RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNBELÇİKA PARLAMENTİ NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ HERMAN DE KROO İLƏ GÖRÜŞÜ
Palatanın sədri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladı.
Prezident İlham Əliyev və Nümayəndələr palatasının sədri Herman de Kroo xatirə şəkli çəkdirdilər.
Dövlətimizin başçısı nümayəndələr palatasının fəxri qonaqlar kitabını imzaladı.
Sonra Nümayəndələr palatasının sədri Herman de Kroonun adından Prezident İlham Əliyevin şərəfinə nahar verildi.
Süfrə arxasında söhbət zamanı cənab Herman de Kroo Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfərinin xüsusi əhəmiyyət daşıdığını bildirərək dedi ki, biz bu səfərə böyük diqqət yetiririk. Azərbaycan Avropa Birliyinin yeni qonşuluq siyasətində fəal iştirak edir.
Palatanın sədri Azərbaycanın enerji təchizatı imkanlarının çox böyük olduğunu, ölkəmizdə şəffaflıq siyasətinin həyata keçirildiyini və sürətli iqtisadi inkişafı xüsusi vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev cənab Herman de Kroonun Bakıya səfərini xatırlatdı, ölkəmizin regionda rolundan, Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən söhbət açdı, iqtisadiyyatımızın Avropa bazarlarına açıq olduğunu bildirdi. Dövlətimizin başçısı dedi ki, yeni qonşuluq siyasəti çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığımız davam edir və bunun praktik nəticələri göz qabağındadır. Avropaya inteqrasiya Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biridir və dəyərlərimizin Avropa dəyərlərinə yaxınlaşmasına yaxından kömək edir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu, regional və bir sıra başqa məsələlər barədə fikir mübadiləsi aparıldı.