Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLIKASINDA INSAN ALVERINƏ QARŞI MÜBARIZƏ ÜZRƏ MILLI FƏALIYYƏT PLANI

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 6 may tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

AZƏRBAYCAN RESPUBLIKASINDA INSAN ALVERINƏ QARŞI MÜBARIZƏ ÜZRƏ MILLI FƏALIYYƏT PLANI *

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək;

Insan alverinin insan hüquqlarını pozduğunu, insan ləyaqəti ilə bir araya sığmadığını və insanların həyatı üçün ciddi təhlükə yaratdığını nəzərə alaraq;

İnsan alveri ilə bağlı fəaliyyəti qətiyyətlə pisləyərək və ona qarşı səmərəli mübarizəni ən yüksək səviyyədə təşkil etmək niyyətində olaraq;

Insan alverinin qarşısının alınması və onunla mübarizə aparılması sahəsində beynəlxalq səylərdə fəal iştirak edilməsinin və insan alveri qurbanlarının müdafiəsinin təmin edilməsinin zəruriliyini qeyd edərək;

* Müvafiq sərəncamla Milli Fəaliyyət Planı üzrə tədbirlər də təsdiq olunmuşdur.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edildiyini nəzərə alaraq;

Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilən BMT-nin «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasının və onu tamamlayan « Insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması » haqqında Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilən « Insan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında» Brüssel Bəyannaməsinin müddəalarını nəzərə alaraq;

Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planını qəbul edir.

1. Ümumi müddəalar

Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı (bundan sonra “Milli Fəaliyyət Planı”) insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemi təmin etmək məqsədi daşıyır. Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizədə əsas vəzifələri, onların icra edilməsində müxtəlif qurumların (müvafiq icra hakimiyyəti orqanarları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər orqanlar) iştirakını və bu qurumların fəaliyyətinin Milli Koordinator tərəfindən əlaqələndirilməsini nəzərdə tutur. Milli Fəalliyyət Planının səmərəliliyini mümkün dərəcədə artırmaq, o cümlədən insanların təhlükəsizliyini təmin etmək və məlumatları qorumaq məqsədilə Milli Fəaliyyət Planı iştirakçılarının öz vəzifələrini icra etməsi “yalnız zəruri məlumata malik olmaq” prinsipinə əsaslanır. Bu prinsipin tətbiq edilməsi iştirakçıların yalnız səlahiyyətləri daxilində Milli Fəaliyyət Planının icrasında iştirak etməsini təmin edir və Milli Fəaliyyət Planı iştirakçılarının korrupsiyaya məruz qalmasına və insan alveri cinayəti törədən şəxslərin iştirakçılara təsir edə bilməsinə qarşı səmərəli müdafiəni təmin etmək məqsədi daşıyır. Məhz buna görə Milli Faəliyyət Planı “bütün məsələlərdən xəbərdar olan” qurumların yaradılmasını, eyni zamanda insan alverinə qarşı mübarizənin səmərəliliyinə zərər vuran və resursların məqsədsiz istifadə edilməsinə səbəb ola bilən bürökratik idarəçilik vasitələrini istisna edir.

Milli Fəaliyyət Planı insan avlerinə qarşı mübarizədə digər ölkələrin təcrübəsindən istifadə edilməsini, beynəlxalq təşəbbüslərdə iştirak edilməsini, eləcə də insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumları, beynəlxalq təşkilatlar və digər tərəfdaşların əməkdaşlığını nəzərdə tutur.

Milli Fəaliyyət Planı insan alverinə qarşı mübarizənin bütün aspektərini özündə birləşdirən və səmərəli surətdə əlaqələndirilə bilən sistem yaradılmasını müəyyən edir. Milli Fəaliyyət Planını dəstəkləmək niyyətində olan potensial donor tərəfdaşlar göstərəcəkləri konkret yardımın (texniki, fiziki, maliyyə və sair) istifadə ediləcəyi münasib sahələri Milli Koordinator vasitəsilə müəyyən edə bilərlər. Milli Fəaliyyət Planı Milli Koordinatorun ümumi nəzarəti altında müvafiq dövlət və qeyri-hökumət resurslarınının beynəlxalq təşkilatların və digər tərəfdaşların resursları ilə bir araya gətirilməsini və bu mənbələrdən lazımi vəsaitlərin əldə edilməsini nəzərdə tutur.

