Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12 maddə 973; 2005-ci il, №1 maddələr 5, 6, №2 maddə 61, №4 maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68; №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8 maddə 757, №10 maddələr 935, 936, 938, 940; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 423-IIIQD, 424-IIIQD nömrəli, 9 oktyabr tarixli 430-IIIQD nömrəli, 19 oktyabr tarixli 452-IIIQD, 461-IIIQD nömrəli, 23 oktyabr tarixli 464-IIIQD nömrəli, 6 noyabr tarixli 475-IIIQD, 478-IIIQD, 481-IIIQD nömrəli, 7 dekabr tarixli 502-IIIQD, 508-IIIQD və 509-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 157-ci, 257-ci və 257-3-cü maddələr çıxarılsın.

2. 247-1-ci maddənin adında “qanunvericiliyin” sözündən sonra “, hesabat və məlumatların təqdim edilməsi qaydalarının” sözləri əlavə edilsin, dispozisiyasında “(konsolidə edilmiş) maliyyə hesabatlarının” sözlərindən sonra “və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların” sözləri əlavə edilsin, “qanuna” sözü “qanunvericiliyə” sözü ilə əvəz edilsin, “təqdim olunması” sözlərindən sonra, “, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin” sözləri əlavə edilsin.

3. 253-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 253. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı

məlumatların verilməsi

Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”.

4. 253-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 253-1. İcbari sığorta müqaviləsinin bağlanmaması

İcbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on misli miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”.

5. Aşağıdakı məzmunda 253-2-ci maddə əlavə edilsin:

“Maddə 253-2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların

aparılmaması

Sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”.

6. 254-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 254. Sığorta növünün qanunsuz aparılması

Sığortaçılar tərəfindən hər hansı sığorta növünün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icazə almadan aparılmasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz iyirmi mislindən yüz altmış mislinədək miqdarda cərimə edilir.”.

7. 255-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 255. Sığorta qanunvericiliyinin aktuarilər, müstəqil

ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində

yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı

tələblərinin pozulması

Aktuarilər, müstəqil ekspertlər, müstəqil auditorlar və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta qanunvericiliyində onların fəaliyyəti ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.”.

8. Aşağıdakı məzmunda 255-1-ci, 255-2-ci, 255-3-cü maddələr əlavə edilsin:

“Maddə 255-1. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş

təqdimatların vaxtında və tam yerinə yetirilməməsi

Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən beş mislinədək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarında cərimə edilir.

Maddə 255-2. Sığorta nəzarətinin həyata keçirilməsinin

maliyyələşdirilməsi üçün müəyyən edilmiş

ayırmaların aparılmaması

Sığorta nəzarəti orqanının sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

Maddə 255-3. Müvafiq məlumatların verilməməsi

Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.”.

9. 257-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 257-1. Azərbaycan Respublikasının ərazisində yerləşən və

ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak

mənafelərinin xaricdə sığorta və təkrarsığorta

etdirilməsi

Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin fiziki və hüquqi şəxslər tərəfindən xarici sığortaçılarda sığorta etdirilməsinə, həmçinin belə risklərin qanunvericilikdə müəyyən edilməmiş qaydada sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerləri tərəfindən xaricdə təkrarsığorta etdirilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən otuz beş mislinədək miqdarında, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək miqdarında, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz əlli mislinədək miqdarında cərimə edilir.”.

10. Aşağıdakı məzmunda 257-5-ci maddə əlavə edilsin:

“Maddə 257-5. Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb

etdiyi məlumatların banklar tərəfindən təqdim

olunmaması

Sığorta nəzarəti orqanının qanuna uyğun olaraq tələb etdiyi məlumatların banklar tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin on min mislindən on beş min mislinədək miqdarda cərimə edilir.”.

II.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin