İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirməyi planlaşdırır
Bakı, 7 aprel (AZƏRTAC). Buxarestdə keçirilmiş “ZF Enerji” sammitində Rumıniyanın dövlət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən “RomPetrol” “KazMunayGaz”, “Siemens”, “ExxonMobil”, “AzoMureş-Gübrə”, “MOL Romania”, “Electrogroup”, “Smart Group” və digər aparıcı yerli və xarici şirkətlərlə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) bu ölkədəki nümayəndəliyinin təmsilçiləri də iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə şirkətin fəaliyyəti və qazandığı uğurlar, regionda, eləcə də qonşu Türkiyə və Rumıniyada həyata keçirdiyi investisiya layihələri haqqında iştirakçılara məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, qısa müddətdə SOCAR Rumıniya iqtisadiyyatına 20 milyon avro investisiya yatırmışdır. Bu il paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın bir çox bölgəsində SOCAR brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqələrinin (YDM) istifadəyə veriləcəyi də forum iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sammit ərəfəsində Rumıniyanın geniş oxucu kütləsinə malik “Ziarul Financiar” qəzetində SOCAR haqqında geniş məqalə dərc edilmişdir. Məqalədə vurğulanmışdır ki, SOCAR Rumıniyada fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkə bazarında özünə layiqli yer tutmuş və möhkəmlənmişdir. Rumıniyanın şimali-şərqində şirkətin 14 YDM-i istifadəyə verilmişdir. Yaxın vaxtlarda isə Bacau, Focşani və Roman şəhərlərində daha 3 yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır. Gələcəkdə Transilvaniyada və ölkənin cənub regionlarında da müasir standartlara cavab verən yeni YDM-lərin açılması nəzərdə tutulmuşdur.
Məqalədə qeyd edilir ki, SOCAR tərəfindən 2013-cü ildə Rumıniyada ümumilikdə 50 milyon avro dəyərində investisiya qoyuluşu və daha 20 YDM açılması planlaşdırılır.