Milli Fəaliyyət Planının insan alverinə qarşı mübarizədə müəyyən etdiyi əsas tədbirlər qanunvericilik bazasının təkmilləşdirilməsi, Milli Koordinatorun təyin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərikibində İnsan alverinə qarşı xüsusi polis qurumunun (bundan sonra “Xüsusi polis qurumu”) yaradılmasından və insan alveri cinayətinin qurbanlarının və ehtimal olunan qurbanlarının (bundan sonra “qurbanların və ehtimal olunan qurbanların”) müdafiəsinin təmin edilməsindən ibarətdir.

2. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi

Milli Fəaliyyət Planında müəyyən edilən vəzifələrin icrasının təmin edilməsi üçün aşadığa göstərilən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- Azərbaycan Respublikası qanunvericiyinin BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokola və insan alverinə qarşı mübarizə sahəsində digər beynəlxalq sənədlərə uyğunlaşdırılması, o cümlədən bu sənədlərə uyğun olaraq insan alveri əməlinin öz-özlüyündə cinayət kimi tanınması üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi;

- insan alveri cinayəti qurbanlarının zərər çəkmiş şəxs kimi tanınması və onların təhlükəsizliyini və digər hüquqlarını təmin edən normativ hüquqi aktların qəbul edilməsi;

- insan alverinə qarşı mübarizənin əsas prinsiplərinin, onun təşkilinin əsaslarının, insan alverinə qarşı mübarizə aparan orqanların vəzifələrinin müəyyən edilməsi, insan alverinin profilaktikası, bu cinayətlərin qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyası, habelə repatriasiyası və Milli Fəaliyyət Planında göstərilən digər tədbirlərin həyata keçirilməsini təmin etmək üçün İnsan alverinə qarşı mübarizə haqqında qanunun qəbul edilməsi.

3. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi

Milli Fəaliyyət Planının həyata keçirilməsində müxtəlif dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların iştirakı nəzərdə tutulur.

Bu qurumlar arasında fəaliyyətin əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Fəaliyyətin əlaqələndirilməsinin məqsədi Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etməkdir. İnsan alverinə qarşı mübarizənin həyata keçrilməsi üçün Milli Fəaliyyət Planı bir-birini tamamlayan aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

- insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi;

- qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası;

- Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi;

- resursların koordinasiyası.

Milli Fəaliyyət Planı iştirakçılar üçün eyni zamanda müşahidə və qiymətləndirmə rolunu müəyyən edir. Müşahidə və qiymətləndirmənin məqsədi insan alverinə qarşı mübarizədə problemlərin müəyyən edilməsi və bu problemlərin müvafiq qurumların nəzərinə çatdırılmasıdır.

a. İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyəti və bu cinayətlərin təqibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar tərəfindən həyata keçirilir.

Əməliyyat-axtarış fəaliyyəti qurbanların və ehtimal olunan qurbanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını müdafiə etmək məqsədi ilə həyata keçirilir.

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin vəzifələri həmin cinayətlərin qarşısının alınması, bu cinayətləri hazırlayan və ya törətmiş şəxslərin müəyyən edilməsi, insan alveri cinayətlərinin açılması, həmçinin qurbanlardan və ya ehtimal olunan qurbanlardan məlumatlar əldə edilməsindən ibarətdir.

İnsan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alveri cinayəti törətmiş şəxsin ifşa olunması, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin həyata keçirilməsi, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, insan alveri cinayəti törətmiş şəxsə cəza təyin edilməsindən ibarətdir.

