Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318; 2004-cü il, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007-ci il, №2, maddə 80; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 246.4-cü və 246.5-ci maddələr əlavə edilsin:

“246.4. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər.

246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.”.

2. 247.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“247.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir.”.

3. 248.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“248.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarından məhkəməyə şikayət verildikdə, bu Məcəllənin 246.4-cü maddəsində nəzərdə tutulan müddətlərin axımı dayandırılır.”.

4. 248.2-ci maddədə “göndərildiyi gündən” sözlərindən sonra “, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən” sözləri əlavə edilsin.

5. 249.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“249.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi sahənin alınması haqqında bu Məcəllənin 246.1-ci maddəsinə müvafiq qərar qəbul edildiyi andan bu Məcəllənin 246.4-cü maddəsinə əsasən sahəni azad edənə qədər sahəyə sahibliyi və ondan təyinatına uyğun istifadəni həyata keçirə bilər.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin