AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DÖVLƏT REGİSTRİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Eyni zamanda, təcrübədə əhali barəsində qanunvericiliklə müəyyən edilmiş məlumatların olmaması və ya qeyri-dəqiq məlumatların olması səbəbindən dövlət siyasətinin müxtəlif sahələrində, ilk növbədə, sosial sahədə və seçkilər kimi mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsində çatışmazlıqlar, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində hüquq pozuntuları və çətinliklər ortaya çıxmışdır.
Bununla əlaqədar qanunla müəyyən edilmiş hallarda ölkə vətəndaşları barəsində müəyyən edilmiş məlumatlar məcmusunun yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Registri yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Registrinin aparıcısıdır;
2.2. Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Registrində Azərbaycan Respublikasının vətəndaşları barəsində onların soyadı, adı, atasının adı, doğulduğu il, ay və gün, ailə vəziyyəti barədə məlumatlar və digər məlumatlar əks olunur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, xarici ölkələrdə əldə edilmiş müsbət təcrübə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla, “Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Registri haqqında” Əsasnamə layihəsini, həmin Registrin tərtib edilməsi, aparılması və istifadə edilməsi, müvafiq məlumatların mühafizə qaydaları da daxil olmaqla, hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası vətəndaşlarının Dövlət Registrinin təşkil edilməsinin və aparılmasının təmin edilməsi üçün təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2004-cü il.