AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİ AVİASİYAADMİNİSTRASİYASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
1. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində həyata keçirilən dövlət siyasətinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycan Respublikasının iştirakçısı olduğu mülki aviasiya sahəsində beynəlxalq konvensiyalarının icrasına nəzarətin həyata keçirilməsi səlahiyyətlərinin Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına həvalə olunması barədə İCAO-ya və digər beynəlxalq mülki aviasiya təşkilatlarına müvafiq bildiriş göndərsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Əsasnaməsinin layihəsini, Administrasiyanın strukturu, xərclər smetası və işçilərinin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə olan normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2006-cı il.