REGİONLAR
“Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanmışdır
Bakı, 13 iyul (AZƏRTAC). Avropa İttifaqı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov demişdir.
Nazir vurğulamışdır ki, layihə əksər beynəlxalq qurumların ekspertləri ilə müzakirə olunmuş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir. Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi ilə Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaranacaqdır.