Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
II HİSSƏ

Maddə 932. Sığorta ödənişi barədə qərarın təxirə salınması

Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs barəsində, digər hallarda isə sığortalı və ya sığorta olunan barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.

Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları

933.1. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:

933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;

933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

933.1.3. qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir.

Maddə 934. Sığorta ödənişinin gecikdirilməsinin nəticəsi

Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

935.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:

935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilmədikdə;

935.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;

935.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;

935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;

935.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu Məcəllənin 925.5.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;

935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;

935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

935.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

935.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;

935.1.10. icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.

935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.

Maddə 936. Subroqasiya hüququ

936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.

§4. Sığorta vasitəçiliyi

Maddə 937. Sığorta münasibətlərində sığorta vasitəçilərinin iştirakı

937.1. Sığorta (təkrarsığorta) müqaviləsi tərəflər arasında həm birbaşa, həm də sığorta vasitəçilərinin - sığorta agentlərinin və ya sığorta brokerlərinin xidmətindən istifadə etməklə bağlana bilər.

937.2. Sığortaçı aşağıdakı sığorta əməliyyatlarında onun adından çıxış edən sığorta agentinin vasitəçilik xidmətlərindən istifadə edə bilər:

937.2.1. sığorta müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;

937.2.2. sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması.

937.3. Sığorta brokeri sığortalını (təkrarsığortalını) sığortaçı (təkrarsığortaçı) ilə münasibətlərdə təmsil etməklə aşağıdakı sığorta əməliyyatlarında vasitəçilik edə bilər:

937.3.1. sığorta (təkrarsığorta) müqavilələrinin bağlanması və bununla əlaqədar sövdələşmələrin aparılması;

937.3.2. sığorta (təkrarsığorta) müqavilələrinin davam etdirilməsi və ya yenilənməsi ilə bağlı sövdələşmələrin aparılması;

937.3.3. sığorta (təkrarsığorta) müqavilələrinin həyata keçirilməsi, o cümlədən sığorta (təkrarsığorta) tələbləri və sığorta ödənişləri üzrə sövdələşmələrin aparılması və (və ya) məsləhətlərin verilməsi.

Maddə 938. Sığorta və ya təkrarsığorta müqavilələrinin sığorta

vasitəçiliyi ilə bağlanması

938.1. Sığorta müqaviləsi sığorta agenti vasitəsilə bağlandıqda, sığorta agenti müqaviləni həmin sığortaçının adından yalnız onun yazılı qaydada verdiyi səlahiyyət əsasında imzalaya bilər.

938.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda, müqavilə sığortaçı və sığortalı tərəfindən və ya sığortalının (təkrarsığortalının) yazılı qaydada verdiyi səlahiyyət əsasında sığorta brokeri tərəfindən imzalana bilər.

938.3. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta vasitəçiliyi ilə bağlandıqda, həmin müqavilədə müvafiq olaraq sığorta agentinin və ya sığorta brokerinin adı, (fiziki şəxsdirsə, həmçinin soyadı) və ünvanı göstərilməlidir.

Maddə 939. Sığorta brokerinin sığorta müqaviləsinin tərəflərini

sənədlərlə təmin etməsi

939.1. Sığorta brokeri onun vasitəsilə bağlanan sığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 3 gün müddətində sığortalını həmin müqavilənin nüsxəsi və (və ya) müvafiq sığorta şəhadətnaməsi ilə, bu mümkün olmadıqda isə, müvafiq sığorta müqaviləsinin nüsxəsinin, yaxud sığorta şəhadətnaməsinin sığortalıya verilməsinədək qüvvədə olan, bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.

939.2. Sığorta brokeri onun vasitəsilə bağlanan təkrarsığorta müqaviləsini tərəflərdən sonuncusunun imzaladığı tarixdən etibarən 10 gün müddətində təkrarsığortalını müvafiq təkrarsığorta müqaviləsinin nüsxəsi və ya bu Məcəllənin 940-cı maddəsində nəzərdə tutulmuş təminat şəhadətnaməsi ilə təmin etməlidir.

939.3. Sığorta brokeri vasitəsilə bağlanan sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçı (təkrarsığortaçı) həmin müqavilə üzrə istənilən məlumatı sığorta brokerindən tələb edə bilər.

Maddə 940. Təminat şəhadətnaməsi

940.1. Təminat şəhadətnaməsi sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta risklərinin yerləşdirilməsini təsdiq edən sənəddir.

940.2. Təminat şəhadətnaməsində aşağıdakılar göstərilməlidir:

940.2.1. sığorta (təkrarsığorta) müqaviləsi üzrə riskləri qəbul edən və ya bölüşən sığortaçının (təkrarsığortaçının) tam adı və ünvanı;

940.2.2. sığortalının (təkrarsığortalının) tam adı və ünvanı;

940.2.3. sığorta müqaviləsinin qüvvədə olduğu müddət və ərazi;

940.2.4. sığorta (təkrarsığorta) müqaviləsi üzrə təminat verilən sığorta riskləri;

940.2.5. sığortaçının (təkrarsığortaçının) qəbul etdiyi və ya bölüşdüyü sığorta və ya təkrarsığorta riskinə uyğun olan sığorta (təkrarsığorta) məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə, yaxud hər bir sığorta olunana münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı;

940.2.6. sığorta (təkrarsığorta) haqqının ümumi və hər bir sığorta predmeti üzrə məbləği və ödənilməsi qaydası.

940.3. Sığorta riski bir neçə sığortaçıda (təkrarsığortaçıda) yerləşdirildikdə, bu Məcəllənin 940.2.3-940.2.6-cı maddələrində nəzərdə tutulmuş məlumatlar hər bir sığortaçıya (təkrarsığortaçıya) münasibətdə ayrılıqda göstərilməlidir.

Maddə 941. Sığorta vasitəçilərinin sığorta haqqı və sığorta ödənişlərinin

ödənilməsində iştirakı

941.1. Sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər.

941.2. Sığorta (təkrarsığorta) müqaviləsi sığorta brokeri vasitəsilə bağlandıqda, onunla sığortalı (təkrarsığortalı) və (və ya) sığortaçı (təkrarsığortaçı) arasında bağlanmış vasitəçilik xidməti üzrə müqavilədən asılı olaraq, sığortalı (təkrarsığortalı) sığorta (təkrarsığorta) haqqını sığortaçıya (təkrarsığortaçıya) birbaşa, yaxud sığorta brokeri vasitəsilə ödəyə bilər.

941.3. Sığorta (təkrarsığorta) haqqı sığorta brokerinə daxil olduğu andan müvafiq sığorta (təkarsığorta) müqaviləsi üzrə ödənilmiş hesab edilir.

941.4. Sığorta brokeri ona sığorta (təkrarsığorta) haqqı kimi ödənilən pul vəsaitlərini “sığorta haqqı hesabı” kimi müəyyən edilən digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortaçıya (təkrarsığortaçıya) ödənilmək məqsədi ilə saxlayır və bu vəsaitləri digər məqsədlər üçün istifadə edə bilməz.

941.5. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqlarını sığortaçı (təkrarsığortaçı) ilə razılaşdırılmış müddətdə gecikdirmədən təyinatı üzrə həmin sığortaçıya (təkrarsığortaçıya) ötürməlidir.

941.6. Sığorta vasitəçisi ilə sığortaçı (təkrarsığortaçı) arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komissiya və ya muzd məbləği sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.6-cı maddəsində nəzərdə tutulmuş qaydada ötürülməsi zamanı, sığorta (təkrarsığorta) haqqından çıxıla bilər.

941.7. Sığorta brokeri sığortaçı (təkrarsığortaçı) tərəfindən sığorta ödənişləri ilə bağlı ona ödənilən pul vəsaitlərini “sığorta ödənişi hesabı” kimi müəyyən edilən, digər hesablardan ayrı və fərqli olan bank hesabında sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürülmək məqsədi ilə saxlayır və bu vəsaiti digər məqsədlər üçün istifadə edə bilməz.

941.8. Sığorta brokeri bu Məcəllənin 941.7-ci maddəsində nəzərdə tutulmuş vəsaitləri sığorta ödənişi hesabına daxil olduğu tarixdən etibarən 3 gündən gec olmayaraq, müvafiq sığortalıya (təkrarsığortalıya) və ya faydalanan şəxsə ötürməlidir.

Maddə 942. Sığorta vasitəçilərinin sığortalı və ya təkrarsığortalı

qarşısında subsidiar öhdəliyi

Sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının (təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta (təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik daşıyır”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin