RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV FRANSA SENATININ QAFQAZ ÜZRƏ DOSTLUQ QRUPUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR
Baş nazir İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:
-Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Fransa Senatının Qafqaz qrupunun fəaliyyəti bizə bəllidir. Biz bu fəaliyyəti çox yüksək qiymətləndiririk və ölkələrimiz arasında mövcud olan dostluq, mehribanlıq münasibətlərinin formalaşmasında sizin əməyiniz çox böyükdür.
Ümumiyyətlə, ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan və Fransa prezidentləri arasında da dostluq münasibətləri mövcuddur və bu, ölkələrimizi daha da yaxınlaşdırır.
Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir və təbii ki, bu qrupun fəaliyyətində böyük rol oynayır. İstərdik ki, Fransanın Minsk qrupunda rolu bundan sonra da yüksək səviyyədə olsun. Biz bilirik ki, sizin ölkəniz bu məsələnin həllində böyük səy göstərir və bu səy yəqin ki, bundan sonra da davam edəcəkdir. Əlbəttə, bizim böyük ümidlərimiz vardır ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, o cümlədən Fransanın səyləri nəticəsində yaxın zamanlarda bu münaqişəyə son qoyula bilər.
Fransa şirkətləri Azərbaycanda çox geniş fəaliyyət göstərir. Bir çox iri fransız şirkətləri neçə ildir ki, Azərbaycanda bizimlə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlığı çox uğurlu hesab edirik və Fransa şirkətlərinin buradakı fəaliyyətindən çox məmnunuq. İstərdik ki, gələcəkdə bu fəaliyyət daha da genişlənsin.
Nümayəndə heyətinin rəhbəri AMBRUAZ DÜPON səmimi qəbul üçün təşəkkür edərək dedi:
- Biz buraya Fransa Senatının Fransa-Azərbaycan dostluq qrupu çərçivəsində səfərə gəlmişik.
Cənab Baş nazir, Siz Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətini çox yüksək qiymətləndirdiniz. Mən də öz növbəmdə dostluq qruplarının fəaliyyəti barədə danışmaq istərdim. Azərbaycan tərəfindən dostluq qrupuna rəhbərlik edən xanım Gülər Əhmədova bizim qrupu çox yaxşı məlumatlandırır və biz onun fəaliyyətindən çox razıyıq. Eyni zamanda, biz bilirik ki, Azərbaycan hazırda seçkiqabağı dövr yaşayır. Fransa seçkiqabağı prosesləri diqqətlə izləyir və bu seçkilərin keçirilməsinə çox diqqətlə yanaşır.
Qeyd etməliyəm ki, ölkələrimiz arasında dostluq əlaqələri yalnız parlamentlər arasında münasibətlərdən ibarət deyildir. Bu əlaqələr ən yüksək səviyyədə həyata keçirilir. Bildiyiniz kimi, Prezident Jak Şirakla cənab Heydər Əliyev arasında olan dostluq münasibətləri çox yüksək səviyyədədir. Təbii ki, biz atanızın səhhətinin tezliklə yaxşılaşmasını arzulayırıq.
Siz, eyni zamanda, Minsk qrupunun fəaliyyətinə toxundunuz və bu qrupun Ermənistanla Azərbaycan arasında olan münaqişənin aradan qaldırılması sahəsində görə biləcək işlərdən danışdınız. Ermənistanda və Azərbaycanda seçkilərlə əlaqədar münaqişənin həlli prosesi bir qədər dayandırıldı. İnanırıq ki, seçki prosesi başa çatdıqdan sonra Minsk qrupu öz fəaliyyətini yenidən davam etdirəcəkdir. Fransa Prezidenti Jak Şirak, Fransa Senatının sədri Kristian Ponsle bu məsələyə çox diqqətlə yanaşırlar. Cənab Ponsle Cənubi Qafqazın hər üç ölkəsinin parlament sədrlərinin görüşlərini təşkil etmişdir və bu ilin sonuna qədər yeni bir görüş təşkil etmək fikrindədir. Bundan başqa, o, bu ilin sonunda Bakıya səfər edəcəkdir. Bu səfərdən əvvəl o, üç ölkənin parlament sədrləri ilə şəxsən görüşməyi təklif etmişdir. Beləliklə, biz bu münaqişənin həll edilməsi üçün əlimizdən gələn köməyi göstərməyə hazırıq. Bilirik ki, siz də bu problemin tezliklə həll olunmasında maraqlısınız.
Bildiyiniz kimi, dostluq qrupu Azərbaycanla mütəmadi olaraq əlaqələr saxlayır. Bu, iki il ərzində mənim buraya dördüncü səfərimdir. Sonuncu dəfə mən Fransanın dövlət katibi ilə birlikdə ölkənizə səfərə gəlmişdim. Bu səfər iqtisadi məsələlər üzrə müştərək komissiyanın fəaliyyəti ilə bağlı idi.
Deməliyəm ki, biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığa çox mühüm əhəmiyyət veririk. Bu sahədə bağlanmış ikitərəfli saziş bizi çox sevindirir. Eyni zamanda, biz digər sahələrdə əldə olunmuş razılaşmalara da böyük önəm veririk.
Mən ölkələrimiz arasında mövcud olan əməkdaşlığın iki vacib sahəsini vurğulamaq istərdim. Bunlardan birincisi, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafı, yəni, diversikasiyasıdır. Bu, cəmiyyətdə tarazlıq yaradılması üçün çox vacib bir amildir. Bizim əhəmiyyətli hesab etdiyimiz ikinci əməkdaşlıq sahəsi mədəniyyətdir.
Xüsusilə biz burada mədəniyyət mərkəzinin yaradılmasını nəzərdə tuturuq. Bu sahədə iqtisadi inkişaf naziri Fərhad Əliyev bizə çox böyük kömək göstərir. Bunun üçün biz Sizə təşəkkür edirik. Mədəniyyət sahəsində digər bir layihə 2004-cü ilin sentyabr ayında Senatın binasında keçiriləcək rəsm sərgisidir. Bu sərgi vasitəsilə biz Azərbaycan incəsənətini təbliğ etmək məqsədi güdürük.
Mən fərəh hissi ilə demək istəyirəm ki, çox yüksək səviyyəli nümayəndə heyəti ilə yenidən Bakıya gəlmişəm. Onları təqdim etmək istəyirəm. Senator Bertran Oban Fransa müxalifətinin sosialist fraksiyasına daxildir, cənab Andre Düle Senatın xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyasının sədridir. O, bu regiona çox yaxşı bələddir, Mərkəzi Asiyanı və Sizin ölkənizin yerləşdiyi regionu yaxşı tanıyır. Senator Patris Jelar isə Senatın qanunvericilik komissiyası sədrinin birinci müavinidir. Gördüyünüz kimi, nümayəndə heyətimiz bütün sahələri təmsil edir. Təqdim
etdiyim son iki senator parlament çoxluğunu təmsil edən qrupa daxildirlər.
Cənab Baş nazir, bizi qəbul etdiyinizə görə bir daha Sizə təşəkkür edirik. Ölkənizdə olduğumuz iki gün ərzində çox faydalı görüşlər keçirmişik və bundan sonra da müxtəlif nazirlərlə görüşlərimiz olacaqdır. Demək istəyirəm ki, bu səfərlər nəticəsində ölkənizi daha yaxşı tanıyırıq. Məqsədimiz Azərbaycan haqqında məlumatları Fransa ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Ətraflı məlumat üçün Ambruaz Düpona təşəkkürünü bildirən Baş nazir İLHAM ƏLİYEV dedi:
-Mən bilirəm ki, artıq siz neçə gündür ki, ölkəmizdə səfərdəsiniz və hələ bir neçə gün də burada olacaqsınız. Dünən siz Quba şəhərində olmusunuz və hələ digər maraqlı görüşlər də keçirəcəksiniz. Sizə səfərinizin uğurla başa çatmasını arzulayıram.
X X X
Görüşdə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri Gülər Əhmədova, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, Fransanın Bakıdakı səfiri xanım Şantal Puare iştirak edirdilər.