AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN RƏSMİ EMBLEMİNİN TƏSVİRİ
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il «21»noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi emblemi qızılı çalarlı olmaqla, dairəvi şərq qalxanının təsvirindən ibarətdir. Qalxan aşağı hissəsindən hər iki kənarı boyunca mərkəzədək mətinlik və dözümlülük rəmzi olan çarpazlaşdırılmış palıd budaqları ilə haşiyələnmişdir. Qalxanın yuxarı hissəsində iti ucları yuxarı yönəldilmiş aypara və daxilində səkkizguşəli ulduz yerləşdirilmişdir.
Qalxanın üzərində, mərkəzdə qanunları təcəssüm etdirən kitab açıq şəkildə təsvir edilmişdir. Kitabın üzərində, vərəqlərinin birləşdiyi hissədən keçən, düz xətt boyunca şaquli yerləşdirilmiş tiyəsi aşağı baxan qılıncın dəstəyinə ədalət və tarazlıq rəmzi olan tərəzi bərkidilmişdir.
Qılıncın uzunluq və kitabın en ölçüləri qalxanın diametrinin 3/5 hissəsini, tərəzinin eni üzrə ən uzaq nöqtələr arasında məsafə isə qalxanın diametrinin 3/4 hissəsini təşkil edir.
Qalxanın dövrəsinin palıd budaqları ilə örtülməyən, qabartma üsulu ilə haşiyələnmiş yuxarı, görünən ətrafı üzərinə altı düymə bərkidilmişdir.
Emblemin palıd budaqlarının çarpazlandığı aşağı hissəsində qabartma üsulu ilə təsvir olunmuş dalğavari lentin üzərində «ƏDLİYYƏ» sözü həkk edilmişdir.
Palıd budaqlarının qalxanın arxasına keçən uc hissəsi isə budaqların uzunluğunun 1/3 hissəsini təşkil edir.
Emblemin bütün elementləri qabartma üsulu ilə həkk edilmişdir (şəkil əlavə olunur).
######
