməsini alqışlayırıq.

Özbəkistan Azərbaycanın neft–qaz məhsulları, avadanlıq, habelə qara metal və digər məhsullar satışı sahəsində böyük potensialını nəzərə alaraq, onunla əməkdaşlığa böyük maraq göstərir. Biz həm Azərbaycan, həm də Özbəkistan ərazisində müştərək müəssisələr yaratmağı çox istəyirik. Məsələn, Özbəkistanda buraxılan traktorların Azərbaycanda yığılması və sonradan müstəqil müəssisəyə çevrilməsi, eləcə də Bakı zavodunun iştirakı ilə Daşkənddə kondinsionerlər istehsal edən müəssisə yaradılması ideyasını dəstəkləyirik. Biz pambıqçılarımızın əməkdaşlığını da çox vacib hesab edirik. İlham Heydəroviç, mən Sizi belə adlandıranda, az qalır Heydər Əliyeviç deyim, çünki bu ad mənim üçün çox əzizdir, - vaxtilə Özbəkistan kimi, Azərbaycan da pambıqçılığın inkişafı ilə ad çıxarmışdı. Bu gün fəxr edə bilərik ki, ölkəmizdə bu sahə yeni əsasda inkişaf edir. Bizim Liverpul, Nyu-York pambıq birjaları ilə çox yaxın münasibətlərimiz vardır.

Mən daha bir məsələ - TRASEKA nəqliyyat dəhlizinin inkişafında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələsi üzərində dayanmaq istərdim. Biz İlham Heydəroviçlə bu mövzuda danışdıq. Çox vacibdir ki, Avropa qurumları TRASEKA-nın işləməsinin və inkişaf etməsinin əhəmiyyətini başa düşsünlər. Bu yaxınlarda Özbəkistanın təşəbbüsü ilə Əfqanıstan və İranı TRASEKA-nın tərkibinə daxil etməyi qərara almışlar. Bu, bir çox əsrlər ərzində mövcud olmuş Böyük İpək yolunun tam miqyasda fəaliyyət göstərməsi baxımından çox vacibdir. İndi Türkmənistanla bağlı problemlər qalır, odur ki, Qafqaz regionunun Orta Asiya ilə təkcə bu ölkə vasitəsilə birləşməməsi üçün yeni yollar və marşrutlar axtarıb tapmaq barədə düşünmək lazımdır. Biz başa düşməliyik ki, bu vəzifələr ən ciddi səbəblərlə, ilk növbədə, ölkələrimizin mənafelərinin uyğun gəlməsinin zəruriliyi ilə bağlıdır. Təkcə bir misal çəkə bilərəm. Bu gün pambığı Xəzəraşırı yolla satmaq Şimal marşrutu ilə satmaqdan bizə 20 faiz baha başa gəlir. Bundan müvafiq nəticələr çıxarmaq lazımdır. Çünki bazar iqtisadiyyatı ideologiyadan asılı olmayaraq fəaliyyət göstərir. Ona görə də burada biz amirlik edə bilmərik, səmərəli mexanizmlər yaratmalıyıq.

Hörmətli İlham Heydəroviç, Azərbaycan ədəbiyyatını Özbəkistanda tanıyır və sevirlər. Sizin ölkənizdə də Özbəkistan mədəniyyəti və incəsənətinə beləcə hörmətlə yanaşırlar. Bir daha təkrar etmək istəyirəm ki, qədim dövrlərdən bəri xalqlarımız bir-birinə meyl etmişlər. Qarşıdakı əlamətdar hadisə - Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəviyə abidənin, Mədəniyyət Mərkəzinin və səfirliyin yeni binasının açılması buna parlaq sübutdur. Sonda əmin olduğumu bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin Özbəkistana ilk dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm və əlamətdar hadisə olacaq və Özbəkistan-Azərbaycan əməkdaşlığının potensialından xalqlarımızın rifahı naminə istifadə etməyə imkan verəcəkdir. Sağ olun.

Azərbaycan Prezidenti İLHAM ƏLİYEV dost və qardaş Özbəkistana dövlət səfərinə dəvətə görə Prezident İslam Kərimova ürəkdən təşəkkür edərək dedi:

-Bu, Sizin ölkənizə Azərbaycan Prezidenti kimi mənim ilk səfərimdir. Biz bu səfərə, əlaqələrimizə, görüşlərimizə və apardığımız danışıqlarımıza çox böyük əhəmiyyət veririk.