İsan alverinə qarşı mübarizə aparan ixtisaslaşmış orqan qismində Xüsusi polis qurumu müəyyən edilir. Digər hüquq mühafizə orqanları insan alveri ilə bağlı hazırlanan cinayətlər haqqında məlumatlar əldə etdiyi təqdirdə təxirəsalınmaz tədbirlər görməklə Xüsusi polis qurumunu dərhal məlumatlandırır və ona lazımi kömək göstərir. Insan alverinə qarşı xüsusi polis qurumu həmçinin telefon yardım xətti, təhlükəsiz sığınacaq və əməkdaşlıq fəaliyyəti üzrə qeyri-hökumət təşkilatları (bundan sonra “QHT”) üçün əlaqə orqanıdır.

Milli Koordinator insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli surətdə həyata keçirilməsi məqsədilə Xüsusi polis qurumu, təhlükəsizlik orqanları, sərhəd xidməti, polis, prokurorluq və digər hüquq mühafizə orqanları, habelə məhkəmələrlə lazımi əlaqələr qurur. Milli Koordinator zəruri hesab etdiyi hallarda digər dövlət və qeyri-hökumət qurumları ilə əlaqələrini genişləndirə bilər. Azərbaycan Respublikasının dövlət və yerli özünüidaraetmə orqanlarının vəzifəli şəxsləri insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara kömək göstərməyə borcludurlar.

Əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlar qurbanların repatriasiyasına qədər olan dövrdə və cəmiyyətə reinteqrasiyası zamanı onların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər.

İnsan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirən orqanlar beynəlxalq və xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər.

b. Qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası

Qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası Milli Koordinatorun əlaqələndirmə fəaliyyəti ilə aşağıdakı qurumlar tərəfindən həyata keçirilir:

- Xüsusi polis qurumu;

- mühafizə funksiyalarını həyata keçirən polis orqanları;

- telefon yardım xətti üzrə QHT-lər;

- təhlükəsiz sığınacaq üzrə QHT-lər;

- əməkdaşlıq fəaliyyəti üzrə QHT-lər;

- beynəlxalq tərəfdaşlar;

- müvafiq icra hakimiyyəti orqanları.

Göstərilən qurumlar bu fəaliyyəti həyata keçirərkən qurbanlar üçün əlaqə vasitələrini (telefon yardım xətti və digər birbaşa təmas vasitələri) və təhlükəsiz sığınacaq daxilində onların təhlükəsizliyini və konfidensiallığını təmin edirlər. Zəruri hallarda bu qurumlar tibbi, psixologi, hüquqi və digər yardımı təmin edirlər.

Bu qurumlar habelə qurbanların reabilitasiyası ilə bağlı müvafiq tədbirləri həyata keçirir və qurbanların, həmçinin şahidlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürlər. Göstərilən vəzifənin icra edilməsinə digər beynəlxalq tərəfdaşlar cəlb edilməklə onların yardımından istifadə edilə bilər.

c. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi

Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi Milli Koordinator tərəfindən həyata keçirilir. Dəstəyin əlaqələndirilməsinin məqsədi beynəlxalq tərəfdaşların köməyi ilə Milli Fəaliyyət Planı iştirakçıları üçün yüksək peşəkar təlimi və praktiki yardımı təmin etməkdir. Bu vəzifənin həyata keçirilməsi həmçinin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi vəsaitləri təmin edəcək və son nəticədə Milli Fəaliyyət Planının davamlılığının və səmərəliliyinin qorunmasına kömək göstərəcəkdir.

ç. Resursların koordinasiyası

Resursların koordinasiyasının məqsədi Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zamanı zəruri ehtiyacları təmin etməkdir. Resursların (informasiya, metodiki, təşkilati, maddi, konsultativ və sair) koordinasiyası Milli Koordinator tərəfindən həyata keçirilir. Milli Koordinator dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların yardımını koordinasiya edir və belə resursların əldə edilməsi üçün onlara müraciət edir.

4. Milli Koordinator

Milli Koordinator Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir və aşağıda göstərilən funksiyaları həyata keçirir:

- Milli Fəaliyyət Planında müəyyən edilmiş vəzifələrin icrası məqsədilə əlaqələndirmə fəalliyyətinin həyata keçirilməsi;

- Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçrilməsində müvafiq iştirakçıların müəyyən edilməsi;

- İnsan alverinə qarşı xüsusi polis qurumunun fəaliyyətinə nəzarət edilməsi;

- Milli Fəaliyyət Planı iştirakçıları ilə mütəmadi əlaqələrin saxlanması və digər orqanlarla əməkdaşlığın təşkil edilməsi;

- Milli Fəaliyyət Planının icrasından irəli gələn tələbatların müəyyən edilməsi və onların həll edilməsi üçün müvafiq tədbirlərin görülməsi;

- Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müvafiq dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların yardımının əlaqələndirilməsi;

- “yalnız zəruri məlumata malik olmaq” prinsipinə riayət etməklə müvafiq orqanların məlumatlarla təmin edilməsi;

- Milli Fəaliyyət Planının icrasından irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə iştirakçıların mütəmadi görüşlərinin təşkil edilməsi;

- insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı məlumatların verilməsi;

- Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzəfilərin icrası üçün digər funksiyaların həyata keçirilməsi.

5. Insan alverinə qarşı xüsusi polis qurumu

Milli Fəaliyyət Planında göstərilən vəzifələrin səmərəli surətdə icrası üçün lazımi təlim keçmiş və müvafiq avadalıqlarla təchiz edilmiş ixtisaslaşmış qurumun yaradılması tələb olunur.

Insan alverinə qarşı xüsusi polis qurumunun yaradılmasına olan ehtiyac aşağıda göstərilən amillərdən irəli gəlir:

- qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin təmin edilməsi;

- qurbanlarla əlaqə və onlara peşəkar yardım göstərilməsi;

- informasiyanın vahid mərkəzdə cəmlənməsi və qorunması;

- insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları və lazımi avadanlıqla təhciz edilmiş polis qurumu tərəfindən həyata keçirilməsi.

Insan alverinə qarşı xüsusi polis qurumunun əməkdaşları əsasən aşağıdakı məsələlər üzrə təlim keçirlər:

- qurbanlardan və digər mənbələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatların, sənədlərin və digər əşyaların əldə edilməsi, təhlili və sübut qismində təqdim edilməsi;

- qurbanlar və ehtimal olunan qurbanların müəyən edilməsi üsulları;

- müəyyən müşahidə üsullarından və texniki vasitələrdən istifadə edilməsi;

- qurbanlar və ehtimal olunan qurbanlarlarla davranış qaydaları.

Insan alveri ilə bağlı cinayət işləri üzrə araşdırma aparılarkən toplanan məlumatların qeydə alınması və istifadəsi üçün vahid məlumat bazası yaradılır.

Insan alverinə qarşı xüsusi polis qurumu birbaşa Milli Koordinatora tabedir.

İnsan alverinə qarşı mübarizə aparan hüquq mühafizə orqanları Xüsusi polis qurumu ilə qarşılıqlı əlaqələrin təmin edilməsi məqsədilə əlaqələndirici qismində fəaliyyət göstərən və insan alveri ilə mübarizə üzrə təlim keçmiş əməkdaşlarını müəyyən edir.

Xüsusi polis qurumu insan alverinə qarşı mübarizə sahəsində xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əlaqələrini Milli Koordinator vasitəsilə qurur.

Xüsusi polis qurumu qurbanların və ehtimal olunan qurbanların müəyyən edilməsi və müdafiə edilməsi ilə yanaşı, həmçinin insan alveri cinayəti üzrə səlahiyyətləri daxilində əməliyyat-axtarış fəaliyyətini və cinayət təqibini həyata keçirir. Şəxsin insan alveri qurbanı olması ehtimal edildikdə, yaxud insan alveri cinayəti törətməsi və ya hazırlaması digər orqanlar tərəfindən aşkar edildikdə, bu barədə Xüsusi polis qurumuna dərhal məlumat verilməli, müvafiq sənədlər ona təqdim edilməli və zəruri kömək göstərilməlidir. Xüsusi polis qurumu qurbanları və ya ehtimal olunan qurbanları təhlükəsiz sığınacaqda yerləşdirir və mühafizə funksiyalarını həyata keçirən polis orqanı ilə birlikdə onların təhlükəsizliyini təmin edir.

6. Təhlükəsiz sığınacaq və telefon yardım xətti

Təhlükəsiz sığınacaqla təmin etmənin məqsədi qurbanları, ehtimal olunan qurbanları, həmçinin şahidləri müdafiə etmək, onlara kömək göstərmək, həmin şəxslərin lazımi ehtiyaclarını təmin etmək və bu şəxslər üçün təhlükəsiz mühit yaratmaqdır. Təhlükəsiz sığınacaq həmçinin reabilitasiya və reinteqrasiya tədbirlərinin həyata keçirilməsi üçün əlverişli şəraiti təmin edir. Eyni zamanda, təhlükəsiz sığınacaq öz repatriasiyasını gözləyən qurbanlar, habelə sübutlar təqdim edən şahidlər üçün təhlükəsiz mühiti təmin edir.

Qurbanların və ehtimal olunan qurbanların təhlükəsiz sığınacaqda yerləşdirilməsi və saxlanılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Təhlükəsiz sığınacaq aşağıda göstərilən şərtlərə cavab verməlidir:

- müvafiq yaşayış şəraitinin olduğu və etibarlı mühafizə edilən bina;

- telefonla danışmaq imkanı;

- tibbi yardım almaq imkanı;

- hüquqi yardım almaq imkanı;

- tərcüməçinin yardımından istifadə etmək imkanı;

- söhbət aparılması üçün ayrıca yer;

- sığınacaqda yerləşdirilən şəxslər barəsində məlumatların məxfi saxlanılması.

Təhlükəsiz sığınacaqla təmin edilən mühitdə Xüsusi polis qurumunun əməkdaşları tərəfindən (zəruri hallarda hüquqi yardım göstərən şəxsin iştirakı ilə) qurbanların və ehtimal olunan qurbanların işinə dair ilkin araşdırma aparılır. Sığınacaq heç bir halda azadlıqdan məhrum etmə yeri hesab edilməməlidir. Şığınacaq və oradakı şəxslərin təhlükəsizliyi Xüsusi polis qurumu və mühafizə funksiyalarını həyata keçirən polis orqanı tərəfindən həyata keçirilir. Sığınacağın təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həyata keçirən şəxslər lazımi təlim keçir. Təhlükəsiz sığınacaqda olan şəxslərlə qurbanlar və ya ehtimal olunan qurbanlar kimi davranılmalıdır. Təhlükəsiz sığınacaqda xidmət və oradakı şəxslərə yardım göstərilməsi xüsusi təlim keçmiş QHT-lər tərəfindən həyata keçirilir.

Telefon yardım xətti insan alveri cinayətinin qurbanlarına və potensial qurbanlarına xidmət edən pulsuz və daim fəaliyyət göstərən əlaqə xidmətini təmin etmək məqsədilə yaradılır. Telefon yardım xəttində işləyən şəxslər Xüsusi polis qurumu ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Telefon yardım xəttində xidmət və bu xəttdən istifadə edən şəxslərə yardım göstərilməsi xüsusi təlim keçmiş QHT-lər tərəfindən həyata keçirilir.

7. Maarifləndirmənin həyata keçirilməsi

İnsan alverinin doğurduğu təhlükələr haqqında ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Maarifləndirmə və məlumatlandırma tədbirlərini həyata keçirən qurumlar insan alverinin, habelə qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə cəmiyyəti hərtərəfli məlumatlandırmaq və maarifləndirmək üçün tədbirlər görürlər. Maarifləndirmə və məlumatlandırma Milli Fəaliyyət Planının bütün iştirakçıları tərəfindən həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin