AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 479; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 241; 2004-cü il, № 2, maddə 57, № 8, maddə 600; 2005-ci il, № 8, maddə 684) preambulasının ikinci hissəsində “sosial sığorta” sözlərindən sonra “, o cümlədən icbari tibbi sığorta” sözləri əlavə edilsin.
II. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 4; 2001-ci il, № 3, maddə 141) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 6-cı maddənin:
1.1. birinci hissəsinin ikinci abzasında “müəyyən etdiyi qaydada” sözlərindən sonra və üçüncü abzasının əvvəlinə “könüllü” sözü əlavə edilsin;
1.2. ikinci hissəsinin ikinci, üçüncü və dördüncü abzasları müvafiq olaraq üçüncü, dördüncü və beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq;”;
1.3. ikinci hissəsinin beşinci abzasında “sığorta haqlarının” sözlərindən əvvəl “könüllü tibbi sığorta müqaviləsi üzrə” sözləri əlavə edilsin;
2. 11-ci maddədə “növünü, həcmini” sözlərindən sonra “(baza zərfini)” sözləri əlavə edilsin.
3. 12-ci maddənin:
3.1. birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Könüllü tibbi sığorta təşkilatı - mülkiyyət formasından asılı olmayaraq, sığorta qanunvericiliyində müəyyən edilmiş tələblərə müvafiq qaydada xüsusi razılığa (lisenziyaya) malik olan və həmin qanunvericiliyə uyğun olaraq könüllü tibbi sığortanı həyata keçirmək səlahiyyəti olan sığortaçıdır.”;
3.2. ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“İcbari tibbi sığorta təşkilatı - icbari tibbi sığortanı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət orqanıdır.”;
3.3. üçüncü hissəsində “Müvafiq icra hakimiyyəti orqanı və tibb” sözləri “Tibb” sözü ilə əvəz edilsin.
4. 14-cü maddənin dördüncü hissəsində “məşğul olan şəxslərin” sözlərindən sonra “könüllü” sözü əlavə edilsin.
5. 16-cı maddənin birinci hissəsi üzrə:
5.1. “sığorta haqqının ödəyiciləri kimi qeydiyyatdan keçməkdən” sözləri “icbari tibbi sığorta müqaviləsinin bağlanmasından” sözləri ilə əvəz edilsin, “müəyyən olunmuş qaydada” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2007-ci il.