Böyük məmnunluqla vurğulamaq istəyirəm ki, bir saatdan çox çəkən təkbətək görüşümüz böyük inam yaratdı ki, ölkələrimiz, dövlətlərimizin rəhbərləri arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri davam etdiriləcəkdir. Bu baxımdan əməkdaşlığımızın və əlaqələrin dərinləşdirilməsinin alternativi yoxdur. Xalqlarımız əzəldən bir-birinə böyük meyl, rəğbət və məhəbbət göstərmişdir və göstərirlər. Bu hisslər həyatın müxtəlif sahələrində - siyasi münasibətlərdə də, mədəni əlaqələrdə də, məişət səviyyəsində də təzahür etmişdir və edir. Çox mühüm və dəyərlidir ki, Özbəkistan və Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bu münasibətlər qırılmadı, əksinə, özünün daha parlaq inkişafını tapdı. Burada, ilk növbədə, dövlətlərimizin milli liderləri İslam Kərimovun və Heydər Əliyevin çox böyük xidməti var.

İslam Abduqəniyeviç, Azərbaycan xalqının milli lideri Heydər Əliyev haqqında deyilmiş səmimi sözlərə görə Sizə çox minnətdaram. Həqiqətən, onun fəaliyyəti Azərbaycanı dağılmaqdan, bir neçə hissəyə parçalanmaqdan, qarmaqarışıqlıqdan və vətəndaş müharibəsindən xilas etdi. Əlbəttə, Prezident kimi onun Azərbaycana başçılıq etdiyi 10 il xalqımıza çox şey verdi. Azərbaycan dirçəldi, öz dövlətçiliyini, müstəqilliyini, iqtisadiyyatını möhkəmləndirdi və indi bu yolla fəal irəliləməkdə davam edir. Biz Sizinlə bu mövzuda danışdıq və bir daha demək istəyirəm ki, Heydər Əliyevin siyasətinin alternativi yoxdur və bu siyasəti ardıcıl surətdə davam etdirəcəyik.

Azərbaycandan fərqli olaraq, Özbəkistanın bəxti onda gətirdi ki, müstəqillik əldə olunduqdan dərhal sonra bu ölkəyə İslam Kərimov kimi görkəmli dövlət xadimi başçılıq etdi. Sizin fəaliyyətiniz, - bunu təkcə Özbəkistanda deyil, Azərbaycanda da bilirlər, - sayəsində Özbəkistan müstəqilliyin ilk illərində ən mürəkkəb vəziyyətlərdən çıxmağa, bu müstəqilliyi möhkəmlətməyə, dönümsüz etməyə və dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, güclü iqtisadiyyat yaradılması sahəsində genişmiqyaslı dəyişikliklər həyata keçirməyə müvəffəq oldu. Özbək xalqının haqlı olaraq fəxr edə biləcəyi bütün bu nailiyyətlər məhz Sizin fəaliyyətiniz sayəsində qazanılmışdır.

Azərbaycanda vəziyyət bir qədər başqa cür idi. Müstəqillik əldə olunduqdan sonra hakimiyyətə gələn adamlar nəinki ölkəni qarmaqarışıqlığa düçar etdilər, həm də Azərbaycan cəmiyyətinin özünün daxilində yeni qarşıdurma ocaqları yaratdılar və bununla da bütün xalq təsərrüfatı kompleksini tamamilə dağıtdılar. Azərbaycanın xarici siyasətinə də, o cümlədən, xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə də çox böyük ziyan vuruldu. Sonralar münasibətlərimizin bu qara səhifəsini çevirmək üçün illərlə vaxt lazım oldu. İslam Abduqəniyeviç, məhz Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ona nail olmağa imkan verdi ki, həmişəki kimi, bu gün yenə də biz bu qarşılıqlı yardım və dəstək xəttini xalqlarımız və insanlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri əsasında davam etdiririk. Əminəm ki, bu, gələcəkdə də davam etdiriləcəkdir. Biz nəinki ikitərəfli xarakterli bir çox məsələlər, həm də regional məsələlər və dünya məsələləri barədə çox fəal siyasi dialoq, məsləhətləşmələr aparırıq.

Bugünkü fikir mübadilələri göstərdi ki, bu məsələlərdə də mövqelərimiz üst–üstə düşür. Bu, çox vacibdir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın prinsipial mövqeyi də bizim üçün çox vacibdir. Bu münaqişədən neçə illərdir ki, təkcə Azərbaycan yox, həm də bütün region əzab çəkir. Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması, nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın-köçkünə çevrilməsi regional təhlükə və qorxu amilidir. Biz bu məsələdə öz mövqeyini ardıcıl surətdə bildirdiyinə görə Özbəkistana minnətdarıq. Həm də ona görə minnətdarıq ki, Azərbaycan kimi, Özbəkistan da bu məsələnin həllini yalnız ölkəmizin ərazi bütövlüyünün bərpa olunması çərçivəsində görür. Biz bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və əlbəttə, hesab edirik ki, bu münaqişənin nizama salınması yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində mümkündür.

Beynəlxalq terrorizmlə mübarizə ölkələrimizin üzləşdiyi yeni sınaqdır. Azərbaycan erməni terrorizminin qurbanı olmuşdur. Ölkəmizdə onlarca terror aktı törədilmiş, nəticədə iki mindən artıq günahsız adam həlak olmuşdur. Biz bunun necə bəla olduğunu və onunla mübarizənin necə çətin olduğunu bilirik, çünki düşmən göz qabağında deyildir. Beynəlxalq terrorizmlə mübarizədə ölkələrimizin mövqeləri kontekstində bizim birgə fəaliyyətimiz bu bəlanı aradan qaldırmaq üçün son dərəcə vacibdir. Beynəlxalq terrorizmlə səmərəli mübarizənin yeganə zəruri şərti bundan ibarətdir ki, onunla hamılıqla mübarizə aparılsın və məsələyə eyni münasibət olsun. Terror təşkilatları təkcə ölkələrin konkret olaraq hansısa bir qrupuna qarşı çıxış edən qurum deyildir. Biz bu məsələyə eyni mövqedən yanaşmalı və kimin əleyhinə yönəldilməsindən asılı olmayaraq, terrorizmin hər cür forma və təzahürlərini pisləməliyik. Zənn edirəm ki, antiterror tədbirlərinin uğuru xeyli dərəcədə Azərbaycanın və Özbəkistanın prinsipial mövqeyindən asılı olacaqdır.

Hörmətli İslam Abduqəniyeviç, Siz haqlı olaraq qeyd etdiniz ki, belə ciddi qarşılıqlı münasibətlər və qarşılıqlı anlaşmalar fonunda iqtisadi sahədəki əməkdaşlığımız bir qədər geri qalır. Bunun obyektiv səbəbləri vardır və Siz onları dediniz: etibarlı kommunikasiyaların olmaması bu prosesi ləngidir. Təəssüf ki, bu gün, dünyada inteqrasiya prosesi getdiyi, kommunikasiyaların dəstəklənməsinin regional əməkdaşlıq üçün öncül istiqamət olduğu bir vaxtda, dəhlizin bəzi elementləri yoxdur. Biz potensialımızı tam işə salmaq üçün kommunikasiyalara yol tapmaq istiqamətində birgə fəaliyyət göstərəcəyik.

Siz haqlı olaraq bildirdiniz ki, əməkdaşlığımızın böyük potensialı və onun davam etdirilməsi üçün istək vardır. Biz yerüstü nəqliyyat dəhlizi tələb etməyən bütün tədbirləri həyata keçiririk. Siz dediniz ki, Özbəkistanda istehsal olunmuş iki təyyarə alınmışdır. Təəssüf ki, malların və xidmətlərin əksəriyyəti üçün yerüstü nəqliyyat dəhlizi lazımdır. Bu işdə heç də hər şey bizdən asılı deyildir. Lakin zənn edirəm ki, birgə səylərimiz uğurla nəticələnəcəkdir.Şübhəsiz ki, hökumətlərarası komissiya fəaliyyətini gücləndirməlidir. Mən də məmnunluqla qeyd edirəm ki, bu komissiya fəal işləyir və iqtisadi əməkdaşlığın yeni yollarını axtarır. Sovet hakimiyyəti illərində pambıqçılıq sahəsində olmuş ənənəvi əməkdaşlıq indi sahmanlanır və yenidən dirçəldilir. Zənnimcə, Özbəkistan mütəxəssislərinin ölkəmizə gəlməsi çox mühüm amil idi. Ümidvarıq ki, bu, yaxın vaxtlarda öz bəhrəsini verəcəkdir. Biz, bu istiqamətdə birgə layihələr üzərində də işləyirik. Əlbəttə, neft-qaz sahəsi Azərbaycan üçün öncül sahədir, ölkəmizdə bu istiqamətdə böyük uğurlar qazanılmışdır. Azərbaycanı dünya bazarları ilə üç istiqamətdə birləşdirəcək yeni nəqliyyat dəhlizlərinin yaradılması, lazım gələrsə, əlbəttə ki, Özbəkistanın da tam ixtiyarında olacaqdır. Daşımalar və tariflərin aşağı salınması sahəsində vəziyyətin nizamlanması ilə bağlı konkret məsələlər də həll edilməlidir. Sizin təcrübəniz göstərir - yüklərin Azərbaycandan Gürcüstana nəqli üçün tarifin baha olması bir daha təsdiqləyir ki, biz bazar iqtisadiyyatının qanunlarına əməl etməliyik. Müvafiq qurumlarımız da bazar iqtisadiyyatının qanunlarına ciddi yanaşmalıdırlar. Düşünürəm ki, hökumətlərarası komissiya məsələni səmərəli surətdə həll edəcəkdir, özü də, bizim bu istiqamətdə müsbət təcrübəmiz var. Biz tariflərin qaydaya salınması çərçivəsində digər ölkələrlə işləyirik və bu məsələdə razılaşdırılmış siyasətimiz var. Özbəkistan Prezidentinin humanitar sahədə əlaqələrimizin möhkəmləndirilməsinə göstərdiyi böyük diqqətə görə də dərin təşəkkürümü bildirmək istərdim. Nizaminin abidəsinin açılması bir daha sübut edir ki, xalqlarımız arasındakı dostluq və qardaşlıq telləri möhkəmlənir. Hörmətli İslam Abduqəniyeviç, bu addıma görə şəxsən Sizə çox minnətdaram. Nizami Gəncəvinin abidəsinin açılması xalqlarımızın daha da yaxınlaşmasına təkan verəcəkdir. Qonaqpərvərliyə, dəvətə görə də dərin təşəkkürümü bildirmək istərdim. Özbəkistan Azərbaycan üçün nəinki siyasi, iqtisadi baxımdan mühüm ölkədir, həm də bizə mənən çox yaxın ölkədir. Bizi qədim qardaşlıq telləri bağlayır. Mən atamın, Prezident Heydər Əliyevin Özbəkistana, özbək xalqına münasibətini xatırlayıram. Onu Özbəkistanla çox səmimi münasibətlər bağlayırdı və əmin ola bilərsiniz ki, digər bütün sahələrdəki kimi, bu istiqamətdə də Azərbaycan siyasətinin varisliyi təmin olunacaqdır. Belə səmimi qəbula görə bir daha təşəkkür edirəm. Ümidvaram ki, bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə kömək edəcəkdir. Görüşün sonunda Özbəkistan Prezidenti İSLAM KƏRİMOV dövlətimizin başçısına müraciətlə dedi: - Hörmətli İlham Heydəroviç, səmimi sözlərə və Özbəkistana göstərdiyiniz belə hörmətə görə Sizə təşəkkür edirəm. Bir daha demək istəyirəm ki, bizi bağlayan nə varsa, hamısını, münasibətlərimizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə bir-birimizi dəstəkləmək üçün gözəl zəmin yaradan hər şeyi izləsək və götür-qoy etsək, ən başlıcası isə, bir-birimizin həyanlığını daim duymağımız və hiss etməyimiz üçün şərait yaratdığımızı nəzərə alsaq, görərik ki, Azərbaycan ilə Özbəkistan arasında təşəkkül tapan imkanlardan daha əlverişli, nadir imkanlar, sadəcə, yoxdur. Mən bir daha təkrara varmayacağam, lakin bunu lazımınca qiymətləndirməmək və bu imkanlardan istifadə etməmək, zənnimcə, hökumətlərimizin rəhbərləri və üzvləri üçün uzaqgörənlik olmazdı. Hətta deyərdim ki, cinayət olardı. Ona görə də əməli fikir mübadiləsini, söhbəti başa çatdırdıqdan sonra mən öz fikirlərimi rəsmi nümayəndə heyətinin üzvləri ilə bölüşdüm, İlham Əliyevə dedim ki, söhbət zamanı məni bir məsələ maraqlandırırdı: Prezident İlham Əliyevin ikitərəfli münasibətlərimiz və dünya problemləri barədə, üçüncü ölkələrə münasibət barədə rəyi və mövqeyi necədir, ən başlıcası isə, Heydər Əliyevin simasında görməyə və hiss etməyə öyrəşdiyim keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü nə dərəcədə tapmışdır. Bu məsələ məni maraqlandırırdı və bu gün böyük məmnuniyyətlə deyə və fikrimi sizinlə bölüşə bilərəm - qoy burada olanlar, o cümlədən də jurnalistlər bilsinlər ki, mən təkcə varisliyi deyil, həm də Heydər Əliyevin Azərbaycanın lideri və rəhbəri olduğu dövrdə gördüyünüz siyasətin davam etdirildiyini hiss etdim. Mən bundan çox məmnunam və inanıram ki, münasibətlərimizin perspektivləri yaxşı olacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir