Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yerin təkindən istifadənin dövlət tənzimlənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə" (əlavə olunur) təsdiq edilsin.

2. "Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları" (əlavə olunur) təsdiq edisin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin

2003-ci il 23 oktyabr tarixli nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və

hərracların keçirilməsi qaydaları və şərtləri haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Bu Əsasnamə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 27 aprel tarixli 701 nömrəli və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" 1999-cu il 13 fevral tarixli 102 nömrəli fərmanlarına uyğun olaraq hazırlanmışdır və yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydalarını və şərtlərini müəyyən edir.

1.2. Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri yer təkinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən müsabiqə və hərraclarda iştirak edə bilərlər.

1.3. Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərraclar "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun, eləcə də bu Əsasnamənin tələblərinə uyğun olaraq öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra Dövlətdağmədəntexnəzarət) tərəfindən keçirilir.

II. Yer təki sahələrinin müsabiqə və hərraca çıxarılması

üçün hazırlanması

2.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Geoloji İnformasiya Fondunda olan materialların təhlili əsasında cari il və perspektiv üçün lisenziyalaşdırma obyektləri kimi maraq doğuran yer təki sahələrinin siyahısını hazırlayır.

2.2. Lisenziyalaşdırılacaq obyektlərin siyahısında aşağıdakılar göstərilir: obyektin adı, onun geoloji cəhətdən öyrənilmə dərəcəsi, qiymətləndirməni (təsdiqi) həyata keçirən orqan və tarix də daxil olmaqla, qiymətləndirilmiş ehtiyatlar barədə məlumatlar, müsabiqənin və hərracın nəzərdə tutulan keçirilmə müddəti, yerin təkindən istifadənin növü, müsabiqənin və ya hərracın növü (açıq və yaxud qapalı).

Yerin təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə istifadəyə veriləcəyi halda, Dövlət Geoloji İnformasiya Fondu Dövlətdağmədəntexnəzarətin sifarişi əsasında mövcud qaydada həmin yer təki sahələri haqqında geoloji informasiyanı hazırlayır və ona təqdim edir.

2.3. Siyahıya daxil edilən lisenziyalaşdırılacaq bütün obyektlər üzrə torpaq sahələrinin ayrılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli orqanların ilkin razılığı alınmalıdır.

2.4. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlətdağmədəntexnəzarət tərəfindən tərtib edilən siyahı əvvəlcədən nümayəndələri müsabiqə (hərrac) ekspert komissiyasında iştirak edən nazirliklər, komitələr, müəssisələr və təşkilatlarla razılaşdırılır.

III. Yer təkinin istifadəyə verilməsi üzrə keçirilən müsabiqə

və hərracların növü

3.1. Yer təkinin istifadəyə verilməsi üzrə keçirilən müsabiqə (hərrac) açıq və ya qapalı elan oluna bilər.

3.2. Açıq müsabiqə (hərrac) yer təki istifadəçilərinin sayı və kateqoriyası üzrə heç bir məhdudiyyət qoyulmadan keçirilir.

3.3. Qapalı müsabiqə (hərrac) aşağıda göstərilən yer təki istifadəçiləri üçün keçirilir:

Azərbaycan Respublikasının müəssisələri;

konversiya proqramını həyata keçirən müdafiə müəssisələri;

radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yer təkinin istifadəsi məqsədilə Azərbaycan Respublikasının dövlət müəssisələri.

IV. Müsabiqə və hərracların şərtlərinin hazırlanması

4.1. Müsabiqə və hərracların şərtləri onların keçirilməsinə qədər hazırlanır və sonradan dəyişdirilə bilməz.

4.2. Faydalı qazıntının növündən və onun istismarının dağ-texniki və ekoloji şəraitindən asılı olaraq aşağıdakılar müsabiqə və yaxud hərracın əsas şərtləri kimi müəyyən edilir:

faydalı qazıntı yatağının istismara cəlb olunma müddəti və lisenziyanın qüvvədə olduğu müddətdə illər üzrə mineral xammalın hasilatının həcmi;

əsas və əlavə faydalı qazıntıların və qiymətli komponentlərin aşkar edilmiş və qiymətləndirilmiş ehtiyatlarının hasilatının tam təmin edilməsi;

ətraf mühitin mühafizəsinə tələblər;

yerin təkindən istifadəyə görə birdəfəlik və mütəmadi ödənişlərin ilkin miqdarı;

istismar ediləcək yatağın yerləşdiyi rayonda yaşayan əhali üçün sosial tədbirlərin keçirilməsinə dair tələblər.

4.3. Lisenziyalaşdırılan yer təki sahələrinin səciyyəvi cəhətləri nəzərə alınaraq keçirilən müsabiqələrin və hərracların şərtləri kimi geoloji kəşfiyyat işlərinin sürəti və intensivliyi, yerli işçi qüvvəsinin cəlb edilməsi qaydası, təhlükəsiz əmək şəraitinə əsas tələblər və sair müəyyən edilə bilər.

4.4. Əgər müsabiqəyə hasilatın pay bölgüsü haqqında saziş əsasında istifadə ediləcək yer təki sahəsi çıxarılırsa, bu halda müsabiqənin şərtlərində həmin sazişin bağlanması üçün əsas göstəricilər və yaxud meyarlar öz əksini tapmalıdır.

4.5. Müsabiqənin (hərracın) şərtləri yerin təkindən istifadənin hər bir obyekti üzrə və yaxud eyni tipli obyektlər qrupu üzrə hazırlanır.

4.6. Yaxın yerləşən yataqlar qrupunun (sahələrin, blokların) birgə istismarı səmərəli olduqda belə qrup yataqlar (sahələr, bloklar) üçün müsabiqənin və hərracın vahid şərtləri hazırlanır.

4.7. Müsabiqə və hərracların keçirilmə müddəti göstərilməklə onun şərtləri yerin təkindən istifadənin növündən asılı olaraq Dövlətgeolkom və yaxud Dövlətdağmənədtexnəzarət tərəfindən tərtib olunaraq təsdiq edilir.

4.8. Yer təki sahələri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə istifadəyə verildiyi halda, müsabiqə və ya hərracın şərtləri faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları ilə müəyyən edilir.

V. Ekspert (müsabiqə, hərrac) komissiyasının formalaşdırılması qaydası

5.1. Keçiriləcək müsabiqə və hərraclar üzrə obyektiv qərar qəbul edilməsi məqsədilə ekspert (müsabiqə, hərrac) komissiyası formalaşdırılır.

5.2. Ekspert (müsabiqə) komissiyasının vəzifəsi müsabiqə iştirakçılarının təqdim etdikləri materialların müsabiqə şərtlərinə uyğunluğunu qiymətləndirməkdən və müsabiqənin qalibini və yaxud qaliblərini müəyyən etməkdən ibarətdir.

5.3. Ekspert (hərrac) komissiyasının vəzifəsi bilavasitə hərracın keçirilməsindən, əgər hərracın keçirilməsi ixtisaslaşdırılmış təşkilata həvalə edilibsə, belə halda hərracın keçirilməsinin müəyyən edilmiş qaydasına riayət olunmasına nəzarətdən ibarətdir.

5.4. Ekspert (müsabiqə, hərrac) komissiyasının tərkibinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanının, Dövlətdağmədəntexnəzarətin nümayəndələri daxil edilirlər. Lazım gəldikdə komissiyanın tərkibinə başqa təşkilatların yüksək ixtisaslı mütəxəssisləri də daxil edilə bilər.

5.5. Ekspert (müsabiqə, hərrac) komissiyasının tərkibi, onun sədri və yaxud həmsədri müsabiqə və ya hərrac keçirən orqanın qərarı ilə təyin olunur.

5.6. Yerin təkindən istifadə edən, yaxud bu istifadəyə iddiaçı olan təşkilatların nümayəndələri ekspert (müsabiqə, hərrac) komissiyasının tərkibinə daxil edilə bilməzlər.

5.7. Keçirilən hər müsabiqə üçün ayrıca ekspert komissiyası formalaşdırılır və müsabiqə başa çatdıqdan sonra o, öz fəaliyyətini dayandırır.

VI. Ekspert (müsabiqə, hərrac) komissiyasının iş qaydası

6.1. Yerin təkindən istifadənin dövlət lisenziyalaşdırma işinin təşkili, yerin təkindən istifadə hüququ almaq üçün keçiriləcək müsabiqə və hərraclarda iştirak etmək istəyən namizədlərin ərizələrinin qəbulu və qeydiyyatı, qeoloji informasiya paketinin formalaşdırılması, reklam və digər fəaliyyət də daxil olmaqla qüvvədə olan qanunvericiliyə görə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlətdağmədəntexnəzarət tərəfindən həyata keçirilir.

Ekspert (müsabiqə, hərrac) komissiyasının fəaliyyəti müsabiqə və hərracların keçirilməsindən əldə edilən vəsaitin hesabına təmin edilir.

6.2. Ekspert (müsabiqə, hərrac) komissiyasının işi komissiya sədrinin və ya həmsədrin növbə ilə rəhbərlik etdiyi iclaslarda həyata keçirilir.

6.3. Komissiyanın iclası onun siyahı sayının yarısından çoxu iştirak etdikdə keçirilir və səlahiyyətli hesab olunur. Hər iclasın nəticəsi komissiyanın sədri və yaxud həmsədri tərəfindən imzalanan müvafiq protokolla rəsmiləşdirilir.

6.4. Keçirilmiş müsabiqənin (hərracın) nəticələri üzrə komissiyanın fəaliyyətinin yekun protokolu qəbul edilmiş qərarla razı olan bütün komissiya üzvləri tərəfindən imzalanır.

Qərar, komissiya üzvlərinin siyahı sayının çoxu tərəfindən (50 faiz üstəgəl bir imza) imzalanarsa qəbul edilmiş hesab edilir.

Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri, öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur.

6.5. Ekspert komissiyası öz fəaliyyətində qüvvədə olan qanunvericiliyi, bu Əsasnaməni, müsabiqənin (hərracın) keçirilməsi şərtlərini, başqa normativ hüquqi aktları rəhbər tutur.

6.6. Komissiyanın sədri (və yaxud həmsədri) müsabiqənin (hərracın) keçirilməsində meydana çıxan mübahisəli məsələlərin həlli üçün və yaxud məsləhətçi kimi müsabiqə və ya hərracı keçirən orqan vasitəsilə yüksək ixtisaslı mütəxəssisləri, o cümlədən xarici ölkələrin mütəxəssislərini cəlb edə bilər.

VII. Ekspert (müsabiqə, hərrac) komissiyasının qərarının həyata

keçirilməsi qaydası

7.1. Ekspert (müsabiqə, hərrac) komissiyası tərəfindən qəbul edilmiş qərar müsabiqə keçirən orqan tərəfindən təsdiq edilir.

7.2. Əgər elan olunmuş müsabiqənin şərtlərinə iki və yaxud çox yerin təkindən istifadə hüququna namizədlərin təqdim etdikləri materiallar cavab verirsə, onda qalibin müəyyən edilməsi haqqında qərar əlavə şərtlər üzrə, müsabiqənin (hərracın) keçirilməsi barədə qərar verən və onun şərtlərini təsdiq edən orqan tərəfindən qəbul edilir. Belə əlavə şərt kimi həmin iddiaçılar arasında hərracın keçirilməsi ola bilər.

Materialları müsabiqənin şərtlərinə cavab verən yerin təkindən istifadə hüququna iddiaçılar yerin təkindən birgə istifadə etmək təklifini verə bilərlər. Onların təkliflərinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada bıxılır.

7.3. Ekspert (müsabiqə, hərrac) komissiyasının təsdiq edilmiş qərarı yerin təkindən istifadəyə lisenziyanın verilməsinə əsas sayılır. Müsabiqənin (hərracın) şərtləri lisenziyaya əlavə olunur.

7.4. Keçirilmiş müsabiqə və hərracın sənədləri onların əsasında verilmiş lisenziyanın surəti ilə birgə lisenziyanı verən orqanda saxlanılır.

7.5. Müsabiqə (hərrac) "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun, yerin təkindən istifadəyə lisenziya verilməsi Qaydalarının və bu Əsasnamənin tələblərinin pozulması ilə keçirildiyi halda, ekspert (müsabiqə, hərrac) komissiyasının qərarı müsabiqə və ya hərracı keçirən orqan tərəfindən etibarsız sayılır və müsabiqə (hərrac) baş tutmamış hesab olunur.

7.6. Müsabiqə (hərrac) baş tutmamış hesab edildikdə yeni tərkibli ekspert komissiyası bir ay müddətində təkrar müsabiqə (hərrac) keçirir. Bu halda əvvəllər elan edilmiş müsabiqə (hərrac) şərtləri və onun iştirakçıların tərkibi dəyişdirilmir və müsabiqənin (hərracın) iştirakçılarından əlavə haqq alınmır.

VIII. Müsabiqə və hərracın keçirilmə mexanizmi

Yerin təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilmə mexanizmi "Tender haqqında" Azərbaycan Respublikası Qanununa və "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi və səhmlər satışı üzrə pullu auksionların (hərracların) keçirilməsi haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin