Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 6 fevral tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İlisu Milli Parkı (bundan sonra – Milli Park) xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin (Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, trautfetter ağcaqayını, Litvinov tozağacısı, giləmeyvəli qaraçöhrə, Qafqaz quşarmudu, Qafqaz xirniyi, mozalan quşsəhləbi, sarıçiçək səhləb, satirvari steveniella, Avropa vaşağı, qonur ayı, Avropa cüyürü, Qafqaz köpgəri, Şərqi Qafqaz turu, Qafqaz nəcib maralı, Qafqaz tetrası, Qafqaz uları, bərqud, saqqallı kərkəs və s.) qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunmasını, habelə sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionda ekoturizmin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 664 nömrəli Sərəncamı ilə Zaqatala və Qax rayonlarının inzibati ərazilərində yaradılmışdır.

1.2. Milli Park xüsusi ekoloji, bioloji, elmi, tarixi, mədəni və estetik əhəmiyyətə malik təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, dövlət tərəfindən qorunan xüsusi mühafizə olunan təbiət ərazisidir. Milli Parkın idarə edilməsi, mühafizəsi və orada elmi fəaliyyətin təşkili bu məqsədlə yaradılmış idarə (bundan sonra – İdarə) vasitəsilə həyata keçirilir.

1.3. Milli Park öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) normativ hüquqi aktlarını və digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Həmin ərazidə yerləşən torpaq, su, bitki və heyvanlar aləmi Milli Parkın daimi istifadəsinə verilir.

1.5. Milli Parkın ərazisində onun məqsədli təyinatına və mühafizə rejiminə zidd olmayan fəaliyyət növləri İdarə ilə hüquqi və fiziki şəxslər arasında bağlanılmış, dövlət ekoloji ekspertizasından keçirilmiş müqavilələr əsasında yerinə yetirilir.

1.6. Milli Park ərazisinin kənar antropogen təsirlərdən qorunması məqsədilə sanitariya-mühafizə zonası yaradılır. Sanitariya-mühafizə zonasının yaradılması və həmin zonada mühafizə rejimi “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) uyğun olaraq müəyyən edilir.

1.7. İdarə dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. İdarənin xüsusi fondunun formalaşdırılması və istifadəsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

1.9. Milli Parkın pasportu Nazirlik tərəfindən hazırlanır. Pasportda Milli Parkın əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnun qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xüsusiyyətləri, onun ümumi görünüşünün sxemi, qorunan nadir fauna və flora növləri, fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər və digər zəruri məlumatlar əks etdirilir. Pasport Nazirlikdə dövlət qeydiyyatına alınmaqla İdarədə saxlanılır.

1.10. Milli Parkda təbiət qoruğu fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.11. İdarənin müstəqil balansı, Nazirlik tərəfindən verilən dövlət mülkiyyətində olan əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin və Milli Parkın adı həkk edilmiş möhürü, müvafiq blank və ştampları, xəzinə və bank hesabları, bayraq və emblemi vardır.

2. Milli Parkın yaradılmasının məqsədləri

2.1. Milli Parkın yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq;

2.1.2. turizm və rekreasiya üçün şərait yaratmaq;

2.1.3. təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;

2.1.4. əhalini ekoloji cəhətdən maarifləndirmək;

2.1.5. ekoloji monitorinqi həyata keçirmək;

2.1.6. zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.

3. Milli Parkın xüsusi mühafizə rejiminin xüsusiyyətləri

3.1. Milli Parkın ərazisi və obyektləri hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan dövlətinə mənsubdur və özgəninkiləşdirilə bilməz.

3.2. Milli Park ərazisinin fiziki və hüquqi şəxslərin idarəçiliyinə, icarəsinə və ya mülkiyyətinə verilməsi qadağandır.

3.3. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir:

3.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;

3.3.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar;

3.3.3. turizm və rekreasiya zonaları;

3.3.4. turistlərə, elm və maarifləndirmə işləri ilə məşğul olan şəxslərə xidmət göstərilən zonalar;

3.3.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.

