Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASINDA SƏHİYYƏNİN MALİYYƏLƏŞDİRİLMƏSİ SİSTEMİNİN İSLAHATI VƏ İCBARİ TİBBİ SIĞORTANIN TƏTBİQİ KONSEPSİYASI

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 10 yanvar tarixli Sərəncamı ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq, daim dövlətin diqqət mərkəzindədir.

Son illərdə ölkə iqtisadiyyatında baş verən yüksək inkişaf səhiyyə sahəsinə yönəldilən dövlət xərclərinin əhəmiyyətli surətdə artmasına səbəb olmuşdur. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm dövlət proqramları qəbul edilmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına nail olunmuşdur.

Qeyd olunanlarla yanaşı, səhiyyə sisteminin mövcud maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirmədən əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzuolunan səviyyəyə çatdırılması mümkün deyildir.

Bu baxımdan səhiyyə sistemində islahatların daha da dərinləşdirilməsi, sahənin maliyyələşdirilməsinin yeni əsaslarda qurulması zərurəti yaranmış və mövcud vəziyyət bu Konsepsiyanın qəbul edilməsini şərtləndirmişdir.

I. Səhiyyə sahəsində mövcud vəziyyət və problemlər

Son illərdə Azərbaycan Respublikasının iqtisadiyyatında müşahidə olunan sürətli inkişaf səhiyyə sahəsinə yönəldilən büdcə vəsaitlərinin həcminin əhəmiyyətli səviyyədə artmasına şərait yaratsa da, bu sahədə keyfiyyət göstəricilərinin əsaslı surətdə yaxşılaşdırılmasına hələ də nail olunmamış və əhalinin sağlamlığının möhkəmləndirilməsinə xidmət edəcək yeni səhiyyə modeli yaradılmamışdır.

1992-ci ildən 2003-cü ilə kimi doğum göstəriciləri durmadan aşağı düşmüş, yalnız son illərdə bu proses yaxşılaşmağa başlamışdır.

Ölüm göstəricilərinin nisbi sabit səviyyəsinə baxmayaraq, ayrı-ayrı illərdə ölüm göstəricisində artma halları qeyd olunmuşdur.

Respublika əhalisinin ümumi xəstələnmə göstəricisi 1992-ci ildən hazırkı dövrədək əsaslı surətdə dəyişməmiş və hər 100 min nəfər əhaliyə təqribən 18 min xəstələnmə halı qeydiyyata alınmışdır.

2006-cı ilə olan məlumata əsasən, respublikada əhalinin tibb müəssisələrində çarpayı ilə təmin olunması göstəricisi hər 100 min nəfər əhaliyə 813 çarpayı təşkil etmişdir ki, bu da inkişaf etmiş Avropa ölkələrində mövcud olan göstəricidən (631) artıqdır.

Həkimlərin sayı 30 min nəfəri üstələməklə, hər 100 min nəfər əhaliyə təqribən 365 nəfər təşkil edir. Bu da Avropa ölkələrində olan orta göstəriciyə (352) uyğundur. Bununla yanaşı, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımının keyfiyyət səviyyəsinin və həcminin aşağı olması problem olaraq qalmaqdadır. TəhliIIər göstərir ki, bu, ilk növbədə stasionar və ambulator-poliklinika xidmətləri arasında, ümumi və dar profilli həkimlərin sayları arasında yaranmış uyğunsuzluqla bağlıdır. Belə ki, hazırda ilkin tibbi yardım göstərən dövlət tibb müəssisələri ixtisaslaşmış həkimlərlə tam komplektləşdirilməmişdir.

Son illərdə ilkin tibbi xidmətin bütün ağırlığı stasionar xidmətin üzərinə düşmüşdür. Stasionarlarda yüksəkixtisaslı həkimlərin əksəriyyət təşkil etməsi və müasir diaqnostika üsullarının tətbiqi, praktik olaraq əksər stasionar həkimlərə əhaliyə daha çox ambulator tibbi xidmətinin göstərilməsinə imkan yaratmışdır.

Digər tərəfdən, maddi-texniki bazanın hələ də müasir tələblərə cavab verməməsi, lazımi tibb avadanlığının çatışmaması, pulsuz tibbi yardım təminatının lazımi səviyyədə olmaması ucqar yaşayış məntəqələrində əhalinin ixtisaslaşdırılmış stasionar tibbi xidmət əldə etməsinə maneələr yaradır. Bu sahənin maliyyələşdirilməsi əvvəlki sistemdən miras qalmış üsullara, yəni kəmiyyət göstəricilərinə, ilk növbədə çarpayı fonduna və işçilərin sayına əsaslanmışdır.

Səhiyyə sistemində kadrların ixtisasının və peşəkarlığının artırılması məsələləri də diqqətdən kənarda qalmış, bunun müqabilində isə tibb işçilərinin sayı xeyli artırılmışdır.

Respublikanın ərazisinin 20 faizindən artıq hissəsinin işğal olunması nəticəsində əhalinin miqrasiyası və nizamsız yerdəyişməsi əhalinin tibbi-sanitariya yardımı sahəsində mövcud olan problemlərini daha da dərinləşdirmişdir. Problemlərdən biri də əhalinin tibbi xidmət alması üçün regionlardan paytaxta axınının güclənməsidir.

Beləliklə, yuxarıda göstərilən problemlər səhiyyə infrastrukturunun pisləşməsinə, tibbi xidmətin dəyərinin artmasına və həmin xidmətdən istifadə olunmasında maliyyə çətinliklərinin yaranmasına, onun keyfiyyətinin aşağı səviyyədə olmasına səbəb olmuşdur.

II. Səhiyyənin maliyyələşdirilməsi sisteminin

islahatının əsas məqsədləri və prinsipləri

Səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatının əsas məqsədləri aşağıdakılardır:

- səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulması və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılması;

- səhiyyə sahəsinə ayrılan dövlət vəsaitlərinin daha da səmərəli istifadə edilməsi ilə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;

- əhalinin sağlamlığının yaxşılaşdırılması və orta ömür uzunluğunun artırılması.

Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün islahatların aşağıdakı prinsiplər əsasında həyata keçirilməsi nəzərdə tutulur:

- bütün vətəndaşların baza (əsas xidmətlər) zərfinə daxil olan xidmətlər səviyyəsində pulsuz tibbi xidmətlə təmin edilməsi;

- Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sağlamlığın qorunması hüququnun yerinə yetirilməsi;

- mülkiyyət formasından asılı olmayaraq, tibbi xidmət göstərən hüquqi və fiziki şəxslərə lazımi şəraitin yaradılması.

1. Səhiyyənin maliyyələşdirilməsinin

yeni iqtisadi əsaslarının qurulması

Dövlət səhiyyə xərclərinin əhəmiyyətli dərəcədə artırılması və böyük sərmayə qoyuluşları dövlət səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün əsas tələblərdən biridir. Səhiyyəyə ayrılan dövlət vəsaitlərindən istifadə olunmanın səmərəliliyinin yüksəldilməsinə nail olmaq üçün bu sahədə əsaslı islahatların aparılması mühüm əhəmiyyət kəsb edir. Səhiyyənin maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi və icbari tibbi sığortanın tətbiq olunması səhiyyə islahatlarının əsas istiqamətlərindəndir.

İcbari tibbi sığortanın tətbiq olunması və bu sahədə yeni idarəetmə üsullarının yaradılması Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sistemində hazırkı problemlərin aradan qaldırılmasının ən real yollarından biridir. İcbari tibbi sığorta səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaradılmasına imkan verəcək, səhiyyə resurslarını özündə cəmləşdirməklə, xərclərin daha səmərəli istifadəsi ilə nəticələnəcək və vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi imkanlarını artıracaqdır.

İcbari tibbi sığorta sisteminin tətbiq edilməsi tibbi xidmətlər sahəsində keyfiyyətcə yeni münasibətləri formalaşdıracaqdır. Belə ki, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrinin vətəndaşlara təqdim etdiyi baza zərfinə daxil olan tibbi xidmətlər icbari tibbi sığorta vasitəsilə ödəniləcəkdir.

İcbari tibbi sığorta vəsaitlərinin formalaşdırılması mənbəyini Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, icbari tibbi sığorta haqları və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar təşkil edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli 2592 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dövlət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətlərinin alıcısına çevrilməsi, yəni səhiyyə xidmətlərinin, tibbi profilaktika və reabilitasiyanın maliyyələşdirilməsi üçün bütün ayırmaların bu qurumda cəmləşdirilməsi nəzərdə tutulur. Agentliyin tibbi profilaktika və reabilitasiya müəssisələri ilə münasibətləri müqavilələr əsasında qurulacaqdır.

Ümumilikdə, icbari tibbi sığortanın tətbiq olunması aşağıdakılara yardım edəcəkdir:

- səhiyyənin maliyyələşdirilməsinin yeni mənbəyinin yaradılmasına və səhiyyə sistemi üçün yeni ehtiyatların səfərbər edilməsinə;

- səhiyyə siyasətinin daha yaxşı planlaşdırılmasına, səhiyyə fondlarından daha səmərəli istifadə etmək üçün onların vahid təşkilatda cəmləşdirilməsinə;

- səhiyyə sistemində tənzimləmə, xidmətlərin göstərilməsi və satın alınması funksiyalarının ayrılmasına;

- sistemin şəffaflığının təmin olunmasına.

2. Səhiyyə üçün ayrılan dövlət vəsaitlərinin səmərəli istifadəsi

Əhalinin keyfiyyətli tibbi xidmətlərin əldə etməsində hər hansı əhəmiyyətli dəyişikliyə nail olmaq üçün zəruri şərt səhiyyə sektoru üçün dövlət xərclərinin səmərəli istifadəsidir.

Səhiyyə üçün ayrılan dövlət vəsaitlərinin idarə olunmasının mövcud mexanizminin dəyişdirilməsi, maliyyələşmənin yeni iqtisadi əsaslarının yaradılması icbari tibbi sığorta sisteminin tətbiqi üçün mütləq şərtdir və eyni zamanda, səhiyyəyə ayrılan dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadəsi istiqamətində atılacaq mühüm addımdır.

Müəyyən məqsədlər üçün ayrılmış vəsaitlər konkret nəticələrə əsaslanmış vəzifələrin və fəaliyyət istiqamətlərinin icrasına yönəldilməlidir ki, bu da, həmçinin baza zərfinin optimal səviyyədə müəyyən olunması üçün vacibdir.

Əhaliyə göstərilən tibbi xidmət şərti olaraq iki hissədən ibarət olacaq. Birincisi, dövlət zəmanəti verilən və əhaliyə pulsuz təqdim olunan xidmətlər (baza zərfinə daxil olan xidmətlər). İkincisi, bu xidmətlərdən əlavə digər tibbi xidmətlər.

Baza zərfinə daxil olan xidmətlər ilkin tibbi-sanitar, təcili və təxirəsalınmaz xidmətlər və müəyyən profilli mütəxəssislərin xidmətlərini əhatə edərək, dövlət büdcəsinin və icbari tibbi sığorta haqlarının hesabına maliyyələşdiriləcəkdir. Əlavə xidmətlərin maliyyələşdirilməsi isə əhalinin öz vəsaiti, könüllü tibbi sığorta vəsaitləri və müxtəlif maliyyə yardımları hesabına maliyyələşdiriləcəkdir. Gələcəkdə bu hissələrin qarşılıqlı inteqrasiya olmuş şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Səhiyyəyə ayrılan dövlət xərclərinə və icbari tibbi sığortadan daxil olan vəsaitlərə uyğun olaraq, baza zərfinin müəyyənləşdirilməsi vasitəsilə əsas tibbi xidmətlərin müxtəlif təbəqələr tərəfindən əldə oluna bilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu zərf bütün ilkin və profilaktik xidmətləri, ictimai sağlamlıq tədbirlərini və digər xidmətləri özündə cəmləşdirəcəkdir.

Səhiyyəyə yönəldilən dövlət vəsaitləri o halda yaxşı bölüşdürülmüş hesab olunur ki, bu xərclər əhalinin tibbi ehtiyacları ilə əlaqələndirilsin. Aparılacaq islahat xəstələrin səciyyəvi xüsusiyyətlərini - demoqrafik, epidemioloji, sosial-iqtisadi və digər müvafiq amilləri nəzərə almaqla, səhiyyə xərclərinin adambaşına bölüşdürülməsi prinsipini tətbiq etməyi nəzərdə tutur. Daha sonra ucqar ərazilərdə yaşayan əhaliyə göstərilən xidmətlərin dəyəri nəzərə alınaraq, ehtiyatlar əhalinin sayına müvafiq bölüşdürüləcəkdir.

Səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin pilot rayonların tibb müəssisələrində tətbiqi nəzərdə tutulur. Baza zərfinin dəqiqləşdirilmiş strukturu tibbi xidmətlərin dəyərinin qiymətləndirilməsi üzrə tədqiqatların və baza zərfinin pilot rayonlarda sınaqdan keçirilməsinin nəticələri əsasında müəyyən olunacaqdır.

Mövcud səhiyyə müəssisələri şəbəkəsinin səmərələşdirilməsi və infrastrukturun fəaliyyətinin əsaslı şəkildə yaxşılaşdırılması ilə paralel olaraq, səhiyyə sektoruna investisiyaların yönəldilməsini nəzərdə tutan proqramın işlənib hazırlanması da zəruridir. Bu Konsepsiya səhiyyə infrastrukturunun səmərələşdirilməsi planlarını əhatə edəcək və bütün ölkə üzrə tibb müəssisələrinin modernləşdirilməsinə ayrılacaq dövlət investisiyaları üçün hədəflərin müəyyənləşdirilməsini təmin edəcəkdir.

III. Könüllü tibbi sığorta

İcbari tibbi sığorta ilə yanaşı, tibbi sığorta könüllü formada da həyata keçirilə bilər. KönüIIü tibbi sığorta olunan icbari tibbi sığorta proqramında müəyyənləşdirilmiş tibbi yardımlarla yanaşı, könüllü tibbi sığorta müqaviləsi əsasında əlavə tibbi yardım almaq hüququnu da əldə etmiş olur. Könüllü tibbi sığortada sığorta edənlər - fiziki şəxslər və onların mənafeyini ifadə edən hüquqi şəxslər iştirak edə bilərlər. Bu növ sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir və tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşdırmaya əsasən müəyyən edilir.

IV. Səhiyyə islahatının sosial-iqtisadi nəticələri

Səhiyyə islahatı əhali üçün tibbi xidmətlərin əldə edilməsində bərabər şərtlərin yaradılmasına, əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, Azərbaycanda müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verməlidir.

Səhiyyənin maliyyələşdirilməsi mexanizmlərinin yeni əsaslarla qurulması dövlət vəsaitindən daha səmərəli istifadə olunmasına imkan yaradacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin