SİYASƏT
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Macarıstanda səfərdə olmuşdur
Bakı, 19 iyul (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Seçki Rəsmiləri Assosiasiyasının (ACEEEO) növbəti toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfər etmişdir.
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 16-17-də təşkilata üzv dövlətlərin seçki qurumları rəhbərlərinin iştirakı ilə keçirilən toplantının məqsədi ACEEEO-nun illik konfransı ərəfəsində onun 4 illik fəaliyyət istiqamətləri, strategiyası, prioritet olaraq qəbul etdiyi məsələlər, həyata keçirilmiş layihələr, əldə olunmuş təcrübə və s. kimi məsələlərin müzakirəsi olmuşdur. Eyni zamanda, müzakirələrin nəticələri ilə bağlı qərarların illik konfransda bütün üzv ölkələrin iştirakı ilə müzakirəsi və qəbul edilməsi də diqqət mərkəzində saxlanılmışdır.
Səfər çərçivəsində MSK-nın sədri Məzahir Pənahov ACEEEO-nun baş katibi Jolt Solnoki və digər üzv ölkələrin seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Avropa Seçki Rəsmiləri Assosiasiyası 1991-ci ildə yaradılmışdır və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2002-ci ildən təşkilatın tamhüquqlu üzvüdür.