AZƏRBAYCAN RESPUBLİKASI SEÇKİ MƏCƏLLƏSİNİN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
-qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Seçki Məcəlləsindən irəli gələn digər məsələləri həll etsin.
2.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı, 112-ci, 113-cü və 114-cü maddələrinin tətbiqi ilə əlaqədar prosessual qanunvericiliyə, 115-ci maddəsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə, 116-cı maddəsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini 5 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3.Müəyyən edilsin ki:
-Azərbaycan Respublikası Seçki Məcəlləsinin 96.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
-həmin Məcəllənin 44.2-ci və 44.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
-həmin Məcəllənin 29.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
-həmin Məcəllənin 59.7.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumları həyata keçirirlər;
-həmin Məcəllənin 89.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
-həmin Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası və Azərbaycan Mətbuat Şurası həyata keçirirlər;
-həmin Məcəllənin 88.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir;
-həmin Məcəllənin 35.2-ci, 46.4-cü, 46.5-ci, 46.15-ci, 87.6-cı və 98.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
4.Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2003-cü il