AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNİN MÜHAFİZƏ ALAYININ BAYRAĞININ TƏSVİRİ
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 21 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının Bayrağı (bundan sonra - Bayraq) iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə müvafiq) ipək faydan hazırlanmışdır.
Qumaşın üz tərəfində, qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz, qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla «AZƏRBAYCAN UĞRUNDA!» şüarı tikilmişdir. Yazının ümumi uzunluğu 95 sm, hərflərin hündürlüyü 7 sm-dir.
Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ağ ipəkdən tikilmiş, hündürlüyü 48 sm olan emblemi yerləşdirilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla «ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİ» sözləri tikilmişdir. Yazının ümumi uzunluğu 136 sm, hərflərin hündürlüyü 5,5 sm-dir.
Qumaşın aşağı kənar boyu yaşıl zolaqda qızılı rəngli ipək sapla «MÜHAFİZƏ ALAYI» sözləri tikilmişdir. Yazının ümumi uzunluğu 92,5 sm, hərflərin hündürlüyü 8 sm-dir.
Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənərək laklanmışdır, aşağı ucunda metal halqaya, yuxarı ucunda isə qızılı rəngli aypara və səkkizguşəli ulduzdan ibarət fiqurlu ucluğa malikdir.
Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270-285 sm-dir (şəkil əlavə olunur).
######
![]() |
![]() |

