Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASINDA GÜZƏŞTLİ İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ QAYDALARI Əlavə

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəa

Bu Qaydalar “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli və “Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 22 dekabr tarixli 339 nömrəli fərmanlarına və “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” 2005-ci il 30 avqust tarixli 982 nömrəli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2006-cı il 23 yanvar tarixli 1235 nömrəli sərəncamlarına və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və yaşayış sahəsinin alınması məqsədilə verilən ipoteka kreditləri üzrə güzəştlərin tətbiqi qaydalarını müəyyən edir.

2. İpoteka kreditləri üzrə güzəştlər

2.1. İpoteka kreditləri üzrə güzəştlər yalnız Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (bundan sonra - AİF) tələblərinə uyğun verilən ipoteka kreditlərinə şamil edilir.

2.2. Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manatdan çox ola bilməz.

2.3. Güzəştli ipoteka krediti 3 ildən 30 ilədək verilir.

2.4. Güzəştli ipoteka krediti üzrə illik faiz dərəcəsi 4%-dən çox olmamalıdır.

2.5. İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

2.5.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

- şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

- məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;

- elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;

- idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

2.5.2. üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).

2.6. İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

2.7. Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.

3. İpoteka kreditləri üzrə güzəştlərin verilməsi

3.1. Güzəştli ipoteka krediti almaq istəyən şəxs (Borcalan) müvəkkil kredit təşkilatına müraciət edir və müəyyən olunmuş ümumi qaydada ilkin qiymətləndirmədən keçir.

3.2. Müvəkkil kredit təşkilatına müraciət etmiş Borcalan güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənədləri təqdim etməlidir.

3.3. Müvəkkil kredit təşkilatı AİF-in qayda və tələblərinə uyğun olaraq müraciətə baxır.

3.4. Müvəkkil kredit təşkilatı güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi haqqında qərar qəbul etdiyi təqdirdə, qanunvericiliyə uyğun qaydada güzəştli ipoteka kreditini verir və yenidən maliyyələşdirmə üçün AİF-ə müraciət edir.

4. Yekun müddəa

Bu Qaydalarla həllini tapmamış məsələlər AİF-in qayda və tələbləri ilə, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin