İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Statoil” şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır
Bakı, 8 aprel (AZƏRTAC). Aprelin 8-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (ARDNŞ) Norveçin “Statoil” şirkəti ilə “Zəfər” və “Məşəl” perspektiv strukturlarının daxil olduğu kəşfiyyat blokunun kəşfiyyatı və işlənməsi layihəsi ilə əlaqədar qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, görüşdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək “Statoil” şirkətinin Norveç ilə Azərbaycan arasında neft və qaz sahəsində geniş əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm rolu olduğunu demişdir.
R.Abdullayev bildirmişdir ki, “Statoil” şirkəti ilə ARDNŞ “AÇG”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələrində də səmərəli tərəfdaşlıq edir.
Sonra R.Abdullayev və “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund Xəzərdə perspektiv strukturların işlənməsi ilə bağlı memorandum imzalanmışdır. Memoranduma əsasən, tərəflər onun imzalandığı gündən etibarən bir il ərzində danışıqlar aparmaq və şərtləri razılaşdırmaq niyyətini bəyan etmişlər.
Diqqətə çatdırılmışdır ki, 643 kvadrat kilometr sahəni əhatə edən “Zəfər” və “Məşəl” strukturları 1961-ci ildə seysmik kəşfiyyat işləri əsasında aşkar olunmuş və Xəzər dənizinin 600-750 metr dərinliyində yerləşir.