3.4. Milli Park ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonalarına bölgüsü Nazirliyin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

3.5. Milli Parkın turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və s.) yol verilir.

3.6. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.

3.7. Milli Parkın ərazisində aşağıdakılar qadağan edilir:

3.7.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət;

3.7.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.7.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması;

3.7.4. kimya sənayesi, metallurgiya, nüvə energetikası və xüsusi ekoloji təhlükə yaradan digər müəssisələrin fəaliyyəti;

3.7.5. Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru və elektrik xətlərinin çəkilməsi və digər kommunikasiyaların tikintisi;

3.7.6. müəyyən olunmuş yerlərdən kənarda dayanacaqların təşkili, çadırlar qurulması və tonqal qalanması;

3.7.7. müəyyən olunmuş yerlərdən və ümumi istifadə olunan quru və su yollarından kənarda mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanması, ev heyvanlarının keçirilməsi;

3.7.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası;

3.7.9. meşələrdə ağacların istifadə üçün qırılması.

3.8. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırılır və ya qadağan edilir.

4. Milli Parkın mühafizəsi

4.1. Milli Parkın mühafizəsini onun mühafizə xidməti həyata keçirir. Bu işə Milli Parkın direktoru və direktorun mühafizə işləri üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər. Milli Parkın mühafizəsi müqavilə əsasında digər ixtisaslaşmış quruma həvalə edilə bilər.

4.2. Milli Parkın mühafizəsini həyata keçirən vəzifəli şəxslər xidməti vəzifələrini yerinə yetirərkən üzərində fərqləndirici nişan olan xüsusi forma geyinirlər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmin şəxslərə xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

4.3. Milli Parkın mühafizə xidməti işçilərinin vəzifələri aşağıdakılardır:

4.3.1. Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92−94-cü maddələrinə uyğun olaraq nəqliyyat vasitələrinə baxış keçirmək, sübut üçün əhəmiyyətli olan əşyaları və sənədləri götürmək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin aşkar edilməsi məqsədilə şəxsi axtarış həyata keçirmək və əşyaları (o cümlədən ov və balıq ovu alətlərini, əldə olunmuş ov məhsullarını) yoxlamaq;

4.3.2. fiziki və hüquqi şəxslərin Milli Parkın ərazisində və onun mühafizə zonasında Qanunun tələblərinə və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq;

4.3.3. Milli Parkın ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozan şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat vermək;

4.3.4. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokol tərtib etmək;

4.3.5. Milli Parkın ərazisində və onun mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq məqsədilə icrası məcburi olan göstərişlər vermək.

4.4. Milli Parkın mühafizə rejiminin pozulmasına görə qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət tədbirləri tətbiq edilir.

4.5. Milli Parka vurulmuş zərər təqsirkar şəxslər tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ətraf mühitin mühafizəsi ilə bağlı normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ödənilir.

5. Milli Parkda elmi tədqiqat fəaliyyəti

5.1. Milli Parkda elmi tədqiqat fəaliyyəti ekoloji vəziyyətin qiymətləndirilməsinə və proqnozlaşdırılmasına, səciyyəvi və nadir təbiət komplekslərinin, o cümlədən biomüxtəlifliyin elmi cəhətdən əsaslandırılmış üsullarla qorunmasına yönəldilir.

5.2. Milli Parkda elmi tədqiqat fəaliyyətini İdarənin strukturuna daxil olan elm bölməsi (şöbəsi) həyata keçirir.

5.3. Milli Parkda elmi tədqiqatlara kənar elmi müəssisə və təşkilatların, habelə mütəxəssislərin cəlb edilməsinə İdarə ilə bağlanılmış müqavilə əsasında yol verilir. Bu halda elmi tədqiqatların aparılması Milli Parkın mühafizə rejiminin tələblərinə və normativ hüquqi aktlara uyğun təmin edilir.

5.4. Milli Parkda elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirlərinin həyata keçirilməsi, habelə ekoloji maarifləndirmə işinin təşkili məqsədilə Şura yaradıla bilər. Şuranın tərkibi və əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Şuraya Milli Parkın direktoru rəhbərlik edir.

5.5. Milli Parkın elmi və herbari fondları yaradılır, onların uçotu aparılır və onlar daimi saxlanılır.

5.6. Milli Parkda aparılan elmi tədqiqat işlərində əldə edilmiş nəticələrdən aşağıdakı məqsədlər üçün istifadə olunur:

5.6.1. heyvan və bitki ehtiyatlarının qorunması, artırılması və onlardan səmərəli istifadə üzrə elmi əsasların işlənib hazırlanması, habelə vəhşi heyvanların sayı optimal normadan artıq olduğu hallarda müvafiq növlərin baytarlıq-sanitariya tələblərinə uyğun olaraq köçürülməsi ilə bağlı elmi əsaslandırmanın hazırlanması;

5.6.2. Milli Parkın ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirlərin, həmçinin təbiət kompleksləri komponentlərinin məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarının işlənib hazırlanması;

5.6.3. Milli Parka bitişik ərazilərdə təbii ehtiyatlardan təsərrüfat məqsədləri üçün istifadənin ekoloji səmərəliliyinin qiymətləndirilməsi və nəticələrin ümumiləşdirilməsi;

5.6.4. ziyanvericilərə və alaq otlarına qarşı mübarizədə ilk növbədə bioloji metodların tətbiqi üzrə elmi-metodiki tövsiyələrin hazırlanması;

5.6.5. su rejimində, torpağın və bitki örtüyünün xassələrində, faunada və florada baş verən dəyişikliklərin səbəblərinin öyrənilməsi və proqnozlaşdırılması;

5.6.6. təbiətdə cərəyan edən proseslər barədə faktiki materialların sistemləşdirilməsi və elmi biliklərin zənginləşdirilməsi;

5.6.7. Milli Parkın hüdudlarından kənar ərazilərdə tətbiq edilə bilən bioekoloji metodların işlənib hazırlanması.

5.7. Elmi tədqiqatların aparılması metodları Milli Parkın mühafizə rejiminin tələblərinə zidd olmamalıdır. Elmi tədqiqat işlərinin nəticələrinin tətbiqi Milli Parkın fəaliyyət planları və normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.

5.8. Milli Parkda elmi tədqiqat işləri və elmi-texniki tədbirlər Nazirlik tərəfindən təsdiq edilmiş illik planlar əsasında həyata keçirilir. Bu sahədə əməkdaşlıq Nazirliyin müəyyən etdiyi qaydada müvafiq profilli elmi müəssisə və təşkilatlar, habelə ali təhsil müəssisələri ilə bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

6. Milli Parkda təsərrüfat fəaliyyəti

6.1. Milli Parkda təsərrüfat fəaliyyəti təbiət və tarix-mədəniyyət obyektlərinin mühafizəsi, saxlanılması və bərpasından, habelə təbiətdə idarə olunan istirahət və turizm tədbirlərinin təşkilindən ibarətdir və Milli Parkın mühafizə rejiminin tələblərinə uyğun olaraq İdarə tərəfindən həyata keçirilir.

6.2. Milli Parkın turizm və rekreasiya zonalarında, habelə turistlərə, elmi və maarifləndirmə fəaliyyəti ilə məşğul olan şəxslərə xidmət göstərilən zonalarda yerləşən binalar, qurğular turizmin və təbiətdə istirahətin inkişafı məqsədilə fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə yalnız İdarə ilə bağlanılmış müqavilələr əsasında verilə bilər.

6.3. Bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulan zonalarda mehmanxanaların (hotellərin), mehmanxana tipli obyektlərin və turistlərin müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş digər yerləşmə vasitələrinin tikintisi, yenidən qurulması və istifadəsi, habelə əhalinin istirahəti məqsədilə əsaslı tikinti və ya ətraf mühitə əhəmiyyətli təsir göstərə bilən digər şəraitin yaradılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Qanuna, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarə ilə fiziki və hüquqi şəxslər arasında bağlanılmış və dövlət ekoloji ekspertizasından keçirilmiş müqavilələr əsasında təmin olunur. Ətraf mühitə əhəmiyyətli təsir göstərməyən, tikinti aparılmasını nəzərdə tutmayan, müvəqqəti və ya mövsümi xarakter daşıyan istirahət və rekreasiya fəaliyyəti isə İdarə ilə bağlanılmış müqavilə və ya verilmiş icazə əsasında, dövlət ekoloji ekspertizası tələb olunmadan, lakin ekoloji tələblərə riayət edilməklə həyata keçirilir.

6.4. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

6.5. Bu Əsasnamənin 6.4-cü bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğuların və avadanlığın dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair Nazirlik tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq dəyişiklik edilir.

6.6. Bu Əsasnamənin 6.4-cü bəndində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

6.7. Bu Əsasnamənin 6.4-cü bəndində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həll olunur.

6.8. Milli Parkın təsərrüfat-istehsalat zonalarında yerləşən binalar, qurğular və digər infrastruktur obyektləri Milli Parkın fəaliyyətinin təmin edilməsi, idarə olunması, mühafizəsi, elmi tədqiqat, maarifləndirmə, texniki və xidmət məqsədləri üçün, habelə Milli Parkın mühafizə rejiminə zidd olmayan məhdud təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslərə icarəyə və ya istifadəyə yalnız İdarə ilə bağlanılmış müqavilələr əsasında verilə bilər.

7. Milli Parkın mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti

Milli Parkın vəziyyətinə, onun mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin icrasına, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Nazirlik həyata keçirir.

8. Milli Parkın fəaliyyətinin təşkili

8.1. Milli Parkın idarə edilməsi, mühafizəsi və orada elmi fəaliyyətin təşkili məqsədilə Nazirlik tərəfindən İdarə yaradılır. İdarənin əsasnaməsi, strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

8.2. Milli Parka, habelə İdarəyə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor (bundan sonra – direktor) rəhbərlik edir. Direktor Milli Parkın və İdarənin fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

8.3. Direktorun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 (iki) müavini vardır. Direktorun müavinləri direktor tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına görə cavabdehdirlər. Direktor müvəqqəti olmadıqda müvafiq əmrlə müavinlərindən biri onu əvəz edir.

8.4. Direktor aşağıdakı səlahiyyətlərə malikdir:

8.4.1. Milli Parkın və İdarənin işinə ümumi rəhbərliyi həyata keçirir və onların fəaliyyətində normativ hüquqi aktların tələblərinə əməl olunmasını təmin edir;

8.4.2. təbiəti mühafizə, elmi tədqiqat planlarının və biotexniki planların layihələrinin hazırlanmasını təşkil edir, təsdiq edildikdən sonra onların yerinə yetirilməsini təmin edir;

8.4.3. Milli Parkda elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir;

8.4.4. Milli Parkda elmi tədqiqat işləri üzrə planların, tapşırıqların yerinə yetirilməsinin gedişi haqqında struktur bölmələrinin və ayrı-ayrı işçilərin hesabatlarını dinləyir;

8.4.5. İdarənin ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, kadrların əlavə təhsili istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada tədbirlər görür;

8.4.6. Milli Parkın mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir;

8.4.7. Milli Parkın maddi-texniki təminatı ilə bağlı tədbirləri təşkil edir;

8.4.8. Milli Parkı və İdarəni təmsil edir, İdarə adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

8.4.9. Milli Parkın Şurasının fəaliyyətinə rəhbərlik edir;

8.4.10. Milli Parkın işçilərini (direktor müavinləri istisna olmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

8.4.11. Milli Parkın və İdarənin fəaliyyəti ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir.

8.5. İdarənin işçiləri Milli Parkın rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə xidmətinin işçilərinə kömək edirlər.

8.6. Milli Parkın təbiət ərazilərindən və obyektlərindən ödənişli istifadə Qanuna uyğun olaraq tətbiq edilir.

8.7. Milli Parkın fəaliyyəti, mühafizəsi və inkişafı ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İdarə tərəfindən baxılır və nəticəsi barədə müraciət müəllifinə yazılı, o cümlədən elektron qaydada məlumat verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin