Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 18, maddə 243; 1995-ci il, № 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 385, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 70; 2000-ci il, № 12, maddə 835; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 378, № 11, maddə 674; 2002-ci il, № 1, maddə 4, № 8, maddə 463; 2004-cü il, № 7, maddə 505; 2005-ci il, № 3, maddə 152, № 10, maddə 874; 2006-cı il, № 1, maddə 3, № 2, maddə 64, № 3, maddə 219) 2-ci maddəsinin dördüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.».

II. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 493; 1998-ci il, № 2, maddə 71; 2001-ci il, № 11, maddə 674; 2002-ci il, № 7, maddə 395; 2004-cü il, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64) 11-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

«Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gedə bilər.».

III. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; Azərbaycan Respublikasının 2005-ci il 4 mart tarixli 855-IIQD və 856-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 345-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir.»;

2. 347.2-ci maddədə «xarici vətəndaşlar» sözləri «əcnəbilər» sözü ilə, «göstərilən sənədlər» sözlərindən sonra «, müvafiq icra hakimiyyəti orqanının razılığı» sözləri əlavə edilsin;

3. 347.3-cü maddədə «Xarici vətəndaş» sözləri «Əcnəbi və vətəndaşlığı olmayan şəxs» sözləri ilə, «vətəndaşı olduğu» sözləri «vətəndaşı olduğu (daimi yaşadığı)» sözləri ilə əvəz edilsin;

4. 347.4-cü maddədə «Xarici vətəndaşlar olan övladlığa götürənlərin» sözləri «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin» sözləri ilə əvəz edilsin;

5. 348.1-ci maddədə «İşi məhkəmədə baxılmağa hazırlayarkən» sözləri «Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla işi məhkəmədə baxılmağa hazırlayarkən» sözləri ilə əvəz edilsin;

6. 348.2.5-ci maddədə «götürülməsinə razılığı» sözləri «götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı» sözləri ilə əvəz edilsin;

7. 348.2.7-ci maddədən «, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər» sözləri çıxarılsın;

8. aşağıdakı məzmunda 348.5-ci maddə əlavə edilsin:

«348.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti orqanından razılığa əsas olmuş qəyyumluq və himayəçilik orqanı tərəfindən verilmiş vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədləri və övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını və övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının təqdim etdiyi müvafiq sənədləri tələb edir.»;

9. 349-cu maddədə «mütləq» sözü «, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq» sözləri ilə əvəz edilsin;

10. 350.2-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman övladlığa götürmədən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın saxlanması, tərbiyəsi və təhsili şəraiti barədə məlumatların mütəmadi olaraq övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.»;

11. 350.4-cü maddədə «sonra» sözü «sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına» sözləri ilə, «üçün 3 gün müddətində» sözləri «üçün» sözü ilə, «orqanına göndərilir» sözləri «orqanına, övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir» sözləri ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 2, maddə 66) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 17.3-cü maddə çıxarılsın;

2. 44.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.»;

3. 46.1-ci maddədən «onlardan birinin ərizəsi əsasında» sözləri çıxarılsın;

4. 114.1-ci maddədə «o cümlədən» sözləri «o cümlədən doğum evlərindən,» sözləri ilə əvəz edilsin;

5. 114.2-ci maddədə «uçotunu aparır» sözləri «ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir» sözləri ilə əvəz edilsin;

6. 115.1-ci maddədə «məlumatlara malik» sözlərindən sonra «doğum evləri» sözləri əlavə edilsin;

7. 115.4-cü maddədə «göndərir» sözü «göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir» sözləri ilə əvəz edilsin;

8. 115.5-ci maddədə «uçota alır» sözləri «uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir» sözləri ilə əvəz edilsin;

9. 115.6-cı maddədən «mərkəzləşdirilmiş» sözü çıxarılsın;

10. 117.1-ci maddədə «naminə» sözü «naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra» sözləri ilə əvəz edilsin;

11. 117.5-ci maddədə «qohumları» sözü «qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları)» sözləri ilə əvəz edilsin;

12. 117.6-ci maddədə «mərkəzləşdirilmiş uçota götürüldükdən sonra 3 ay müddətində» sözləri «ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra» sözləri ilə əvəz edilsin;

13. aşağıdakı məzmunda 117.7-ci, 118.7-ci və 118.8-ci maddələr əlavə edilsin:

«117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir.»;

«118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.

118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.»;

14. 122.4-cü maddədə «məhkəməyə» sözü «Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına» sözləri ilə əvəz edilsin;

15. 131.2-ci maddədə «orqanının» sözündən sonra «və müvafiq icra hakimiyyəti orqanının» sözləri əlavə edilsin;

16. 131.4-cü maddədə «göndərməlidir» sözü «uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına göndərməlidir» sözləri ilə əvəz edilsin;

17. aşağıdakı məzmunda 134.13-cü maddə əlavə edilsin:

«134.13. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlərin görülməsi və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Məcəllənin 114-116-cı maddələrinə uyğun olaraq yenidən uçota alınır və müəyyən olunmuş qaydada yerləşdirilir.»;

18. 155.2-ci maddədə «117-119-cu» sözləri «66.6-cı, 117-119-cu» sözləri ilə əvəz edilsin;

19. 155.5-ci maddədə «müəyyən olunmuş qaydada əvvəlcədən müvafiq icazə» sözləri «müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq» sözləri ilə əvəz edilsin;

20. 159.2-ci maddədə «təkrar» sözü «vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında» sözləri ilə əvəz edilsin;

21. 168.1-ci maddədə «50-ci» sözü «53-cü» sözü ilə əvəz edilsin;

22. 179-cu maddədə «Nikahın pozulmasını» sözləri «Ərizə əsasında nikahın pozulmasını» sözləri ilə, «yerdə» sözü «yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə» sözləri ilə əvəz edilsin;

23. 180.2-ci maddədə «, lakin nikahın pozulması haqqında şəhadətnamə alanadək onlardan heç biri yeni nikahı qeyd etdirə bilməz» sözləri «və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər» sözləri ilə əvəz edilsin.

24. 182.2-ci maddə aşağıdakı redaksiyada verilsin;

«182.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alır, 3 gün müddətində bu barədə azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakını idarə edənə məlumat göndərir. Müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsə qəyyum təyin edilməmişdirsə, məlumat fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanına göndərilir. Məlumatda uşaqlar haqqında, ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakın bölgüsü haqqında və ya fəaliyyət qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsinə dair mübahisə olduğu halda onun həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilir.»;

25. 186-cı maddənin əvvəlinə «Ərizə əsasında» sözləri əlavə edilsin, maddədə «və ya atalığın müəyyən edilməsi haqqında» sözləri «, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə» sözləri ilə əvəz edilsin;

26. 195-ci maddədə «3 gündən» sözləri «10 gündən» sözləri ilə əvəz edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin